Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının hazrıkı durumuna toxunub və rəsmi Bakının mövqeyini bir daha açıqlayıb.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var, bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Onun sözlərinə görə, Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.
Prezident əlavə edib ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
İlham Əliyev vurğulayıb ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.
Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində Prezident İlham Əliyevin dediklərini təsdiqləyib. O, bildirib ki, əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. “Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır", - o əlavə edib.
Baş nazir vurğulayıb ki, hazırkı təhlükəsizlik konsepsiyası Ermənistanın gələcəyini sual altında qoyur: “Hər hansı bir hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək. Təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır”.
Beləliklə, hazırkı mərhələdə Ermənistan sözdən əmələ keçməli, hüquq müstəvisini, qanunvericiliyini Azərbaycana qarşı əsassız iddialardan təmizləməlidir.

Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Polad Mehdiyev “AzPolitika.info”ya şərhində Ermənistanın atmalı olduğu addımların əhatə dairəsini qeyd edib.
Hüquqşünas hesab edir ki, sülh müqaviləsinin bağlanmasına əsas maneə Ermənistanın destruktiv mövqeyi ilə yanaşı həm də onun qanunvericilik sistemində Azərbaycana qarşı olan ərazi iddialarıdır: “Belə ki, 1 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti tərəfindən “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edilib. Həmin qərarın əsasında 23 avqust 1990-cı il tarixində “Ermənistanın Müstəqillik Bəyannaməsi” qəbul edilib. Müstəqillik Bəyannaməsində “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi” haqqında qərara əsaslanaraq müstəqil Ermənistan Respublikasının yaradılması məqsədi elan edilib”.
Polad Mehdiyev vurğulayır ki, Müstəqillik Bəyannaməsinin əsasında Ermənistan Respublikasında iki dəfə - 5 iyun 1995-ci il tarixli və 12 noyabr 2005-ci il tarixli (qüvvədə olan) konstitusiyalar qəbul edilib. “Hər iki konstitusiyasının preambulasında qeyd olunur ki, “Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərini əsas götürərək Ermənistan Respublikasının Konstitusiyası qəbul edilir”. Bu o deməkdir ki, Azərbaycana qarşı ərazi iddiası, Qarabağın Ermənistana “birləşdirilməsi” ideyası hal-hazırda Ermənistanın mövcud qanunvericilik aktlarında öz təsbitini tapıb”, - o əlavə edib.
Hüquqşünasın sözlərinə görə, qeyd edilən normativ aktlarda və Ermənistanın Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair birbaşa çağırışlar mövcuddur: “Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları və ittihamlar irəli sürülüb”.
P.Mehdiyev onu da qeyd edir ki, eyni zamanda, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddialarının əsasını həm də Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrı bir subyekt olaraq göstərilməsi kimi məsələlər təşkil edir: “Bundan başqa 3 oktyabr 2023-cü il tarixində Ermənistan parlamenti tərəfindən ratifikasiya edilən Roma Statutunun Ermənistana təcavüskar müharibə başlatmağı (crime of aggression) və başqa dövlətlərə qarşı ərazi iddiasında olmağı qadağan etməsinə baxmayaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Konstitusiya isə Ermənistanda ən yüksək və birbaşa hüquqi qüvvəyə malik aktdır. Ermənistanın qanunvericilik sisteminin əsasını təşkil edir. Bütün normativ hüquqi aktlarla, o cümlədən tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Ermənistan Konstitusiyası arasında ziddiyyət yaranarsa, Konstitusiya əsas götürülür. Bu isə o deməkdir ki, nəzəri cəhətdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansa belə, Ermənistanın Konstitusiya Məhkəməsi həmin sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğunsuzluğu barədə qərar qəbul edərək, onu qüvvədən düşmüş hesab edə bilər”.
Hüquqşünas hesab edir ki, yalnız Azərbaycana qarşı bu ərazi iddialarına son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi aktlarda dəyişikliklər edildiyi halda iki dövlət arasında sülhə nail oluna bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər