Müsavat Partiyasının sonuncu qurultayının rəsmi nəticələrini tanımayan şəxslərin yaratdığı işçi qrup dekabrın 3-də toplantı keçirib.

Müsavatın sonuncu qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlu “Media forum” saytına bildirib ki, bu, işçi qrupun son toplantısı idi, belə ki, işçi qrup bir aylığa yaradılmışdı.

Qubad İbadoğlunun bildirdiyinə görə, işçi qrupun dekabrın 3-də keçirilən son toplantısında Müsavatın növbədənkənar qurultayının çağırılması və partiyada fraksiya yaradılması məsələləri müzakirə edilib. Toplantıda növbədənkənar qurultayın çağırılması üzrə təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun işini təşkil etmək, qrupu formalaşdırmaq Qubad İbadoğluna tapşırılıb.

Toplantı iştirakçıları Müsavat Partiyasında fraksiya yaradılmasını da məqbul hesab ediblər. Fraksiyanın yaradılmasını təşkil etmək partiyanın son qurultayında başqanlığa namizəd olmuş digər şəxsə - Tural Abbaslıya həvalə edilib.

Tural Abbaslı “Media forum”a bildirib ki, hələlik fraksiyanın nə vaxt elan ediləcəyi, adının necə olacağı bilinmir, amma bu məsələlərə tezliklə aydınlıq gətiriləcəyi gözlənir.

Toplantıda növbədənkənar qurultayın çağırılması üzrə təşəbbüs qrupu ilə fraksiyanın yaradılması işini koordinasiya etmək də qərara alınıb.

Sentyabrın 27-də Müsavatın qurultayı keçirilib. Qurultayda başqan seçkisi olub. Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib. 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edir, nəticələri tanımır.

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası pozuntular olduğu barədə arayışı əsassız sayaraq 27 sentyabr qurultayının nəticələrinin partiya üzvlərinin iradəsini əks etdiridiyini bəyan edib.

Qurultayda başqan seçkisi zamanı 19 səs toplamış Tural Abbaslı da partiyanın indiki rəhbərliyinin siyasətini davamlı tənqid edir.

Narazı qrup qurultaydan sonra iki dəfə Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirib. İkinci toplantı noyabrın 8-də olub və təkliflər hazırlamaq üçün işçi qrup yaradılıb.

Noyabrın 23-də Müsavat Partiyasının ümumrespublika müşavirəsi keçirilib. Narazı qrupun əsas siması Qubad İbadoğlunun da iştirak etdiyi müşavirədə 1992-2014-cü illərdə Müsavatın başqanı olmuş İsa Qəmbər narazılar haqda çox sərt danışıb, onların fraksiya yaratmaq niyyətini və növbəsiz qurultay tələblərini pisləyib və sonda deyib: “Mən Müsavat Partiyasının başqan seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.