Suveren dövlətə qarşı işğalçılıq müharibəsinə başlayan Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi böyük mətbuat konfransında bir daha yüz minlərlə insanın ölümünə, milyonlarla ukraynalının öz vətənindən didərgin salınmasına absurd bəhanələrlə haqq qazandırmağa çalışıb. Putin yenə də aşkar imperiyaçı və işğalçı ritorikasından istifadə edərək, Ukraynaya qarşı qanlı savaşın davam etdirələcəyini deyib və bununla da, növbəti dəfə dünyaya meydan oxuyub.

“AzPolitika.info” xəbər verir ki, Rusiya başçısı “Ukraynada nə zaman sülh olacaq” sualına bu cür cavab verib: “Biz məqsədlərimizə çatanda sülh olacaq. Ukrayna hakimiyyəti denasifikasiyanın zəruriliyi ilə razılaşmadı..."

Putin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədləri dəyişmir: "Mən sizə o zaman danışdıqlarımızı xatırladacağam - Ukraynanın denasifikasiyası, demilitarizasiya və onun neytral statusu".

Bununla da Rusiya başçısı müharibəni davam etdirmək fikrində olduğunu göstərib. Lakin əvvəlcədən hazırlanmış suallar arasında təbii ki, “xüsusi əməliyyat”ın nədən bu qədər uzun sürdüyü və nədən indiyə qədər Rusiyanın öz “məqsədlərinə” çata bilmədiyi, Ukrayna xalqının Rusiyanın “denasifikasiyasına və demilitarizasiyasına” ehtiyacının olub-olmadığı, suveren bir ölkənin neytral, yoxsa başqa bir ststus daşımasına Rusiyanın hansı haqla göstəriş verdiyinə dair suallar olmayıb...

Putin rusları ən çox narahat edən növbəti səfərbərlik dalğası ilə bağlı suala da cavab verib və deyib ki, guya buna ehtiyac yoxdur. O, qeyd edib ki, “qismən səfərbərlik” zamanı 300 min nəfəri orduya cəlb edə biliblər. Bundan sonra Rusiya hakimiyyəti müqavilə əsasında hərbi qulluqçuların orduya götürülməsinə keçib. Beləliklə, dünənədək 486 min nəfər hərbi xidmətə cəlb olunub.

Putin həmçinin qeyd edib ki, birinci dalğadan “qismən səfərbər olunanlar” “əla döyüşür”, onlardan 14-ü “Rusiya qəhrəmanı” olub. Onun dediyinə görə, hazırda 244 min nəfər döyüş bölgəsindədir, 41 min nəfər yaş həddinə çatması, sağlamlıq vəziyyəti və digər səbəblərə görə təqaüdə çıxıb.

“AzPolitika.info”