Ermənistan öhdəliklərini yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı edib.
"Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir", - Prezident vurğulayıb.
Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlət başçısı, həmçinin qeyd edib: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir.
"Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”, - dövlət başçısı qeyd edib.
İlham Əliyev deyib ki, Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir: "Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur".

Şərhlər
İnanırıq ki, Zəngəzur dəhlizi sonda gerçək olacaqdır. Çünki, bu keçmiş Sovet hakimiyyəti tərəfindən Azərbaycanın iradəsi dışında reallaşdırılmış saxta bir tarixin tələbidir, bu həm də zamanın tələbidir. O tələb ki, onun arxasında Azərbaycan Prezidentinin qətiyyətli və prinsipal mövqeyi və Azərbaycan xalqının dəmir iradəsi dayanır. Gec və ya tez, ermənilər bu qətiyyətin qarşısında əziləcəklər. Əslində ermənilərin başında duranlar anlamırlar ki, bu bizdən çox onların özlərinə də lazımdır. Ona görə də onlar məcbur etməməlidirlər ki, Azərbaycan bir daha onlarla onların anladıqları dildə qonuşsun. Amma onu da unutmasınlar ki, bu dəfəki qonuşmanın səsi "Ermənistanın" 29 may 1920-ci ildəki 9,8 min.kv.km-lik sərhədlərinə kimi gəlib çıxacaqdır.