Rusiya həm Laçın yolu, həm də Ağdam-Xankəndi trası fəaliyyət göstərməklə Qarabağın erməni əhalinin yaşadığı hissəsinə kommunikasiyaların açılması təklifini irəli sürüb, lakin Ermənistan tərəfi bu razılaşmanı pozub.
Bu barədə bu gün Rusiyanın «КоммерсантЪ» qəzeti dövlət qurumlarındakı mənbələrə istinadən bildirib.
Moskvada vəziyyəti çox mürəkkəb qiymətləndirirlər və hesab edirlər ki, Bakı güzəştə getməyəcək, Rusiya nəşri yazır.
"Vəziyyəti birtəhər sakitləşdirməklə bağlı bizim, qərblilərin, beynəlxalq təşkilatların cəhdləri heç bir nəticə vermir. Bakı geriyə addım atmır", - regiondakı vəziyyətlə tanış olan mənbə bildirib. Eyni zamanda, o qeyd edib ki, separatçılar da "inad edirlər".
Bununla belə, mənbə hesab edir ki, Ağdamdan keçən yol sonda açılacaq.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi varianta əvvəlcə həm Azərbaycan tərəfi, həm də qarabağlılar razılaşıblar. Onun mahiyyəti bundan ibarət idi ki, Ağdam yolu açılsın və lazım olan hər şey Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə daşınsın.
Moskvanın təklifinə əsasən həmin yerdə hərəkət başlayandan bir gün sonra Laçın dəhlizində də hərəkət bərpa edildi. "Bu variant yüksək hazırlıq dərəcəsində idi", - mənbə deyib.
Lakin onun sözlərinə görə, separatçılar "Laçının 24 saatdan sonra yox, dərhal açılması" şərtini irəli sürüblər, sonra Qarabağ ermənilərinin rəhbərliyi bəyan edib ki, Ağdam vasitəsilə Azərbaycan malları daşınmamalıdır, "sonra isə Vaqif Xaçatryanla qalmaqal baş verib", - Rusiya nəşri yazır. Nəticədə kompromis əldə edilməyib. ("Turan")
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi təyin edilib.
Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantajdan başqa bir şey olmadığını göstərib.

Şərhlər
Bakının irəli addıçları da görünmür.Dazili auditoriya üçün yazılar yazmaqdan ,baş qatmaq cəhdindən
o yana keçmir.