“Qarşıdakı 50 gündə İranda sakitlik olmayacaq...”
“İran prezidentinin helikopterinin qəzaya uğramasından təəssüf hissi keçiririk. Məlum olduğu kimi, bu hadisə Azərbaycan Prezidenti ilə sərhəddəki görüşdən sonra baş verib. Görüş çox yaxşı keçmiş, tərəflər qarşılıqlı müsbət mesajlar vermişdilər”.
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İran Prezidenti İbrahim Rəisinin və bir sıra yüksək səviyyəli dövlət rəsmilərinin ölümü ilə nəticələn məlum helikopter qəzasını “AzPolitika”-ya şərh edərkən deyib.
Ekspert hadisənin qəza, yoxsa sui-qəsd nəticəsində baş verməsinə dair deyilənlərlə bağlı öz mülahizələrini bölüşüb: “Burada ağla ilk versiya kimi qəza gəlir. Amma yenə də detallı araşdırma aparılmalıdır. Helikopter Azərbaycan-İran sərhədindən havaya qalxdıqdan sonra görüntülər yayılıb. Hava o qədər dumanlı görünmür. Ehtimal ki, helikopter müəyyən məsafə qət etdikdən sonra dumana düşüb. Aşağı enmək və ya davam etməklə bağlı peşəkar qərar qəbul edə bilməyibər. Əslində burada prezidentin mühafizəçisi onu indandıra bilərdi ki, “biz gedirik, amma qarşıda yüksək dağlıq ərazilər var, hava da qaralır və biz enməliyik”.

İ. İsmayıl helikopterin müasir standartlara uyğun olmadığına diqqət çəkib: “Helikopter 1979-cu ildə istehsal olunub, ilk uçuşunu 1981-ci ildə gerçəkləşdirib. Müasir dövrə uyğun olmayan bu helikopter bir sıra cihazlarla təmin olunmayıb. Bir nömrəli şəxsin - dövlət başçısının bu cür keyfiyyətsiz helikopterlə havaya qalxması bəzən inandırıcı gəlmir. Amma bir tərəfdən də çox böyük təəssüf hissi doğurur ki, prezident az qala 50 yaşı olan bir helikopterlə havaya qalxır. Bu helikopter o qədər primitiv təsir bağışlayır ki, onun adi halda da qəzaya uğraması inandırıcıdır. Helikopterin qalıqlarının tapıldığı yerdən də görünür ki, hadisə qayalıq ərazidə yox, meşənin içərisində olub. Müasir helikopter olsaydı, qarşıdakı maneə elektron cihazlarda görünərdi. Bu tip helikopterlərin belə avadanlıqları olmur”.
Ekspert hadisənin təxribat nəticəsində baş verə biləcəyini istisna etməyib: “Burada xarici faktorun ola biləcəyini düşünmürəm. Abbas Cuma kimi yəhudi-türk düşməni jurnalistlər tələsik uçurlar Tehrana və hadisənin arxasında İsrail və Azərbaycanın olduğuna dair iddialar səsləndirirlər. Erməni mətbuatı da bunu tirajlayıb, hadisəni üzərimizə yıxmağa çalışır. Daxili bir təxribatın olma ehtimalı da mümkündür, amma azdır. Çünki İran Prezdientinin funkisyasını yerinə yetirən şəxslə ölkənin Ali dini lideri Əli Xameneyi arasında təsir imkanları baxımından ciddi fərq var. Amma o da məlum idi ki, Xameneyinin yaşı çox idi və perspektivdə Rəisinin onun yerinə keçəcəyi inandırıcı görünürdü. Bu söz-söhbət İran mətbuatında, siyasi dairələrində də gəzirdi. Rəisini aradan götürmək üçün daxili qüvvələrin hansısa təxribata getmə ehtimalı var.
Bundan sonra İranda 50 gün ərzində prezident seçkiləri keçiriləcək. Bu prosesin sakit keçəcəyi inandırıcı deyil. Burada siyasi məsələlər üzə çıxacaq. Xüsusilə Bəlucistanda yenidən ayaqlanmalalar, küçə iğtişaşları başlaya bilər. Bütün bunlar gözləniləndir”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Necə ola bilər ki,prezidenti müşayət edən iki helo'ikoptel prezidenti yarı yolda buraxıb gedir?Elə bu təxribat deyil?Bu eyni ilə Qarakıənd helikoptelinin qəzasına bənzyir.Necə Tamerlan sağ qalıb və sonra xaricdə səfirliklərdə keülləndirirlər.
Allahım, necə də dərin analiz, ancaq həqiqi EXPERT bu dərinliyə baş vura bilərdi. Mərhum prüzidentə ancaq belə ağıllı mülahizələr kömək edərdi.