Vladimir Putin xarici ölkə agentliklərinin rəhbərləri ilə görüşündə NATO ölkələrinə qətiyyən hücum etməyəcəyini deyib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya başçısı bir sıra ekspert və siyasətçilərin Rusiya Federasiyasının NATO ölkələrinə hücum planlaşdırması barədə bəyanatlarını sərt dildə və jestlərlə təkzib edib: “Özlərindən uydurublar ki, Rusiya NATO-ya hücum etmək istəyir. Siz tamam ağlınızı itirmisiniz? Bu masa kimi kütsünüz? Bunu kim düşünüb? Axmaqlıqdır... Siz NATO-nun da potensialına baxın, Rusiyanın da”.

Qeyd olunur ki, Putin bunları deyərkən emosional şəkildə yumruğunu masaya vurub.

Lakin xəbəri yayan KİV-lər Putinin 2019-cu ildə “Rusiya çağırır” adlı investisiya forumunda Ukraynaya mümkün hücumla bağlı sualı cavablandırarkən verdiyi açıqlamanı da xatırladıblar. Putin həmin vaxt deyib: “Ukrayna ilə bağlı bütün problemlərə, Krım və Donbass ətrafında spekulyasiyalara baxmayaraq, hər kəs yaxşı başa düşür ki, Rusiya heç kimə hücum etmək fikrində deyil. Avropa İttifaqı və NATO-da nə qədər əhali var? Ümumi iqtisadi və hərbi potensial nə qədərdir? Bu, sadəcə cəfəngiyyatdır, axmaqlıqdır. Rus təhdidləri Rusiyaya qarşı mübarizədə avanqard rolundan faydalanmaq istəyənlərin uydurmasıdır”.

Ancaq göründüyü kimi, Putin “cəfəngiyyatdır, axmaqlıqdır” deyə-deyə Ukraynaya hücum etdi. İndi kim təminat verə bilər ki, bu “axmaqlıq” davam etdirilməyəcək?

Onu da qeyd edək ki, Putin elə bir neçə gün öncə adını çəkmədiyi “sıx əhalisi olan” kiçik Avropa ölkəsini sətiraltı şəkildə nüvə silahı ilə təhdid etmişdi.

“AzPolitika.info”