“QOCA QULDURLAR: UKRAYNA DONALD VƏ CODAN NƏ GÖZLƏYİR?” - TƏHLİL

“Tramp-Bayden dueti üzündən Ukraynada bir neçə problem meydana gələ bilər”

Amerika Birləşmiş Ştatlarındakı prezident seçikləri həmişə öz siyasi əhəmiyyətinə görə qlobal xarakter daşıyıb. Bu ilin noyabrında keçiriləcək prezident seçiklərini Cozef Bayden və Donald Tramp arasında gedən sərt mübarizənin ikinci raundu hesab etmək olar. Demokratlar və Respublikaçıların daxili məsələlərə baxışı kimi, xarici siyasət kursları da bir-birindən fərqlənir.

Tramp təcridçilik siyasəti yürütmək niyyətindədir. Onun prezidentlik dönəmindəki “America First”(İlk öncə Amerika), ”Make America Great Again)” (Amerikanı yenidən böyük etməli) şüarları göstərir ki, Tramp ABŞ siyasətində radikal dəyişikliklər etməyi planlaşdırır. Bu seçkilərin Ukraynada gedən müharibənin müqəddəratına ciddi təsir göstərəcəyi isə şübhəsizdir.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Apostrof.ua”saytı “Qoca quldurlar: Ukrayna Donald və Codan nə gözləyə bilər?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”ABŞ-də 5 mart tarixində “super çərşənbə axşamı” adlanan partiya praymerizləri keçirilib. Bu praymerizlərin məqsədi Respublikaçılar və Demokratların prezidentliyə namizədini müəyyənləşdirməkdir. Ekspertlərin hələ ilk praymerizlər başlamamışdan öncə verdikləri proqnozları özünü doğrultdu və ştatların əksəriyyətində Cozef Bayden və Donald Tramp qələbə qazandılar. Ancaq Trampın opponenti olmuş və namizədliyini geri götürən Nikki Heyli Respublikaçıların ənənəsini pozaraq öz tərəfdarlarını Trampı dəstəkləməyə çağırmadı.

Təxmini nəticələr

Demokratlar və Respublikaçılar partiyasından ABŞ prezidentliyinə irəli sürülən namizədlər üçün əsas hadisələrdən biri sona çatdı. Partiyadaxili seçiklərdə Cozef Bayden və Donald Tramp qalib gəldi. ABŞ KİV-ləri yazır ki, Bayden 15 ştatda, Tramp isə 12 ştatda praymerizi udub, bu isə onların qələbəsi üçün yetərli olub. ”CNN” televiziyasının verdiyi məlumata görə, Tramp 936 nümayəndənin dəstəyini alıb. O, namizədliyinin təsdiqi üçün 2429 nümayəndədən ən azı 1215-nin səsini qazanmalıdır. Bayden isə 1312 nümayəndə tərəfindən dəstəklənib. Öz növbəsində Bayden də 3934 nümayəndədən ən azı 1968-nin səsini toplamalıdır.


Respublikaçılar partiyasından namizəd seçilmək üçün Trampın rəqibi Nikki Heyli yeganə qələbəsini Vermont ştatında əldə etmişdi. Nümayəndə səsinə görə Trampdan xeyli geridə qalan Heyli real şansının olmadığını görüb, öz seçki kampaniyasını dayandırdı. Lakin burada bir mühüm məqama diqqət etmək lazımdır, Heyli öz tərəfdarlarını keçmiş prezidenti dəstəkləməyə çağırmadı. Bu, irəlidə Trampın seçki kampaniyasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Taras Şevçenko adına Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun professoru, siyasi elmlər doktoru, amerikaşünas Sergey Qalaka deyib: “Bayden və eləcə də Tramp öz partiyalarından müvafiq olaraq Kaliforniya və Texasda qalib gəliblər. Bu iki ştat ən çox nümayəndə ilə təmsil edilir və onların səsi namizədlik irəli sürmək üçün çox vacibdir”.

Hər iki qalib artıq ümumi vəziyyəti şərh etməklə yanaşı bir-birinə qarşı hücuma da keçiblər. Floridadakı malikanəsində çıxış edən Donald Tramp Baydenin miqrasiya siyasətini tənqid atəşinə tutub və onu “ən pis prezident” adlandırıb.

Bayden isə Tramp haqqında deyib: ”Bu günkü nəticələr Amerika xalqını aydın seçim qarşısında qoyur: biz ya irəliyə hərəkət etməliyik, ya da Donald Trampına bizi geriyə, xaosa, parçalanmaya və qaranlığa sürükləməsinə imkan verməliyik”.

Trampın perspektivi

Qeyd etmək lazımdır ki, hələ praymeriz tam yekunlaşmayıb və namizədlər digər ştatlarda da öz dəstəkçilərindən səs toplamalıdırlar. Sergey Qalaka bununla bağlı bildirib: “Baydenlə hər şey aydındır. O, əminliklə Demokratların namizədi olacaq. Amma Trampla bağlı vəziyyət hələ tam bəlli deyil. Bir tərəfdən o, tank kimi irəliləyir və dayanmaq niyyəti yoxdur. Amma digər tərəfdən, onu qarşıdan gələn məhkəmələr, ya da ki, hansısa qeyri-adi hadisə durdura bilər”.

Politoloq Pyotr Oleşuk isə deyib: ”Nikki Heyli seçkilərə müstəqil namizəd kimi qatılmaqla Trampın səslərinin bir hissəsini ala bilər və onda sözsüz ki, bu, seçkinin nəticələrinə təsir göstərər”.

Digər siyasi texnoloq Vitali Bala isə belə bir dönüşün ola biləcəyini ehtimal etmir. Onun fikrinə görə, Respublikaçılar buna getməyəcəklər və Heyliyə növbəti prezident seçkilərində lider kimi baxa bilərlər.

“Mask, kömək et!”

Vitali Bala eyni zamanda Trampın çox zəif maliyyə dəstəyinə diqqət ayırır. ”The New York Times” qəzetinin verdiyi məlumata görə, guya Donald Tramp öz seçki kampaniayasına maliyyə dəstəyi verilməsi üçün 3 martda Floridada “Space X”-in qurucusu İlon Maskın komandasındakı adamlarla və bir neçə Respublikaçı donorla görüşüb. “The New York Times”qeyd edir ki, Mask uzun illər ərzində “yumurtaları ayrı-ayrı səbətlərə yığb” və o, hər iki partiyadan olan namizədlərə maliyyə yardımı etsə də, böyük pullar xərcləməyib. Bunu Respublikaçılar və Demokratlar arasında bərabər səviyyədə bölüb. Ancaq indi vəziyyət dəyişə bilər.

Xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramı üzrə Razumkov Mərkəzinin həmsədri Mixail Paşkov yaranmış vəziyyəti belə şərh edib: “Hərçənd ki, hər iki siyasətçi yaşlıdır, düşünürəm ki, nəticə Baydenin xeyrinə olmayacaq. Tarmp özünün “nüvə” elektoratı ilə fərqlənir. Tramp-Bayden dueti üzündən Ukraynada bir neçə problem meydana gələ bilər.

Birinci problem maliyyə yadımının ləngidilməsidir. Trampçı Respublikaçılar praymerizin necə qurtaracağını gözləyərək həmin layihəni əngəlləməkdə davam edəcəklər.

İkinci problem amerikalılar ilə təhlükəsizlik müqaviləsinin imzalanmasının əngəllənməsidir. Ukraynanın tərəfdarları Viktoriya Nulandın və Respublikaçıların Senatdakı lideri Mitç Makkonelin istefaları bizim üçün çox həyacanvericidir.

Ağ Evdə Nulandı Ukraynaya loyal olan şəxs əvəzləyəcək, Makkonellə bağlı isə vəziyyət mürəkkəbdir. Makkonel Senatda qalacaq, amma onun təsiri xeyli azalacaq”.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Senan 2024-03-08 13:17:51

Bəs bu qoca quldurların pensiya yaṣı ōtməyib? Niyə gedib evlərində toyuq cŭcəyə yem vermirlər?

Son yazılar