Məlum olduğu kimi, Azərbaycanın Qarabağda sentyabrın 18-19-da keçirdiyi əməliyyatdan sonra qondarma rejimin təkidi ilə ərazilərimizdə məskunlaşmış erməni əhalisnin böyük hissəsi Xankəndini və ətraf əraziləri tərk edib. Ərazilərimizdə qalan ermənilərin təhlükəsizliyini isə Azərbaycan hökuməti tam şəkildə təmin edib. Buna baxmayaraq Rusiya hərbi kontingenti hələ də Qarabağda qalmaqdadır.

Qarabağın Ermənistan ordusunun qalıqlarından, qanunsuz hərbi birləşmələrdən və separatçı rejimdən təmizlənəndən sonra “sülhməramlı” adı altında Azərbaycanın suveren ərazilərində mövcud olan Rusiya hərbi kontingentinin bundan sonrakı fəaliyyətinin nədən ibarət olması, ümumiyyətlə bu kontingentin ərazidə qalmasının hansı məntiqə söykəndiyi qaranlıq olaraq qalır. 

Əgər söhbət 9 noyabr sazişinin bəndlərindən birinə görə bu kontingentin 2025-ci ilə qədər ərazimizdə qalmasından gedirsə, həmin sazişin bir çox bəndləri nə Rusiya, nə də Ermənistan tərəfindən yerinə yetirilməyib. Ermənistasn ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılmasına dair bəndi isə onların “qulluğunda duran” rus “sülhməramlıları” deyil, Azərbaycan Ordusu bir sutkada həyata keçirdi. İrəvan Zəngəzur dəhlizi ilə bağlı bəndi yerinə yetirməkdən açıq şəkildə imtina edir. 8 kəndimizi isə hələ də işğal altında saxlayır.

Bu sazişin digər iştirakçıları öz vəzifələrini və vədlərini yerinə yetirmədikləri halda, Azərbaycan bunu etməyə borcludurmu? Ərazilərimizdə qalan azsaylı erməni sakinlərin təhlükəsizliyi tam təmin olunduğu, qondarma rejimin isə artıq olmadığı Qarabağda Rusiya hərbi kontingentinin nə işi var?

Digəır tərəfdən, maraqlıdır ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazilərinə hələ də İrəvandan gəlib-gedir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

Qəzetdə yayımlanan məqalədə Rusiya hərbi kontingentinin Qarabağda rotasiya edilərək, yenilənməsi məsələsinə toxunub: “Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin rotasiyasının başa çatdığını, yenilənmiş kontingentin isə qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün Qarabağa qayıtdığını bildirdi.LakinRusiya sülhməramlılarının Qarabağda nə edəcəyi bəlli deyil...”

Qəzet bir məsələyə də diqqət yetirir. Yazıda qeyd olunur ki, Rusiya hərbçiləri Qarabağa yenə də Ermənistan ərazisindən gedirlər. Ermənistan hökuməti Kremldən və KTMT-dən uzaqlaşmaq görüntüsü yaratsa da, Rusiya hərbçiləri əvəlki qaydada öz “səyahətlərini” Ermənistan vasitəsilə davam etdirirlər: “Bununla belə, diqqətəlayiq haldır ki, Rusiya sülhməramlıları Ermənistan üzərindən Qarabağa səfərlərini davam etdirirlər”.

Yazıda qeyd edilir ki, Xankəndiyə yollanan rusiyalı hərbçilərdən birindən onların Zvartnots hava limanına enib, sonra isə Qarabağa getdiklərini öyrəniblər.

“Rusiya sülhməramlı kontingenti ilə əlaqə saxlaya bilmədik, lakin Ermənistan Müdafiə Nazirliyindəki mənbəmiz bu məlumatı təsdiqlədi: Rusiya sülhməramlıları həmişə olduğu kimi Qarabağa İrəvandan gedirlər” – deyə, yazıda bildirilir.

Bütün bunlar bir daha Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərində qalmasına nə ehtiyac olduğu barədə sualla yanaşı, ikinci bir sual da doğurur: niyə Azərbaycanın suveren ərzisində yerləşən xarici hərbi kontingentin rotasiyası Azərbaycan yox, Ermənistan ərazisi vasitəsilə həyata keçirilir?...

C.Məmmədov

“AzPolitika.info”