Ruben Vardanyan - Rusiyada, dünyanın müxtəlif ölkələrində qaranlıq yollarla böyük var-dövlət sahib olmuş erməni əsilli keçmiş rusiyalı milyarder... Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan oliqarxlardan hesab olunurdu. Bu o deməkdir ki, digər milyarderlər kimi o da Kremlin dünyanın müxtəlif yerlərində həyata keçirdiyi aşkar-gizli layihələrin icraçılarından biridir.
Adətən, oliqarxlara xarici kəşfiyyata, lobbi təşkilatlarına maddi dəstək vermək, dövlət şirkətlərinin maraqlarını təmin etmək tapşırılır. Ən vacib missiyalardan biri müxtəlif ölkələrdə rəsmi şəxslərin, media qurumlarının, jurnalistlərin satın alınması, Rusiya maraqlarına cəlb edilməsidir.
Vardanyanın Avropanın bir çox ölkələrində, ABŞ-da, vətəndaşı olduğu Ermənistanda böyük biznesi var. Onun layihələri müxtəlif vasitələrlə dövlət tərəfindən dəstəklənib və gəlirliliyi ilə seçilib.
Bir il əvvəl - ötən ilin sentyabrında Azərbaycan mediasına “Kreml Vardanyanı Qarabağa göndərir” xəbəri bomba kimi düşdü. Bu həmin dövr idi ki, sentyabr döyüşlərində Ermənistan böyük itkilər vermişdi, İrəvan “yumşalmışdı”, Brüsseldə sülh danışıqlarının bərpa olunmasına qızğın hazırlıq gedirdi.
Vardanyan dərhal diqqəti özünə çəkdi, Rusiya mediasının, erməni lobbisinin tribunaları üzünə açılmışdı, o yalnız bir şeydən danışırdı: Qarabağın müstəqilliyi üçün əlindən gələn hər şeyi edəcək, lazım gəlsə, bu yolda həyatını qurban verəcək. Hər gün müxtəlif efirlərdə, qəzetlərdə bu məzmunda müsahibələr, çıxışlar, debatlar...
Çox çəkmədi, oktyabrın sonlarında Vardanyan Rusiya sülhməramlılarının avtomobilində hələ o zaman açıq olan Laçın yolu vasitəsi ilə Xankəndinə gətirildi. Orada artıq tamaşa hazır idi, səhnə qurulmuş, rollar bölünmüşdü. Vardanyana da “dövlət naziri” rolu həvalə olunmuşdu.
Oktyabrın 30-da Valday konfransında Rusiya Prezidenti V.Putin onun ilk prezentasiyasını etdi, eyni zamanda Qarabağ probleminin həlli ilə bağlı Qərbin və Rusiyanın mövqelərini açıqladı. “Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsini, nəqliyyat kommunikasiyalarının açılmasını istəyir, amma Qarabağın statusu gələcəyə saxlanılır, münaqişə isə dondurulur. Qərb isə münaqişənin ərazi bütövlüyü çərçivəsində tam həllini istəyir, seçim Ermənistanındır, biz ona uyğun hərəkət edəcəyik”.
Vardanyan qısa müddətdə qondarma rejim daxilində təşəbbüsü ələ aldı və yerli erməni əhalini separatçı rejimin ətrafında birləşdirməyə, onlarda gələcəyə ümid yaratmağa çalışdı. Bundan sonra Azərbaycan Rusiya rəhbərliyinə açıq və qapalı kanallarla sorğular ünvanlamağa başladı: Rusiya vətəndaşı olan Vardanyanın Xankəndinə gətirilməsi nə məqsəd güdür? Bu, iki ölkə arasında 22 fevralda imzalanmış, hələ mürəkkəbi qurumamış müttəfiqlik bəyannaməsinə ziddir və s...
Bakıda narazılıq getdikcə artırdı, Prezident İlham Əliyev şəxsən bu məsələni bir neçə dəfə dilə gətirdi. Diplomatik mənbələr bildirirlər ki, Valday görüşündə Azərbaycanın dövlət başçısı Putindən Vardanyan haqda soruşduqda, o çiyinlərini çəkərək, “xəbərim yoxdur” deyibmiş.
Prezident İlham Əliyev noyabrın 17-də Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Schuebellə görüşündə bildirmişdi ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma "Moskvadan aydın gündəliklə göndərilmiş Vardanyanla yox".
Dekabrın 13-də Azərbaycanın eko aktivistləri Laçın yolunu bağlayaraq aksiyalara başladılar.
Nəhayət, Azərbaycanın sərt tələblərini kəsmək üçün 22 dekabr 2022-ci ilə tarixində R.Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edildi. Putinin imzaladığı sərəncamda oliqarxın ailə üzvləri ilə birlikdə vətəndaşlıqdan xaric edilməsindən bəhs olunurdu.
Aktivistlərin aksiyası 24 aprel 2023-cü ilə -Azərbaycan Laçın yolunda sərhəd nəzarət məntəqəsi quraraq dövlət sərhədinə tam nəzarəti təmin edənə qədər davam etdi.
Qısaca yazsaq, bu dövr ərzində Azərbaycan Kremlin Vardanyan planını iflasa məhkum etdi. Qarabağa böyük vədlərlə gələn milyarder utopik çıxışları ilə yerli əhalini daha çıxılmaz duruma saldı, qondarma rejim daxilində çaxnaşma yaratdı. Nəticədə, bacarıqsız, fərsiz Vardanyan Kremlin gözündən düşdü, Xankəndinin bir küncündə deyingən qarıya çevrildi.
19 sentyabrda Azərbaycan Ordusunun gerçəkləşdirdiyi antiterror əməliyyatı Qarabağdakı xuntanın varlığına son qoydu, qaçaqaç başladı... Vardanyan hekayəsi tamamilə bitdi, Azərbaycan sərhədçiləri onu Gorusa keçmək istərkən yaxalayaraq Bakıya gətirdi. Azərbaycan mediası, sosial şəbəkələr Vardanyanın qolu qandallı şəkilləri ilə dolub-daşır. Onun taleyi necə olacaq, bunu yaxın günlərdə biləcəyik.
Bundan sonra əsas məsələ isə Azərbaycan xalqının qanına susamış digər terrorçuların qolu qandallı gətirilib ədalət məhkəməsi qarşısına çıxarılmasıdır.
Daha heç nəyə təəccüblənmək olmur, deməli, o gün də uzaqda deyil...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Vardanyan sənə b lazım idi ? İndi topla nəticəni.Bu hala düşməkdən sənə ölüm fərz deyildi? Zatən oliqarxların çoxunun ağlı topuğunda olur.Bəzi bizim naxçıvanlııar kimi.
Azərbaycan qanunlarına görə ata-oğulun bit idarədə tabelikdə işləməsi qadağandır.Bu doğru qanundur.Çünki bunlarln bur-bitinin tabeliyində olması əmək qanunveriçiliyində qadağanır.Ona görə ki, işdə buraxılan qələti ata düzəltməz.Elə qələrlər baş verə bilət ki, cinayət xarakterli olsun.Bu zaman nə baş verir?qanun yaddan çıxır,doğmalıq üstün gəlir.Bunu bilərəkdən bu qanun var.Bəs niyə icrasına nəzarət olunmur?Burada yenə qohumluq,tərəf saxlamaq yada düşür.Ona görə Azərbaycanda ciddi qanunlar ya işləmir.ya da yarım işləyir.(rüşvət qanunu kimi )