HÖKUMƏTDƏ İKİ MÜHÜM DƏYİŞİKLİK - Nazir və komitə sədri vəzifələri yeni şəxslərə həvalə olundu + DOSYELƏR (Yenilənib)

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.

Dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında F.Məmmədovun adı yoxdur.

Qeyd edək ki, 2000-ci ildən bu günə qədər Azərbaycanın ədliyyə naziri olan Fikrət Fərrux oğlu Məmmədov 1 iyul 1955-ci ildə Bakıda anadan olub. I dərəcəli dövlət ədliyyə müşaviridir.

Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilib. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Qeyd olunur ki, F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr verib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Ailəlidir, 4 övladı var.


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Bununla bağlı da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O da yeni hökumətin tərkibində yer almayıb.

Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978-1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.

1995-2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.

1996-2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.

Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olub və partiyanın həmsədri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olub.

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 

Ailəlidir, iki övladı var.

Ədliyyə nazirinin səlahiyyətləri kimə həvalə olunub? 

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

“AzPolitika.info” xəbər verir ki,  Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.  Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.


Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində çalışıb.

1986-cı ildə prokurorluq orqanlarına keçib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviridir.

2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinə rəhbərlik edir.

Ailəlidir, iki övladı var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi kimə həvalə olunub?

Prezident İlham Əliyev Səyyad Salahlıya (Aran) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika.info"  onun dosyesini təqdim edir:

Səyyad Salahlı 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub.


O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur

1972-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1995-ci illərdə "Səs" qəzetində baş redaktorun birinci müavini olub.

1995-2005-ci illərdə birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan S.Salahlıya 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib.

2006-2010-cu illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu olub.

2012-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsini tuturdu.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı, 20 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı, 14 yanvar 2022-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi-publisistik, dörd bədii kitabın müəllifidir.

Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

“AzPolitika.info”

635x100

Şərhlər

Şəkili 2024-02-19 23:53:43

Şəki bəlkə bu gündən sonra inkişaf edə bilər ! İnşallah !!!

Cəmşid Dərələyəzli 2024-02-18 11:28:30

İndiki köhnəlmiş idarəetmə sistemi ilə hökümətdə kimin qalması və kimin getməsinin heç bir önəmi yoxdur. Önəm odur ki, Sistem dəyişsin. Və bu dəyişməni də Ölkə Başçısının edəcəyinə əminik. Çünki, biz bu məsələdə çox gecikirik.

Məmməd 2024-02-17 09:18:43

Səyyad Aran !!!!!!!!! ,,,

Dövlətini sevən 2024-02-16 21:15:55

Ədliyyə sistemində və Vəkillər Kolegiyasında inkişafa qədəm qoyuldu !

Zabit 2024-02-16 18:22:43

MÜHÜM DƏYİŞİKLİK ???

Senan 2024-02-16 17:17:23

Mūhūmə bax dəəə....

Lətif Qarayev 2024-02-16 17:14:38

Şilo na mılo!

Son yazılar