Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində çıxış edərək Rusiyanın ünvanına sərt ifadələr səsləndirməsi Moskvada qəzəblə qarşılanıb. Qeyd edək ki, rəsmi İrəvan ötən ilin sentyabrından etibarən açıq və sərt şəkildə Rusiya rəhbərliyini ittiham edir, Ermənistanın milli təhlükəsizliyinin yalnız Kremlə bağlı olmasını ciddi səhv olduğunu deyir.

Paşinyan bəyan edib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda nəinki İrəvana kömək etməyiblər, əksinə, açıq şəkildə ölkədə hakimiyyətin dəyişdirilməsinə çağırıblar. Baş nazir “müttəfiqin” adını çəkməsə də, onun Rusiya haqqında bəhs etməsi mübahisə doğurmur.

TASS dövlət informasiya agentliyinə danışan anonim Rusiya rəsmisi bildirib ki, Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndirirlər. “Moldovanı “Ukrayna nömrə 2” hesab etsək, Ermənistanı necə “Ukrayna nömrə 3”-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin yolu ilə gedir”, - mənbə vurğulayıb.

Rusiyanın Paşinyanın çıxışına bu tonda reaksiya verməsi Kremlin səbr kasasının daşdığını göstərir. İlk dəfə adı çəkilməyən rəsmi şəxsin dili ilə Ermənistan işğalla hədələnir. “Zelenskinin yolu ilə getmək” ifadəsinin başqa cür tərcüməsi yoxdur. Rusiya İrəvana çatdırır ki, onun qərbyönlü çıxışlarına, Ermənistanın Rusiyanın hərbi-siyasi təsir dairəsindən çıxarmaq cəhdlərinə dözməyəcək.

Bu bəyanat Gürcüstanın həbsdəki keçmiş Prezidenti Mixail Saakaşvilinin oktyabrın 17-də Paşinyana publik müraciətində səsləndirdiyi ifadələri yada salır. Eks-prezident deyir ki, Ermənistanın Baş naziri nə etməsindən asılı olmayaraq, Vladimir Putinin düşmənidir. O, Paşinyanı Putin təhlükəsi barədə xəbərdar edir və ona cəsarətli davranmağı, Azərbaycanla təcili olaraq sülh müqaviləsi imzalamağı, eyni zamanda Rusiyanın hərbi bazasını çıxarmağı və KTMT, Gömrük İttifaqı kimi təşkilatlardan çıxmağı tövsiyə edir: “Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz, yəni, Putinin terminologiyası ilə desək -rəngli inqilab nəticəsində və inanın ki, siz onu necə mayalandırsanız da, sədaqət andı içsəniz də, o sizi heç vaxt bağışlamazdı və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək”.

Saakaşvili Rusiya ilə açıq hərbi qarşıdurma təcrübəsi olan siyasətçidir, o Putinin təzyiq metdodlarını, xüsusən onun qəddar üsullarını yaxşı bilir. Sabiq Prezident həbsdə olsa da, regionda prosesləri yaxından izləyir və Ermənistanda vəziyyətin kritik həddə olduğunu görür, bunun Cənubi Qafqazın taleyinə təsiredici faktora çevrildiyini anlayır.

Moskvada Paşinyana Zelenskinin aqibətinin xatırladılması qısa müddət ərzində Ermənistan hakimiyyətinə qarşı kompleks təzyiqlərin işə düşəcəyinə şübhə yeri qoymur. Bura ənənəvi daxili gərginlik reaktorlarının aktivləşdirilməsi, iqtisadi rıçaqların işə salınması, müəyyən mərhələdə ola bilsin, hərbi qüvvələrin prosesə müdaxilə etməsi daxildir.

Azərbaycanla 44 günlük müharibədən sonra ölkədə cərəyan edən hadisələr göstərir ki, Paşinyan iqtidarı zəifləsə də, Rusiyaya bağlı revanşist qüvvələr də güclənə bilməyib. Əhali siyasi proseslərdən uzaqlaşıb, siyasi qüvvələrə inam kəskin azalıb. Sentyabrın 17-də İrəvanda keçirilmiş mer seçkilərinə paytaxt əhalisinin 72 fazinin qatılmaması, hakim partiya namizədinin cəmi 75 min səslə qalib gəlməsi bu biganəliyi göstərir.

Ermənistanın Rusiya qarşısında ən zəif nöqtələrindən biri iqtisadi asılılıqdır. Hazırda ölkənin ən böyük iqtisadi və ticarət tərəfdaşı Rusiyadır. Ölkədə maliyyə sabitliyi Rusiyadan hər ay göndərilən yüz milyonlarla dollar hesabına təmin olunur. Habelə Ermənistanda əhalinin, yerli sənayenin istifadə etdiyi mavi yanacağın, elektrik enerjisinin əhəmiyyətli hissəsi Rusiya şirkətlərinin monopoliyasındadır. Ölkə “Qazprom”dan kifayət qədər güzəştli qiymətə qaz alır, ödənişlərin qrafiki isə Ermənistan hakimiyyəti üçün kifayət qədər rahatdır. Hazırda 2 milyard dollardan artıq borc yaranıb ki, bu da ölkənin illik büdcəsinin təxminən yarısını təşkil edir. Ötən ay Rusiya Gürcüstanın Lars gömrük-keçid məntəqəsində Ermənistandan göndərilən 60 TIR konyakın ölkəyə daxil olmasını bir neçə gün ləngitməklə İrəvana ilk mesajını göndərmişdi. Qarşıdan soyuq aylar gəlir, böyük ehtimalla qışda əhalini hansı problemlərin gözlədiyi barədə də əyani tədbirlər nümayiş etdiriləcək.

Hazırda Paşinyan hökuməti Qərb tərəfdaşları ilə Rusiyanın mümkün iqtisadi embarqolarını önələmək üçün müzakirələr aparır. ABŞ Konqresinə təqdim olunan Ermənistana yardımla bağlı qanun layihəsində enerji infrastrukturunun Gürcüstanın elektrik şəbəkəsinə inteqrasiyası üçün 600 milyon dollar ayrılması nəzərdə tutulub. Bundan başqa müxtəlif sahələrə iqtisadi dəstəyin göstərilməsi ilə bağlı da təkliflər yer alıb. Əlbəttə, Qərbin Ermənistana dəstəyini təmin etməyə uzun müddət vaxt lazımdır, bununla belə elə sahələr var ki, onlara dəyəcək zərəri kompensasiya etmək mümkün deyil, Ermənistan iqtisadiyyatı, əhalisi Rusiyanın labüd zərbələri qarşısında köməksizdir.

Paşinyan Avropa Parlamentində Rusiyanın onu hakimiyyətdən devirməyə çalışdığını dedi, Moskva isə bunu Baş nazirin “Zelenskinin yerişini yerimək” cəhdi adlandırdı. Bu, Ermənistanın hərbi işğalını nəzərdə tutan açıq təhiddidir. Rusiyanın bu ölkədə belə imkanları, infrastrukturu, mexanizmləri var. Günün birində Gümrüdə dislokasiya olunmuş hərbçilərin tanklara minib Paşinyanın iqamətgahına doğru yürüş etməsi mümkündür.

Hazırda dünya böyük hərbi qarşıdurmalar içərisindədir, yeni dünya düzəninin qurulmasına, aydınlaşma dövrünə hələ çox vaxt var. Ona qədər salamat qalmaq Paşinyanın əsas qayğısıdır, son vaxtlar bunu o çox tez-tez dilə gətirir. Görünür, Rusiyada da bunu yaxşı anlayırlar və “ağrıyan yerdən” basmaqla Ermənistanın qərbyönlünü liderinə xəbərdarlıq edirlər. Deyilir ki, Paşinyan üçün geridönüş artıq mümkün deyil, qapılar bağlanıb, irəlidə isə onu yaxşı heç nə gözləmir...

E.Rüstəmli

“AzPolitika.info”