“Paşinyan Böyük Britaniya, Türkiyə və ABŞ xüsusi xidmətlərinin agentidir. Hətta onun kod adı da var – “redaktor””. Bunu Kremlin ən həyasız erməni təbliğatçılarından olan Semyon Baqdasarov Rusiya televiziyasının efirində deyib. İndi görünən odur ki, Kreml başda özünün erməni əsilli təbliğatçıları olmaqla, Ermənistanda vəziyyəti qarışdırmaq və nə yolla olursa olsun, “redaktor Paşinyan”ın hakimiyyətini devirmək istəyir.
Əksər Qərb və Rusiya analitikləri, eləcə də təəsüf ki, onlara qoşulan azsaylı da olsa bəzi ukraynalı təhlilçilər iddia edirlər ki, guya Rusiya Azərbaycanın Qarabağı “təmizləməsində” maraqlıdır. Ondan ötrü ki, bunun nəticəsində Ermənistan daxilində yaranan gərginlik Paşinyanın devrilməsinə gətirib çıxarmalıdır.
Lakin bu günə qədər baş verənlər həmin iddiaların puç olduğunu və belə iddiaların Azərbaycanın suveren hüquqlarına, iradəsinə, ordumuzun misilsiz rəşadətinə kölgə salmaq cəhdi olduğunu göstərir.
Birincisi, Rusiya üçün öz imperiya maraqları xatirinə Qarabağda daimi gərginlik ocağı və bu ocağı təmin edən ermənilərin qondarma qurumlarını saxlamaqla, İrəvanda hakimiyyət dəyişikiyi tərəzinin eyni dərəcəli iki gözünə qoyulacaq məsələlər deyil. Yəni, hakimiyyətlər gəldi-gedərdi və Kremlin İrəvanda hakimiyyət dəyişikliyi xatirinə Qarabağ kimi strateji nöqtədən vaz keçdiyini iddia etmək sadəlövhlükdür.
Digər yandan, Kreml hər nə qədər adekvatlığını və reallıq hissini itirmiş olsa da, bilməmiş deyil ki, Qarabağ ermənilərini İrəvana tökmək qətiyyən Paşinyan hakimiyyətinin devrilməsinə 100 faizlik zəmanət verə bilməz. Belə olan halda riskə getməyə dəyərdimi?
Kim təminat verib, yaxud verə bilər ki, 2020-ci ildə, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra belə hakimiyyətini qoruya bilən Paşinyanı bu dəfə “Qarabağ ərazindən köç edən ermənilər” kartı” ilə yıxmaq mümkün olacaq?
44 günlük müharibədən sonra Ermənistana Qarabağdan minlərlə əsgər meyidi, bundan da dəfələrlə çox yaralı gəlmişdi. Erməni cəmiyyəti gözləmədiyi məğlubiyyətin ağır şokunu yaşayırdı. İndi isə sərhədi gənc əsgər meyidləri yox, sağa-sola rahat şəkildə müsahibələr verən, təhlükəsizliyi yol boyu təmin olunan, əksəriyyətinin fikri Avropaya, Amerikaya, Rusiyaya köçərək, qaçqın statusundan yararlanıb, “ağ günə çıxmaq” olan diri ermənilər keçir. Bu adamlardan Paşinyana qarşı üsyankar elektorat kimi istifadə etmək çox çətin olacaq. Çünki onları nə siyasət, nə Qarabağ, nə də İrəvan maraqlandırır. Onlara maddi təminat və gələcəkləri barədə az-çox aydın təsəvvür lazımdır. Bunu isə Amerika və Avropa birləşərək, Paşinyan hakimiyyətinə on milyonlarla maliyə yardımı göstərməklə, asanlıqla həll edə bilər.

Artıq cəmi bir gündə ABŞ, Fransa və digər Qərb dövlətlərinin elan etdiyi və Ermənistana ünvanladığı yardımların məbləği 10 milyon dolları ötüb. Bu məbləğ getdikcə artırılacaq. Bunun üzərinə hər il Ermənistan büdcəsindən Qarabağdakı qondarma quruma ayrılan 100 milyonlarla dolları da gəlmək olar. Çünki artıq Xankəndidəki separatçı rejim yoxdur və bu vəsaitləri Qarabağdan gələn ermənilərin təminatına yönəltmək olar. Qərbin maliyyə dəstəyi və qeyd edilən digər vəsaitlər isə Qarabağdan gələcək maksimum 30-40 min ermənini “yerbəyer etmək” üçün artıqlaması ilə yetərli olacaq. Bu günün Ermənistanı 90-cı illərin 1 milyona yaxın qaçqın qəbul edən Azərbaycanından daha yaxşı vəziyyətdədir və daha böyük maliyyə yardımları almaq imkanına malikdir. Odur ki, sırf maddi, sosial problemlərdən istifadə edərək, Qarabağdan gələnləri Paşinyanın üzərinə qaldırmaq asan olmayacaq...
Güc, hərc-mərclik, çevriliş, sui-qəsd və digər qeyri-qanuni yollara gəlincə, bu istiqamətdə də Kreml üçün fəaliyyət meydanı o qədər də geniş deyil. Çünki bir çox mənbələrin bildirdiyinə görə, bu gün ABŞ başda olmaqla, Qərb kəşfiyyatı Paşinyan hakimiyyətini Kremlin Ermənistandakı əlaltıları ilə əlaqələri, onlara verdiyi tapşırıqlar, fəaliyyət planları və s. ilə əlaqədar geniş şəkilkdə kəşfiyyat məlumatları ilə təmin edir. Bu isə Paşinyanın nəzarətindəki güc strukturları və xüsusi xidmət orqanlarına çevik davranmaq üçün ideal şərait yaradır. Məsələn, erməni mətbuatının yazdığına görə, Paşinyana qarşı sui-qəsd hazırlayan dəstəyə rəhbərlik edən İrəvanın sabiq meri Albert Bazeyanın ifşa olunaraq həbs edilməsi Qərb kəşfiyyatının İrəvan hökumətinə ötürdüyü məlumatlar əsasında baş tutub. Eyni zamanda, şəxsən Paşinyanın fiziki təhlükəsizliyinin təmin edilməsi, qorunmasında da Qərbin bu və ya digər formada iştirak etdiyi bildirilir.
Bir sözlə, küçədən gələn Paşinyanı küçənin əli ilə yıxmaq müşkül görünür. Çünki Paşinyanın 2018-ci ildə meydanlara topladığı izdihamın heç 10-da birini də müxalifət toplaya bilmir. Erməni mətbuatı onu da yazır ki, İrəvanda Paşinyanı devirə biləcək kütlə toplamaq olmur və böyük ehtimalla Paşinyan öz hakimiyyətini qoruya biləcək. Hətta qeyd olunur ki, artıq Rusiya xüsusi xidmət orqanları və digər strukturlar Putinə Paşinyanı devirməyin mümkün olmayacağı barədə məruzə ediblər.
Bütün bunlardan sonra “Kreml Azərbaycana Qarabağda anti-terror əməliyatı keçirməyə ona görə icazə verdi ki, bundan istifadə edərək, Paşinyanı hakimiyyətdən devirsin” kimi iddialar mənasız və məntiqsizdir. Bu iddiaların sahibləri bilməlidirlər ki, Azərbaycana öz ərazi bütövlüyünün, suverenliyinin tam bərpası, nəhayət, on illərlə davam edən Qarabağ yarasının sağalması, əminamanlıq, bir də bu mövzuya boylanmadan inkişaf və tərəqqi lazımdır. Bütün bunlar təmin edildikdən sonra Ermənistanda nə baş verir, Putinin, Kremlin ermənilərlə, Paşinyanla bağlı problemləri, planları nədir – bu, bizi cəmiyyət olaraq daha az maraqlandırır...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Hurrey, Vardanyan Sərhəd buraxalış məntəqəsində tutuldu və Bakıya gətirildi. Özü də kim tutdu, Baş sərhədçimizin oğlu, bərəkallah. Sərhəd buraxalış məntəqəsində hamı quş yuxusuna (qış nəzərdə tutulub) getmişdi, hərif, mağmun, frayer, şeytana barmaq edən Vordanyan da gəlib düşür bizimkilərin qarmağına. Onun tutulmasını Euronews kanalı da yayımladı. Vardanyanın Qarabağdan çıxması 2x2-dir. Kifayətdir ki, kisəsinin ağzını açsın, onu ya Qızıl Xaç Komitəsi, ya Sülhməramlılar çıxardardılar. Çox sadə, hər şeyə inanan millətik. Özünüz şahidi olacaqsınız, ermənilər Vordanyanı Njde kimi xalq qəhrəmanı edəcəklər, Makron dayısı İlham Əliyevə minnətçi düşəcək, Bayden əmisi mesajlar göndərəcək, dədəsi Putin onun bağışlanmasını xahiş edəcək. Gedişatı izləyək, görək nələr olacaq. Bəlkə də hələ onu çıxaracaqlar ki, bu satqın sən demə Azərbaycana işləyirmiş. Nə olar izləyək.
Bu səhər Euronews kanalı 53.000 erməninin sərhədi keçmələrini elan etdi. Özüm bir neçə dəfə sərhədi keçəndə sərhədi keçənlərin sayına fikir vermişəm. O qənaətə gəlitəm ki, qısa müddət ərzində bu qədər insan sərhədi keçə bilməz. Dəqiq sayı bilmək lazımdır. Elə çıxacaq ki, həqiqətən Qarabağda 120.000 erməni yaşayırdı. Say çox olsa belə onların hansı ölkənin vətəndaşları oımasını dəqiqləşdirmək lazımdır. Bu bizə hava, su kimi lazımdır.
Hörmətli Cənab Məmmədov C, dəyərli *AzPolitika.az* da rəsmən, de fakto 1987ci ildən erməni millətçilərin təcavüz və hərbi əsarətindən azad olmağa çalışan Azərbaycanın qəzetidir! Dünya siyasi informasiya məkanının azı 30%ni zəbt etmiş erməni xəbərləri ilə bizim mətbuatın da azı 55%ni zibilləyirsiniz? Azərbaycanəməz bir sutkaya 192 gənc can verdi əvəzində Qarabağ erməni işğalından tam azad oldumu, ya dövlətimizin səəlahiyyəti orada bərpa olundumu???
C. Məmmədov, rus ermənilərin vay-şüvəni aydındır ,indi rus deputatlar əlləri hər şeydən çıxınca ,belə tezis ortaya arırlar -Xankəndində qalacaq 20-30 min erməniləri orumaq üçün sülhməramlılar orada baza qurmalıdır və Xankəndin 50- illiyinə icarəyə veriləcək . Bizim XİN- vaxtında bunlara cavab verməsə belə xülyalara indidə ruslar düşəcək ,vaxtında tədbir görmək lazımdır