Vladimir Putinin əcnəbiləri xırda, əsassız ittihamlarla həbs etmək strategiyası ona xaricdəki rusiyalı qatilləri, casusları və hakerləri azad etmək imkanı verib.
“AzPolitika” xəbər verir ki, bunu “The Washington Post” nəşri Rusiya ilə Qərb ölkələri arasında baş tutan “böyük mübadilə”ni şərh edərkən yazıb.
Qəzetin yazdığına görə, “böyük mübadilə” ilə Putin casusların, hakerlərin və Qərbdən almağı ən çox arzuladığı məhbusun – keçmiş çeçen səhra komandirini Almaniyada öldürən və orada mühakimə olunan, kəşfiyyatla əlaqəli qatilin azadlığa buraxılmasına nail olub: “Bu, avtoritar rus diktatorunun ən böyük qələbəsi idi və onun Qərb liderlərindən istədiyini almaq üçün qlobal normaları pozmağa hazır olmasından irəli gəlir”.
Yazıda qeyd olunur ki, Putin fevral ayında amerikalı Taker Karlsona müsahibəsi zamanı Vadim Krasikovu azad etmək əzmində olduğuna işarə etmişdi. O, Krasikovu “vətənpərvər” adlandırsa da, onun soyadını açıqlamamışdı: “Putin hakimiyyəti dövründə Gürcüstan və Ukrayna ərazilərini işğal etməklə, əraziləri güc yolu ilə ələ keçirməklə, xarici ölkələrdə hücumlar, qətllər törətməklə və Rusiyada əcnəbiləri qondarma ittihamlarla həbs etməklə qaydalara əsaslanan qlobal nizama hörmətsizliyini dəfələrlə nümayiş etdirib. Bu praktika “girov diplomatiyası” kimi tanınır”.
Qəzet yazır ki, Putinin Qərbdən aldığı məhbuslarla verdiyi insanlar arasında disbalans var: “Cümə axşamı günü keçirilən böyük məhbus mübadiləsi bu cür sövdələşmələr üçün xarakterik olan ciddi balanssızlığı göstərdi. Rusiya xaricdə ağır cinayətlərə görə məhkum olunanların azadlığa çıxması ilə qalib gəlir, Qərb isə diqqətini əhəmiyyətsiz və ya əsassız ittihamlarla həbs edilən öz vətəndaşlarına, hətta Rusiya vətəndaşlarına, Putin hökuməti tərəfindən siyasi təqiblərin qurbanı olanlara yönəldir”.
Yazıda bildirilir ki, Putin özü keçmiş KQB zabiti olduğu üçün xaricdə tutulan rus casuslarına və digər əməliyyatçılara sadiqlik kodeksini nümayiş etdirir: “Krasikovun vətənə qayıtması Rusiya təhlükəsizlik xidmətlərində inam yaradır ki, imkan daxilində Putin rejiminə xidmət edən heç kim tək qalmayacaq. Müharibə zamanı Krasikovun azadlığa buraxılması bunu Putin üçün şəxsi qələbəyə, triumfa çevirir. Krasikov Putini şəxsən tanıyır. Arvadının bacısı Krasikovda ərdə olan ukraynalı Aleksandr Vodores deyib ki, o, diktatorla birgə atıcılıq kurslarında olub. Həmin şəxsin sözlərinə görə, Krasikov 2013-2014-cü illərdə Ukraynada eks-prezident Viktor Yanukoviçə qarşı Maydanda etiraz aksiyaları keçirilən zaman FSB-nin “Vımpel” qrupunun zabiti kimi Kiyevdə olub. Krasikovun da digər azad edilmiş rus əməliyyatçıları kimi, Moskvaya qayıtdıqdan sonra qəhrəman kimi qarşılanacağı və bəlkə də medal alacağı gözlənilir. Əvvəllər Rusiyaya qaytarılan agentlərin çoxu hətta dövlət vəzifəsi alıblar...
Fevral ayında ABŞ dövlət katibi Antoni Blinken demişdi ki, girov diplomatiyası beynəlxalq hüququ, insan haqlarını pozan və “artan tendensiyadır”: "Dövlətlər, həm də qeyri-dövlət aktorları insanları getdikcə daha çox haqsız yerə, çox vaxt siyasi girov kimi həbs edirlər. Bu təcrübə xaricdə səyahət edən, bizneslə məşğul olan və yaşayan hər kəsin təhlükəsizliyini təhdid edir".
Müəlliflər qeyd edir ki, Qərb rəsmiləri artan “girov diplomatiyası” problemini etiraf edirlər, lakin onu dayandırmaqda aciz görünürürlər.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər