Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı gedən müzakirələrə münasibət bildirib. Nazir Zəngəzur dəhlizi, sərhədlərin hansı xəritələr əsasnında delmitasiya olunması və sülh müqaviləsi haqqnda Moskvanın mövqeyini açıqlayıb.
Politoloq Fərhad Məmmədov Sergey Lavrovun açıqlamalarını şərh edərkən ilk növbədə sərhədlərin müəyyənləşməsi ilə bağlı dediklərinə toxunub: “Lavrov bir daha xatırladıb ki, ən dəqiq xəritələr Moskvadadır və Rusiyasız buna nail olmaq mümkün deyil. Lakin sərhədin müəyyənləşdirilməsi üzrə ikitərəfli komissiya belə düşünmür və işini davam etdirir, növbəti iclasın bu ay ərzində keçirilməsi gözlənilir.
Ermənistanın qoşunları sərhəddən çıxarmaq və diqqəti konkret xəritələrə yönəltmək təklifi Rusiyanın bu prosesdə iştirakına imkanlar yaradır.Çünki xəritələr onlardadır və Ermənistan Paşinyanın rəhbərliyi altında 2021-2022-ci illərdəşərti sərhədə yaxın ərazilərdə rus hərbi qüvvələrinin yerləşdirilməsinə icazə verib. Hazırda onlar heç yerə hərəkət etmirlər. Bu, Rusiyanın prosesdə iştirakını stimullaşdırmaq üçün imkanlar yaradır”.
Ekspert daha sonra Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqənin təmin olunması ilə bağlı Lavrovun dediklərini şəhr edib: “Lavrov bir daha üçtərəfli sazişə toxunub və Ermənistan ərazisindən Naxçıvana gedən kommunikasiyalara nəzarətdə Rusiyanın rolunu qeyd edib. Lavrov Azərbaycanın əldə etdiyi İrandan keçən marşrutu da narazılıqla qeyd edib. Bakı Rusiyanın Ermənistanla anlaşacağını gözləməkdən yorulub və alternativ yol məsələsi ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Azərbaycan artıq bu mövzu ilə bağlı prezidentlər səviyyəsində danışıb, Ermənistan hökuməti hələ də nə Rusiya, nə də Azərbaycan variantını qəbul etməyib. Amma İrəvanın götürdüyü öhdəlik hələ də aktualdır”.

Politoloq xatırladır ki, Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşir: “Paşinyanın hakimiyyət dövründə rus sərhədçiləri yerlərdə yaratdıqları infrastrukturun sayını artırıb və indi əlavə funksiyaya iddia edirlər. Məhz Ermənistan Rusiyanın hərbi kontingentini öz sərhədində yerləşdirib, nəzarəti təmin etmək öhdəliyini üzərinə götürüb, indi isə öhdəliyi yerinə yetirmək istəmir. Lavrov bu mövzunun erməni-rus mövzusu olduğunu, erməni-azərbaycanlı məsələsinə dəxli olmadığını təsdiqləyib. Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan geri çəkilmir və Naxçıvana Bakının şərtləri əsasında kommunikasiyalar vermək üçün tədbirlər görmür. Bu olmadan düyünü açmaq mümkün deyil”.
Sülh müqaviləsinə gəlincə, Fərhad Məmmədov vurğulayır ki, Lavrov yalnız sazişin imzalanacağı yerdən danışıb və zaminlik institutuna eyham vurub: “Aydındır ki, Rusiyanın sülh müqaviləsinin mətni ilə bağlı öz variantını irəli sürmək cəhdləri uğursuz oldu. Hazırda Moskva Paşinyan hakimiyyətinin mövqeyinin yaratdığı boşluqları doldurmağa çalışır. Məhz, Rusiya İran və Türkiyə ilə birlikdə İrəvanın təklif etdiyi sülh müqaviləsinin qarantları sisteminə salmağa çalışır. Zəmanət qurumu olmayacaq, Rusiyanın sıxışdırılması imkanı da olmayacaq. Bakının İrəvana təklif etdiyi budur.
İmzalanma yeri ilə bağlı Lavrov qeyd edib ki, Bakı sazişin Moskvada imzalanmasının əleyhinə deyil. Güman edirəm ki, Bakı danışıqların ilkin mərhələsində Rusiyanın monopol vasitəçi funksiyasına malik olduğu vaxt, yəni 2021-ci il ərzində Moskvada saziş imzalamağa razılıq verib. Ancaq son iki ildə nə Moskvada, nə də başqa yerdə sülh müqaviləsinin imzalanmasına razılıq verilməsi ilə bağlı rəsmi Bakıdan bir dənə də olsun açıqlama verilməyib. Bakı ardıcıl olaraq Ermənistanla ikitərəfli danışıqlar formatını təbliğ edir. Beləliklə, Moskvada ikitərəfli danışıqlar formatına nail olmaq və saziş imzalamaq məntiqsizdir”.
Fərhad Məmmədov yekun olaraq qeyd edir ki, Lavrovun bəyanatları Rusiyanın danışıqlar prosesində resurslarının məhdud olduğunu deməyə əsas verir.
“Moskva danışıqlar prosesinə nəzarəti itirib və prosesin müəyyən seqmentlərinə daxil olmağa çalışır. Ermənistan danışıqlar prosesində bu boşluqları yaradaraq ona imkanlar verir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycanla danışıqlarda ikitərəfli formatın alternativi yoxdur. Buna nail olmaq lazımdır ki, Rusiyanın istifadə edə biləcəyi boşluqlar olmasın”, - o qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Pusiyanin olduyu odur ki, Turkiye cenubu qafqazda mohkemlenib, merkezi asiya ile elaqelerini inkishaf etdirmesin!