Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan Sarqsyan-Koçaryan cütlüyünə yaxınlığı ilə tanınan erməni kilsəsi rəhbərliyi ilə yola getməyib. Bu da təbii və gözlənilən idi. Zaman keçdikcə Paşinyan hökuməti ilə kilsə arasındakı ziddiyyət daha da dərinləşib.

“AzPolitika.info” xəbər verir ki, son günlər Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri Ermənistanın müstəqilliyi tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosunun yeni il müraciətinin televiziyada yayımlanmamasıdır. Belə ki, artıq uzun illər boyu formalaşmış ənənəyə görə, İctimai Televizyada Ermənistan Prezientinnin yeni il müraciətindən öncə erməni katalikosunun çıxışı verilirdi.

Lakin bu il Yeni il gecəsi II Qaregin televiziyada görünmədi. Ardınca xəbər verildi ki, Ermənistanın İctimai Televiziyası bütün ermənilərin katolikosunun xalqa Yeni il müraciətini yayımlamaqdan imtina edib. Ancaq sonradan məlum oldu ki, söhbət imtinadan yox, erməni katalikosunun hikkəsindən gedir.

Belə ki, İctimai Televiziyanın bu məsələ ilə bağlı açıqlamasında katalikosa imtina edilmədiyi, sadəcə Qarigenin özünün televiziyanın təklif etdiyi vaxtda çıxış etmək istəmədiyi bildirilir. Məsələ ondadır ki, katalikosa həmişəki kimi Ermənistan Prezientindən əvvəl yox, sonra müraciət etmək təklif olunub. Lakin Qarigen bunu özünə və kilsəyə qarşı hörmətsizlik hesab edərək, çıxışdan imtina edib. Hansı ki, Ermənistan Konstitusiyasına görə hakimiyyətin ən ali təmsilçisi prezidentdir və orada ümumiyyətlə, katalikosun hər hansı fövqəladə imtiyazı barədə heç nə yoxdur.

İctimai Televiziya da bundan çıxış edərək, ilk növbədə Ermənistan Prezientinin, daha sonra isə dini rəhbərin çıxış etməsi barədə qərar verib. Bu da əvvəlki hakimiyyətin “bəslədiyi” erməni kilsəsi rəhbərliyini qane etməyib.

Təbii ki, burada məsələ reqlamentdə yox, Paşinyanla revanşist, qatı millətçi erməni kilsəsi arasındakı münasibətlərin gərginliyindədir. Belə görünür ki, Paşinyan hər zaman burnunu siyasətə soxmağa çalışan erməni kilsəsi rəhbərliyinə öz yerini göstərməkdə davam edir. O da görünür ki, Ermənistan əhalisinin böyük hissəsi Paşinyanın bu mövqeyi ilə razıdır.

“AzPolitika.info”