Tver vilayətinin səmasında vurulan Yevgeni Priqojinin təyyarəsində olanların kimliyi barədə maraqlı məlumatlar dərc edilib.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Dosye” portalının jurnalistləri təyyarənin göyərtəsində Yevgeni Priqojinlə bərabər uçan “sərnişinlərin” bioqrafiyası və fəaliyyəti barədə əldə etdikləri məlumatları açıqlayıblar.
Məlum olub ki, həlak olanların ikisi Priqojinin ən yaxın adamlarıdır – Dmitri Utkin və Valeri Çekalov.
Utkin məşhur “Vaqner” ləqəbli komandirdir və o, bu özəl hərbi şirkət yaranandan Priqojinin “sağ əli” sayılıb.

Faşist, nasist baxışları ilə seçilən Utkin “Vaqner” muzdlularının hərbi hazırlığı ilə məşğul olub və onlara birbaşa rəhbərlik edib. Onun hətta Priqojinə “Hayl Petroviç” (nasistlərin müraciət forması-red.) deyə müraciət etdiyi bildirilir.
Valeri Çekalov isə Priqojinin biznesini idarə edən iş adamı kimi tanınıb. O, hələ 2000-ci illərdən Priqojinin “Konkord” şirkətinin əsas meneceri və idarəçisi kimi çalışıb. Bu iş adamı Priqojinin şirkətinin Moskva məktəblərini və Rusiya ordusunu ərzaqla təmin edən, nəticədə Priqojinə milyonlar qazandıran layihələrinin əsas icraçısı sayılır. Çekalov həmçinin, son illər Priqojinin Rusiya xaricindəki, xüsusilə də Suriya və Əfqanıstandakı layihələrini idarə edib.

Priqojinin digər “yol yoldaşı” erməni əsilli Yevgeni Makaryan olub. O, “vaqnerçilər” arasında “makar” ləqəbi ilə tanınıb.

“Kedr” ləqəbli Sergey Propustin də Priqojinin təyyarəsində olub.

“Vaqner” başçısının şəxsi cangüdəni olan Propustin İkinci çeçen müharibəsində iştirak edib və 2015-ci ildən “Vaqner” sıralarında xidmət göstərib.
Təyyarənin digər sərnişinləri Aleksandr Totmin və Nikolay Matuseyev barəsində məlumat azdır. Onların yalnız “Vaqner” sıralarında olduqları məlumdur.
Xəbər verildiyi kimi, Priqojinin təyyarəsinin göyərtəsində pilotlar da daxil olmaqla, 10 nəfər olub və onların heç biri sağ qalmayıb.
Cəlal
“AzPolitika.info”
***
"Vaqner" rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı ərazidə olan 10 cəsədin hamısı tapılıb.

Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan biznes təyyarəsinin sərnişinlərinin siyahısını dərc edib:
Sergey Poopustin
Yevgeni Makaryan
Aleksandr Totmin
Valeri Çekalov
Dmitri Utkin
Nikolay Matuseev
Yevgeni Priqojin
Ekipaj üzvləri:
Aleksey Levşin - komandir;
Rüstəm Kərimov - ikinci pilot;
Kristina Raspopova - stüardessa.
Məlumat üçün əlavə edək ki, sərnişinlər arasında olan erməni əsilli Rusiya vətəndaşı Yevgeni Makaryan Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.




Şərhlər
Putin vaxtı ilə Polşanın prezidentinə belə terror törətmişdi.Senari eynidir.Terroru təşkil edən də.