İqtidar “müxalifətsiz cəmiyyət modeli”ni həyata keçirir
Xədicə İsmayılın həbsi xəbəri cəmiyyətdə qınaq və hiddət yaratsa da, heç kəsdə təəccüb doğurmadı. Sanki belə də olmalı idi. Bütün ölkə araşdırmaçı jurnalistin nə zamansa həbs ediləcəyindən əmin idi. Əslində, Xədicənin kimin ifadəsinə əsasən həbs olunacağının böyük bir önəmi də yoxdur. İşdə adı keçən Tural Mustafayevə epizodik rol ayrılıb. Sifarişçi və həbsin motivi bəllidir. X. İsmayıl “qadağan olunmuş, mina basdırılmış sahəyə” ayaq basmışdı və odur ki, onun həbsi gözlənilən idi.
X. İsmayılın anti- Rusiya mövqeyində duran jurnalist kimi tanınması da bu həbsi qaçılmaz edirdi. Ən azından, Rusiyanın zəif nöqtələrinə ardıcıl zərbələr endirən jurnalist Rauf Mirqədirov nümunəsi şimal qonşumuzu sevməyənlərin cəzalandırılacağını deməyə əsas verirdi.
Cənubi Qafqazın ən nüfuzlu mətbu orqanlarından olan “Zerkalo” qəzetinin susdurulmasında da “Rusiya amili” az rol oynamamışdı.
Azərbaycanda qəribə vəziyyət yaranıb. Qərbin demokratik dəyərlərinə rəğbəti olan hər kəs cəzalandırılır. Odur ki, Qərblə bağlı olan fəalların həbsini öncədən ehtimal etmək də mümkün olur. Bədbin proqnozlarımın özünü doğrultmasına qəti fəxr edə bilmirəm. İlqar Məmmədov, Anar Məmmədli, NİDA üzvləri, Rauf Mirqədirov, Rəsul Cəfərov, Leyla Yunus, İntiqam Əliyev və artıq X. İsmayılın həbs ediləcəyi ilə bağlı proqnozlarım özünü doğrultdu.
Hazırda başlanan, davam edən və artan xətt üzrə inkişaf edəcəyi gözlənilən həbs dalğası ehtimal ki, 2015-ci ilə hesablanıb. Hakimiyyət 2015-ci ildə keçirəcək Yay Olimpiya Oyunlarına qədər narazı elektoratın fəallarını, parlament seçkilərinə qədər isə ciddi siyasi rəqiblərini tamamilə sıradan çıxartmaq istəyir. Hakimiyyət parlament seçkilərini tamamilə öz nəzarətində keçirmək niyyətindədir. Bu baxımdan, ona problem yarada biləcək ictimai və siyasi fəalların hamısını zərərsizləşdirilir.

“Qərb buna imkan verməz” tezisi bu dəfə işləmir. Ümumiyyətlə, heç zaman işləməyib. Nə Leyla Yunusun həbsi zamanı, nə İlqar Məmmədov, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyevin həbsi zamanı bu tezis özünü doğrultmayıb.
X. İsmayıl təqiblərə məruz qalanda da belə versiyalar irəli sürülürdü ki, ABŞ öz radiosunda çalışan bir araşdırmaçı jurnalisti və ictimai fəalı qoruya biləcək. Siyasəti daha dərindən izləyənlərə isə bəlli idi ki, X. İsmayıl yaxınlarda həbs ediləcək və Vaşinqton ən yaxşı halda, bəyanat verməklə kifayətlənəcək. Hansısa sərt sanksiyaların veriləcəyi də gözlənilən deyil. Qərb baş verənlərə sadəcə, sakit reaksiya verir. “Narahatıq”, “çox narahatıq”, “üzülürük” ifadəsindən o yana keçməyən bəyanatlarla isə uzağa getmək mümkün deyil. Bu isə onu deməyə əsas verir ki, Qərb siyasi dairələri ilə rəsmi Bakı arasında ictimaiyyətə məlum olmayan hansısa “centlmen razılığı” mövcuddur. Rəsmi Bakı bu həbslərin müqabilində Qərb qarşısında hansı güzəştə gedəcək, onu indidən demək çox çətindir. Ancaq Azərbaycan ictimai- siyasi müstəvisinin tamamilə dağıdılması Qərbin razılığı olmadan həyata keçirilə bilməzdi.
Hakimiyyət müxalifətsiz Azərbaycan modeli qurur. Odur ki, AXCP və Müsavat sıradan çıxardılmalı, sonuncu tənqidçi mətbuat “Yeni Müsavat” və “Azadlıq” susdurulmalıdır.
Qərargahdan məhrum edilən, onlarla üzvü zindanda olan AXCP nin indi də sədrinin həbsinə hazırlıq gedir, Müsavat isə açıq aydın hakimiyyətin təhriki ilə parçalanmağa və parlament seçkilərinə qədər tam sıradan çıxarılmağa sövq edilir.
Müxalifətsiz Azərbaycan modeli artıq bərqərar olmaqdadır. Cəmiyyət isə susur. Vəziyyət kritik nöqtəyə transfer etməkdədir. Artıq hamı öz həbsini gözləyir. Sosial şəbəkə fəalları, gənclər, bir sözlə hər kəs ən ağlasığmaz bəhanələrlə hər an həbsə girə bilər.
“İnsan amili” Azərbaycanda heç bir önəm kəsb etmir. Düzdür, insanlar həbsə gülə - gülə gedirlər. Sındırılmış insan taleləri, ölüm yatağında olan cəmiyyət isə acınacaqlı durumdan qurtula bilmir. Buna etiraz etməyin, kiçik intriqalardan uzaq durmağın zamanı çatmayıbmı? Əlbəttə ki, iqtidar öz xəfiyyələri vasitəsilə protest elektoratını daxili çəkişməyə sövq edə, hədəfdən yayındırmağa nail ola bilər. Lakin nə vaxta qədər? İnsanlar hələ də Azərbaycanı gözləyən faciənin fərqində deyillər...
Azər RƏŞİDOĞLU(musavat.com)

Şərhlər