Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hücumlarının miqyasını genişləndirməməyə və əməliyyatları dərhal dayandırmağa çağırıb.

"AzPolitika.info" xəbər verir ki, ölkə başçısı “X” sosial şəbəkəsindəki rəsmi hesabından paylaşımında Qəzzadakı qeyri-insani vəziyyətə diqqəti çəkib. 

Türkiyə Prezidenti dünyanın gözü qarşısında baş verən bu qırğınlara növbəti dəfə çox sərt reaksiya verib. O, Qəzzaya edilən hücumların daha çox ağrı, ölüm və göz yaşlarından başqa heç nə gətirməyəcəyini vurğulayıb.

Prezident Ərdoğan paylaşımında bildirib: "Aydındır ki, uşaqları, qadınları, mülki vətəndaşları öldürməklə, xəstəxanaları, məktəbləri, məscidləri, kilsələri bombalamaqla təhlükəsizliyi təmin etmək mümkün deyil. Zülmlə abad oluna bilməzsiniz. İsrail rəhbərliyi səhvindən dönərək dövlət ağlı ilə hərəkət etmək əvəzinə, bölgə xaricindəki aktorların təhriki ilə bir radikal təşkilat kimi davranmaqdadır. Bölgəmizi Qərb dövlətləri tərəfindən təşviq edilən bu dəlilik çılğınlığından bir an əvvəl xilas etmək lazımdır. Hansı ki, Qərb media təşkilatları bunu qanuniləşdirmək üçün yarışır”.

Prezident Ərdoğan dünya ictimaiyyətini atəşkəsi təmin etməyə çağıraraq, deyib: "Bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin mümkün qədər tez bərqərar edilməsi təşəbbüslərini səmimi şəkildə dəstəkləməyə dəvət edirəm. İsrail administrasiyasına çağırışımızı bir daha təkrarrlayaraq bildirirəm ki, mülki şəxslərə qarşı hücumlarının miqyasını əsla genişləndirməsin və soyqırıma çevrilən əməliyyatlarını dərhal dayandırsın!”

Türkiyənin bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğunu vurğulayan Ərdoğan, bildirib: “Müsəlmanların, yəhudilərin, xristianların və bu torpaqlarda yaşayan hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərin qurulması ilə bölgəmizin daimi sabitliyə nail olacağına inanırıq. Türkiyə daha çox günahsız qan tökülməməsi, daha çox humanitar faciələrin yaşanmaması və Fələstindəki münaqişələrin dönüşü olmayan bir nöqtəyə çatmadan həll edilməsi üçün üzərinə düşəni etməyə davam edəcək".

Elman

"AzPolitika.info"