Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi və onun gözlənilən nəticələri, deməli, həm də parlamentin gələcək mümkün tərkibi bəzi xüsusiyyətlərilə əvvəlkilərdən fərqlənir. Məsələn, belə görünür ki, yeni parlamentdə nisbətən böyük biznes sahibi olan deputatların sayı azalacaq.
MSK-nın açıqladığı qeydə alınan deputatlığa namizədlər siyahısından, eləcə də hakim YAP-ın daha əvvəl yayımladığı partiyanın namizədlər siyahısından bəlli olur ki, əvvəlki çağırışda Milli Məclisin üzvü olmuş bəzi deputatlar bu dəfə “ya zəlzələdən, ya vəlvələdən” ümumiyətlə, seçkidə iştirak etmirlər.
Bu sıraya uzun illər Azərbaycanda siqaret monopolisti kimi tanınan Rüfət Quliyev (bitərəf), un, dəyirman biznesi olan Tahir Süleymanov (YAP), otellər, restoranlar, istirahət mərkəzləri və s. ilə məşğul olan İqbal Məmmədov(YAP), elektrotexnika satışı biznesi olan Elnur Allahverdiyev(YAP), tikinti və digər biznesləri olduğu deyilən Mahir Abbaszadə(YAP) aid edilə bilər. Bu şəxslərin hamısı qanunvericiliyə zidd olsa da, həm faktiki biznes sahibi, həm də millət vəkili idilər. Növbəti parlamentdə onları görməyəcəyik.
Ancaq bununla yanaşı, bir çox diplomatların Milli Məclisə gətiriləcəyi gözlənilir. Bu tendensiya əvvəlki parlamentlərlə müqayisədə özünü daha qabarıq göstərir. Belə ki, bu dəfə Milli Məclisdə çox böyük ehtimalla azı 4 yeni diplomatı görəcəyik. Həmin 4 nəfər peşəkar diplomatdan əlavə 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri, müğənni, bəstəkar Polad Bülbüloğlunu da şərti olaraq diplomat kimi siyahıya əlavə etmək olar...

Sözügedən 4 nəfərə gəlincə, bunlar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov (31 saylı Suraxanı ikinci seçki dairəsi), Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev (49 saylı Abşerom ikinci seçki dairəsi), Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Zaur Şükürov (47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi) və baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun sabiq prezidenti Günay Əfəndiyevadır (14 saylı Xəzər-Pirallahı seçki dairəsi). Əksəriyyəti kifayət qədər yüksək diplomatik vəzifə tutmuş bu şəxslərin heç birinin dairəsindən ciddi şansı olan namizəd irəli sürülməyib.
Bu, o deməkdir ki, həmin şəxslərin çox böyük ehtimalla deputat mandatı ala biləcək. Bu, həm də o deməkdir ki, növbəti parlamentdə peşəkar diplomatların sayı artacaq, biznesmenlərin sayı isə nisbətən azalacaq.
Görünür, ölkə parlamentinin beynəlxalq arenada, üzvü olduğumuz müxtəlif beynəlxalq təşkilatlarda, tədbirlərdə və s. daha keyfiyyətli şəkildə təmsil olunmasına ehtiyac yaranıb. Sabiq biznesmen-deputatlara gəlincə, Azərbaycan reallıqlarını nəzərə alsaq, onların deputat mandatlarını itirmələrinin özəl bizneslərinə mənfi təsir göstərəcəyini isə istisna etmək olmaz...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Şəhid və qazilerimizin canı qanı bahasına torpaqlar azad olsa da,diplomatiq savaş bitmeyib,ermeni havadarları müxtelif beynelxal platformalarda ölkemize teziqi artırmaq yolu seçibler.Bele şeraitde savadlı diplomatların mandat alıb ölkenin mmenafeyini beynelxalq tribunalarda qorumasının neyi pisdir axı dostlar?
Uğurlar diplomatlarımıza!
???
Elə ona görə Xarici işlər nazirliyində yeyinti,artıq məsrəflər aşkarlandı?Yalan,yalan! Azərbaycanda diplomat adı daşıyan kifayət qədər diplomatiyadan uzaq təsadüfilər var!
Milli Məclisə deputatlığa namizəd ayrı-ayrı partiyalardan yox,müvafiq ərazilər üzrə
işçi kollektivlər tərəindən irəli sürülməlidir.Yalnız bu halda deputat seçildiyi ərazi əhalisini eşidə və nəsə edə bulər.Bir diqqət edin,YAP bir Naxçıvanlını və ya Bakılını Lerikdən və ya Zakataladan nanizəd göstərir.Belə halda yerli xalqın bu adama səs verməsini necə qəbul etmək olar ?,Bax.saxtakarlıa buradan başlayır.Ona görə namizəd irəli sürülməsi prossesi partiyalar tərəindən yox.işçi kollektivlər tərəfindən irəli sürülərsə demokratiyadan.insan azadlığından və seçkidən danışmaq doğru olar.
ELDƏNİZ BƏY BİZƏ İQTİSADİYYATIN BÜTÜN SAHƏLƏRİ ÜZRƏ MÜTƏXƏSİSLƏRİN SECİLMƏSİ LAZIMDIR.İNDİ BÜTÜN VƏZFƏLƏRƏ İQTİSAD UNVERSİTETİNİ QURTARANLARI TƏYİN EDİRLƏR.AZƏRBAYCAN NƏTİCƏDƏ İQTİSADİ GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ 2023-DƏ SON YERLƏRDƏDİR.
ELDƏNİZ BƏY BİZƏ İQTİSADİYYATIN BÜTÜN SAHƏLƏRİ ÜZRƏ MÜTƏXƏSİSLƏRİN SECİLMƏSİ LAZIMDIR.İNDİ BÜTÜN VƏZFƏLƏRƏ İQTİSAD UNVERSİTETİNİ QURTARANLARI TƏYİN EDİRLƏR.AZƏRBAYCAN NƏTİCƏDƏ İQTİSADİ GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ 2023-DƏ SON YERLƏRDƏDİR.
Azərbaycanda diplomat ? İki sual qarşısında çaşıb qalırlar.Biznə diplomat və ciddi diplomatiya ölüb.
Boşuna narahat olursunuz.Gedənlərin yerinə onların evladları.yaxın qohumları gələcək.Kimdir indiki üsul idarədə sadə vətəndaşı MM-ə buraxan !
Parlament partiyalar vasitesile fraksiyalashdirilmalidir, indiki heyyetden aglim bir shey kesmir, Polad diplomat kimi rusiyada ne ish gorub ki, bu yashinda parlametde ne ede!
Olkenin veziyyetini yaxsilasdirmaq ucun parlamente daha cox iqtisadci , huquqsunaslar lazimdir .
Bu məmləkətdə az-çox çirklənməmiş sahə diplomatiya institutudur. Parlamentdəki bir o qədər muzey artefaktının içində heç olmazsa üç-beş normal adam olsun!
İndi bunlar da biznesmen olacaqlar....
Az politika.az ən sevdiyim saytdır. Sayta girə bilmirdik. İndi düzəlib. Əla.
Zaur Şükürovu Belarusiyada səfirliyimiz də işləyəndə görmüşəm. Çox alicənab, qayğıkeş, dürüst adam kimi yadımda qaldı.
Diplomatların işi elədir ki, istər istəməz onlar təmiz işləməli olur və hərtərəfli yetişirlər. Onların seçilməsi daha doğru və effektli olar deyə düşünürəm.
Dəllalardansa diplomatlar daha yaxşı olar. Z.Şükurov barədə xoş sözlər danışırlar.
Zaur Şükürov seçicilərlə görüşlərdə özünü sevdirə bildi. Yüksək mədəniyyət, savad nümayiş elətdirdi. Açıq şəkildə görünür ki, ona səs verənlər daha çox olacaq.