Xəbər verildiyi kimi, Fransa hökuməti Ermənistana silah tədarükünə dair qərar verib. Fransanın Müdafiə naziri Sebastyan Lekornyu deyib ki, ilkin olaraq, İrəvana üç ədəd Hava Hücumundan Müdafiə radarı veriləcək. Bunun ardınca Ermənistana “Mistral”, həmçinin “Thales GM 200” raketlərinin verilməsinə dair razılaşma imzalanıb. Hansı ki, “Thales GM 200” raketləri bundan öncə Ukraynaya da verilib.
Ermənistanın Müdafiə naziri Suren Papikyanla görüşdən sonra Lekornyu deyib ki, Ermənistan üçün hava hücumundan müdafiə silahları olduqca əhəmiyyətlidir. O, həmçinin Fransanın Ermənistanın quru qoşunlarının və ümumilikdə erməni ordusunun modernləşdirilməsinə kömək edəcəyini qeyd edib.
Əlbəttə ki, Ermənistana veriləcək silahlar təkcə rəsmən elan olunanlardan ibarət deyil. Adətən, belə məlumatların böyük qismi məxfi saxlanılır. Ancaq məsələ ondadır ki, Ermənistan faktiki olaraq, Rusiyanın başçılıq etdiyi KTMT hərbi blokunun üzvüdür və “qərbpərəst” Nikol Paşinyan İrəvanın bu blokdan çıxmaq fikrində olmadığını dəfələrlə bəyan edib. Eyni zamanda, Ermənistan ordusu böyük ölçüdə Rusiyaya bağlı zabit heyətilə, agentura şəbəkəsilə doludur və ən yüksək postlardakı general rütbəli ermənilərin böyük əksəriyəti Rusiya hərbi məktəbinin və kəşfiyyatının təmsilçiləridir. NATO üzvü olan Fransanın öz riyakar siyasi maraqları xatirinə Ermənistan kimi bir dövlətə silah ötürməsi Rusiya ilə faktiki qarşıdurma vəziyyətində olan NATO-nun maraqlarına və təhlükəsizlik prinsiplərinə qətiyyən uyğun deyil.
Birincisi, Ermənistana veriləcək bu silahların bütün texniki göstəriciləri, texnologiyası və s. asanlıqla Rusiya kəşfiyyatının “yeminə” çevriləcək.
İkincisi, heç kim təminat verə bilməz ki, sözügedən silahlar ümumiyyətlə, Rusiyanın əlinə keçməyəcək. Ermənistan rəhbərliyinin qorxaq, vassal mahiyyəti həmin silahların Moskvanın tələbilə Rusiyaya verilməsini qətiyyən istisna etmir. Bu halda Lekornyunun öyündüyü Fransa silahları bir gün Rusiya ordusunun əlində Ukraynaya qarşı istifadə oluna bilər. Odur ki, NATO-ya üzv ölkələr, o cümlədən də sözügedən alyansın ikinci ən böyük ordusuna malik qardaş Türkiyə Cümhuriyyəti rəsmi Parisin KTMT üzvü olan Ermənistana silah ötürməsinə kəskin münasibət bildirməli, hətta imkan daxilində bunun qarşısının alınmasına çalışmalıdır. Axı bir NATO ölkəsi eyni zamanda həm Ukraynaya, həm də Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiyanın əlaltısı olan ən yaxın hərbi müttəfiqlərindən birinə necə silah verə bilər?
Fransanın bu yanaşması Qərbin Rusiyaya və Ukraynaya münasibətdə necə ikiüzlü və riyakar siyasət yürütməsinin daha bir göstəricisidir.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər