"Heç dünyanın 2-ci ordusu ilə vuruşan Ukrayna ordusu belə günə 180 nəfər itki vermir. Bizim ordu Qarabağda hansı güclü ordu ilə qarşılaşıb ki, bircə gündə bu qədər şəhid vermişik?"
Bunu AXCP sədri Əli Kərimli deyir. O Kərimli ki, əməliyyatdan az əvvəl Azərbaycanın hərbi əməliyyatlardan, yeni müharibədən çəkinməsininin vacibliyini vurğulayır, dolayısilə Qarabağda erməni hərbi birləşmələrinin qalmasına tərəfdar çıxırdı. Əməliyyatdan sonra “valı dəyişdi” və bu dəfə itkilərə görə “hesabat istəməyə” başladı. Adam gah Azərbaycanın haqlı mübarizəsini və əzmini “dəstəkləyir”, gah da bu mübarizəyə və qələbəyə kölgə salmaq üçün əlindən gələni edir. Əsas məqsəd ikincidir, birinci isə həmin məqsədi pərdələmək funksiyasını daşıyır!
Kərimlinin bu yazdıqlarını oxuyan obıvatel düşünə bilər ki, adamın Azərbaycana, onun itkilərinə canı yanır. Amma bunun arxasında duran riyakar, hiyləgər, çirkin məqsədi görmək o qədər də çətin deyil...
Məqsəd, sözsüz ki, Azərbaycanın tarixi uğuruna, qələbəsinə kölgə salmaq, sıravi azərbaycanlının ürəyinə şübhə toxumu səpmək, şəhidlərin qanı, onların valideynlərinin sonsuz kədəri üzərində çirkin siyasi oyunlar qurmaqdır. Yəni, nəticə etibarilə Azərbaycanın milli, dövlət marağına düşmən kəsilmiş, Kremldən Parisə, oradan da Vaşinqtona qədər uzanan beynəlxalq anti-Azərbaycan koalisiyasının xidmətində durmaq!
Məsələnin sırf hərbi-texniki tərəfinə gəlincə, dünyanın ən tanınmış, təcrübəli, hətta bizi sevməyən hərbi mütəxəssisləri belə Azərbaycan Ordusunun mükəmməl, fantastik əməliyyat keçirdiyini etiraf edirlər. "Niyə bu qədər şəhid verdik" deyən Ə.Kərimli isə onlardan fərqli olaraq, hərbçi, Napoleon, Kutuzov, Suvorov kimi sərkərdə, yaxud Aqil Rüstəmzadə kimi hərbi ekspertsə, heç deyil!
Ancaq nə qədər kasad hərbi biliklərə sahib olsa da, bilməmiş deyil ki, son antiterror əməliyyatında Azərbaycan Ordusunun qarşısında on mindən çox, hər cür hərbi texnika və silah-sursatla silahlanmış, ən əsası isə döyüş təcrübəsi olan Ermənistan ordusunun qalıqları və separatçı qanunsuz hərbi birləşmələrin təcrübəli hissələri, nəhayət, uduzsa belə, mümkün qədər çox azərbaycanlı qətlə yetirməyə çalışan, bunun üçün hər cür alçaq pusqu qurmağa hazır erməni zehniyyəti dururdu.
44 günlük müharibə bitən gündən bu yana kimi Rusiya hərbi kontingenti də bu qüvvələrin müdafiə xətlərini möhkəmləndirmək və hər cür silah-sursatla təmin etmək üçün əlindən gələni edib. Azərbaycan Laçın sərhəd-keçid məntəqəsini quraşdırana qədər Ermənistandan bu mövqelərə gecə-gündüz hərbi texnika və silah-sursat daşınıb.
Bu ərazilərdə minalanmış sahələrin sayı-hesabı yoxdur. Qarşımızda təkcə 44 günlük müharibədən sonra yox, son 30 ildə tikilmiş saysız-hesabsız dərin istehkamlar olub. Xüsusilə də Ağdərə istiqamətində qanunsuz hərbi birləşmələrin və Ermənistan ordusunun mövqeləri daha əlverişli nöqtələrdə, hündürlüklərdə yerləşib. Məhz buna görə 44 günlük savaşda Azərbaycan Silahlı Qüvvələri cəbhəni bu istiqamətdə yox, cənubda yarmaq qərarına gəlmişdi.
Azərbaycan Ordusu isə bütün bu təhlükələrə rəğmən son əməliyyatda ermənilərin gücləndirilmiş müdafiə xətlərinə bir yox, bir neçə istiqamətdən hücum etdi. Təbii ki, belə bir şəraitdə itkilər çox təəssüf ki, qaçılmazdır.
Digər yandan, yaxşı ki, bu ağır, lakin tariximizə əbədi yazılacaq şərəfli günlərdə keçmişdə olduğu kimi, Azərbaycana, onun ordusuna Kərimli kimilər və onun ətrafına topladığı psevdopatriotlar rəhbərlik etmədilər. Yoxsa, Azərbaycan bir gündə 10 qat artıq şəhid verə, belə əməliyyatlar isə bir sutka yox, aylarla davam edə və məğlubiyyətlə bitə bilərdi. Təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycanın Birinci Qarabağ müharibəsində bir gündə bundan dəfələrlə artıq itki verdiyi və başıpozuqluq, zəif idarəçilik səbəbindən acı məğlubiyyətlərə uğradığı vaxtlar olub...
Bütün bunları qeyd etməkdə məqsədimiz, əlbəttə ki, əsgərlərimizin, övladlarımızın şəhid olmasına, itkilərimizə haqq qazandırmaq deyil. Lakin təəssüf ki, dünyanın ən müasir, ən güclü orduları belə real, ən əsası isə sürətli döyüş əməliyyatlarını itkisiz başa vura bilmirlər. Bu halda "Ukrayna ordusu belə günə 180 nəfər itki vermir" deyən Ə.Kərimli bu məlumatı hardan alır görəsən? Bəlkə Valeri Zalujnı ona gündəlik hesabat verir?
Digər yandan, hətta bütün Qərb dünyası tərəfindən hərtərəfli dəstək alan Ukrayna ordusu da nəinki bir gündə, son bir neçə ayda belə Azərbaycan Ordusunun antiterror əməliyyatında 23 saata qazandığı misilsiz uğuru qazana bilməyib. Guya Ə.Kərimli bunları bilmir?
Yenə qayıdırıq, gah Azərbaycan Ordusunun uğurunu dəstəkləmək, gah da ona kölgə salmaq cəhdinə. Sanki Ə.Kərimli "gah nala, gah mıxa vurmaqla" Paşinyanın yolunu getmək istəyir. Tez-tez Paşinyan barədə rəğbətlə danışan bu adam, görünür ki, "Azərbaycanın Paşinyanı" olmaq eşqilə yaşayır.
Yəni, Azərbaycanı "ağ günə çıxarmaq" yox, Qərbdəki məlum mərkəzlərin sifarişlərinin "bacarıqlı icraçısı" olmaq. Sonra da makronlara, şoltslara, putinlərə zəng edib, yardım, mərhəmət dilənmək. Bu, güclü, qalib Azərbaycan yox, ələbaxım, icraçı, məzlum, çökmüş Azərbaycan arzusudur! Yəni, düşmənlərimizin arzusu! Həmin arzu isə onu daşıyanların və bu yolda özlərini ən axırıncı yola qoyanların gözündə və ürəyində qalacaq!
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər
Axıracan oxumadım sözün əsl mənasında əsəbləşdim,bu gün sabah kimi istəyirlərdə tənqid etsinlər,amma Azərbaycanın Ordusu haqqında dil uzatmasınlar,yoxsa o,dili və yaxud dilləri.........!
Kaş bir dəfə portretinizi də səhifədə yerləşdirəsiniz, baxıb təyin edərdik nə vaxt ev , nə vaxt fəxri ad alarsınız.
Onun riyakarlığı hələ Elçibay Prezident olanda bəlli idi.İnsi isə Hakimiyyəin gizli trolluğunu edir.Belə olmasa idi başqaları kimi çoxdan həbsxanada çürüyərdi.
Rasim Əliyevə və azpolitika.info saytına təşəkkür edirik, minnətdarıq.
Rasim Əliyev,sənin Əli Kərimli olmağına çox var hələ. Digər mövzularda dediyi həqiqətlərə qarşı isə gözünüz kor olur nədənsə ? Tutdunuz bir sözündən istədiyiniz tərəfə yorumlayınız. Ədalətli olmağı öyrənin,ondan sonra söz söyləyərsiniz.
Yazını Mirşahin qələmə alıb ? ( C. Əliyevə rəhmət ) Anlamaq olmur hamı sizi kimi ....Heç nə soruşmamalıdır ? Susduz ,gördünüz ki MN- nin rəhbərliyi hansı hoqqalardan çıxır ( mənimsəmə ,qətillər ,özbaşnalıq ) Heç kəs orduya ,onun şərəfli zabit və əsgərlərinə ləkə vura bilməz ,lakin neqatif halları hər bir vətəndaş sorğulamalı və cavab almaq haqqı var .
Təəssüf.