VASİF TALIBOVUN “QURBANLARI” AZADLIĞA BURAXILIB – Aralarında İsa Həbibbəylinin oğlu da var...

Naxçıvanda yüz milyonlarca manat yeyintidə ittiham olunaraq həbs edilən yüksək vəzifəli şəxslər azadlığa çıxıb.

“AzPolitika” “azadliq.org”a istinadla xəbər verir ki, həbsdən buraxılanlar arasında Muxtar Respublikanın sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli (S.Həbibbəyli ev dustaqlığında idi-red.), bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.

Adları çəkilən şəxslər 2022-ci ilin noyabrında həbs olunarkən, həmin vəzifələrdə çalışırdılar. Onların həbsindən sonra vəzifələrindən də azad edilmələri barədə sərəncam və əmrlər imzalanıb.

Külli miqdarda mənimsəmədə ittiham edilən bu məmurlarla bağlı cinayət işinin istintaqı DTX-də aparılır, özləri də həmin qurumun istintaq təcridxanasında saxlanılırdı.

“Səbail Rayon Məhkəməsinin qərarı ilə onların haqqında, ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Sonradan həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə məhkəmə qərarıyla artırıldı. Sonuncu dəfə artırılmış həbs müddəti başa çatanda isə daha uzatma üçün məhkəməyə təqdimat verilməyib. Onlar həbsdən buraxılıblar”, - mənbə bildirilib.

Mənbənin sözlərinə görə, sabiq məmurlar azadlığa çıxsalar da, cinayət işinə xitam verilməyib. Onlar yenə də təqsirləndirilən şəxs statusunda qalırlar. Keçmiş məmurlardan birinin vəkili də bu məlumatı təsdiqləyib.

Rəfael Əliyev Maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamıyla Maliyyə naziri təyin edilib. R.Əliyev nazir vəzifəsinə gedəndən sonra Gömrük Komitəsində onun əvvəlki postuna Mansur Əsgərov təyin olunub.

Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri, general-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Naxçıvanda həbs olunan məmurlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə - ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilmişdi. Məsələn, sabiq nazir R.Əliyev 144 milyon manatlıq mənimsəmədə suçlanırdı. Keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.

Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.

Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. O, hələ də həbsdədir və hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir. 2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi. O, külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.

Həbsdən buraxılan Naxçıvan məmurlarının “qurban” olduqları ilk günlərdən şübhə doğurmurdu. Hamıya aydın idi ki, sözügedən şəxslərin yüz milyonlarla dövlət vəsaitini mənimsəməkləri mümkün deyildi. Bu dövlət talanının başında Talıbovlar ailəsi dururdu və həbs olunan məmurlar da çox böyük ehtimalla, istintaqa bunu bildirmişdilər. Yəni onlar Talıbovların “qurbanları” idi. 

Görünür, talanan dövlət vəsaiti əsl talayan tərəfindən dövlətə geri qaytarıldığından, formal hüquqi məsuliyyət daşıyanları həbsdə saxlamağın mənası qalmayıb...

Rasim ƏLİYEV

“AzPolitika.info”

635x100

Şərhlər

Rəvan 2024-03-23 11:43:08

Bəs bunları qurbn edən,qanun tanımayan Talıbova qarşı hansı tədbir görülüb?

Naxçıvanlı 2024-03-19 10:28:54

ƏGƏR VASİF TALIBOV CİNAYƏTLƏR TÖRƏDİBSƏ,QANUN POZUBSA O ZAMAN NİYƏ HBS EDİLMİR? TORBADA PİŞİYİN QUYRUĞU ÇÖLDƏ QALIB?

Məmməd 2024-03-15 14:20:31

Oxay! Gedin dədə malınız kimi yeyin, keyf eləyin!

Son yazılar