“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat partiyasının rəhbərliyinə qarşı qəzəbli bir status paylaşaraq, bu partiyanı tərk edəcəyinin siqnalını verib. Baş redaktor AXCP sədri Əli Kərimli ilə mübarizədə, Müsavat rəhbərliyində təmsil olunanların onu kürəyindən xəncərlədiklərini iddia edib. AzPolitika.info Rauf Arifoğlunun Feysbuk statusunu təqdim edir:
“ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası...
Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində Əli Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi... Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...
AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bzisə kürəyindən qılınclanan Bamsı Beyrək..."
R.Arifoğlunun qardaşı Azər Ayxan da, Müsavatı ittiham edərək “ciddi bir qərar” verməyin zamanı çatdığını yazıb: “Çox ciddi bir qərar verməyin zamanı yetişib artıq. Bizi hər addımda, hər fürsətdə kürəyimizdən vuran bir partiya ilə yola davammı, yoxsa tamammı... Partiya rəhbərliyi hələ də ələ anlayır ki, “Yeni Müsavat”-ın onlara əşhədü ehtiyacı var. Bunca etdikləri pisliklərə dözürük, ele bilirlər ehtiyacımız olduğundandı bu dözümlülük. Birilərinə dərs verməyin, nəyin necə olduğunu başa salmağın zamanı çatıb. Bunca naşükürlüyə, nankorluğa, namərdliyə niyə və kimə görə dözək? Niyə özümüzü aldadaq? Can onların, cəhənnəm Tanrının - yolumuza baxaq.”
R. Arifoğlunun narazı qaldığı sözügedən süjetin videosunu təqdim edirik.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər