“Azərbaycanın lokal antiterror tədbirləri görməklə qondarma rejimi bu razılaşmaya məcbur etməsinin nəticələrini gözləmək lazımdır. Doğrudur, rus “sülhməramlı” kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə əldə olunan bir razılaşma var. Lakin biz gözləməliyik ki, bu razılaşma həyata keçiriləcək, ya yox”.
Bunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik sahəsi üzrə ekspert Sülhəddin Əkbər Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatının nəticələrini “AzPolitika.info”ya şərh edərkən deyib.
S.Əkbər xatırladıb ki, 44 günlük savaşın sonunda əldə olunan razılaşmanın yerinə yetirilməyən maddələri var: “Ona görə də, razılaşmanın məcburi şəraitdə imzalanması, bundan sonra onun yerinə yetirilməsi və icrası ayrı-ayrı məsələlərdir. Biz ilk növbədə əldə olunan razılaşmanın bütün bəndlərinin yerinə yetirilməsini gözləməliyik. Yəni, qarşı tərəfi buna məcbur etmək lazımdır”.
Partiya sədri qeyd edib ki, rus və erməni mənbələrindəki mətnlərdə Xankəndidəki qondarma qurumun taleyi barədə hər hansı bir fikir yoxdur.
“Bu qurumun taleyinin necə olacağı qeyri-müəyyən olaraq qalır. Bundan əlavə, təbii ki, hər zaman olduğu kimi, Rusiya, Ermənistan, Qarabağdakı rejim və onların havadarları bu atəşkəsdən sui-istifadə edib, çıxış yolları axtarmağa başlayacaqlar. Düşünürəm ki, Azərbaycan tərəfi əldə olunan razılaşmanın sona qədər, heç bir qeyd-şərtsiz yerinə yetirilməsinə nail olmalıdır. Biz yalnız Ermənistan silahlı qüvvələrinin öz ərazimizdən çıxarılması, Xankəndindəki rejimin “özünümüdafiə ordusunun” buraxılması, tərksilah edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, o qondarma rejimi hərbi və siyasi baxımdan utilizasiya etməliyik”, - deyə o, bildirib.
S.Əkbərin sözlərinə görə, bundan sonra əsas hədəfimiz Rusiya “sülhməramlılarının” Azərbaycan ərazisini tərk etməsi olmalıdır: “Qeyd etdiyim kimi, birincisi, əldə olunan razılaşmalar yerinə yetirilməli, ikincisi, “rejim”in taleyi həll olunmalı, yəni ləğv edilməli, üçüncüsü, Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etməlidir. Qeyd etdiyimiz bu üç məsələ həll olunmayınca, Azərbaycanın bu günə qədər rus-erməni nəzarətində olan ərazidə öz suverenliyini tam bərpa etməsindən söhbət gedə bilməz”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər