“Müsavat Partiyasının 500 nəfərdən çox üzvü bizim qoşulmaq üçün müraciət edib”. Bunu Publika.az-a açıqlamasında Sülhəddin Əkbərin sədrlik etdiyi Azad Demokratlar Partiyasının (AzDP) Ali Məclis sədri Tapdıq Abbas deyib.
Onun sözlərinə görə, Müsavatın bir neçə rayon təşkilatından kollektiv şəkildə AzDP-yə qəbul olunanlar var: “Artıq Müsavat faktiki olaraq parçalanıb. Orada bizim dostlarımız hələ mübarizəni davam etdirirlər. Onlara qurultaydan narazılar deyirlər, əslində onlar narazı deyillər. Onlar pozulmuş qaydaların bərpası üçün yollar axtarırlar. Belə görünür ki, yolları ayrılacaq və yeni partiya yaranacaq. Sadəcə olaraq müsavatçı dostlarımızın mübarizəsinə xələl gəlməsin deyə partiyamıza üzv olanları elan etmirik. Elə rayon təşkilatı var ki, oradan 200 nəfər, eləsi var 70, bəzi rayonlardan 150 nəfər sıralarımıza qoşulmaq üçün ərizə veriblər. Biz də ideoloji olaraq müsavatçıyıq. Onlar hərəkatda, Müsavatda 25 illik dostlarının yanına gəlirlər”.
T. Abbasın parlament seçkiləri ərəfəsində Arif Hacılı ilə mübahisə yaşadığını açıqlayıb.
“Məclisin iclasında Arif Hacılı dedi ki, Tapdıq Abbas namizədliyini verməsin, bizim başqa tələbimiz yoxdur. Mən də dedim ki, məsələni müzakirəyə qoyun, mən parlamentə gedəcəm. Onlar İsa Qəmbərin köməkliyi ilə mənim parlament seçkilərində Müsavatdan namizəd olmağımı əngəllədilər. Məclisdə mənə töhmət vermişdilər. Sonra MNTK-ya ərizə verdim və həmin töhmət ləğv edildi. Mustafa Hacıbəyli qəzetdə haqqımda böhtan danışmışdı. Onun məsələsinə MNTK-da baxıldı, Mustafanı ünvanıma səsləndirdiyi saxta ittihamlara görə partiyadan çıxarırdılar. İsa Qəmbər məsələyə qarışdı və həmin iclası pozdu, Mustafanın Müsavatda qalmasına şərait yaratdı. Həmin iclas çox gərgin keçmişdi, hətta Mustafanı əzişdirdilər. Mən bu əngəllərə rəğmən parlament seçkilərinə qatıldım, dairəmdə Arif Hacılıdan da, İsa Qəmbərdən də 3 dəfə çox səs topladım və bir daha partiyaya geri dönmədim. Bu insanların hamısı partiyaya mandat da, pul da bizim olsun demək üçün yığışıblar. 2003-cü ildə 3 milyon manatdan çox pul ortalıqda olub. Onu mənimsəyiblər, amma bunun hesabatını verən yoxdur. 2005-ci ildə tələb etdik ki, partiyanın maliyyə mənbəyini açın, bunu gizlədiblər. Biz şəffaflıq uğrunda mübarizə aparırdıq”, - deyə T. Abbas vurğulayıb.

Şərhlər