Şabrandakı oxucularımızdan biri bu rayonun keçmiş deputatı Tahir Süleymanovun oğlu (Əslində isə oğulluğa götürdüyü nəvəsi-red.) olan hazırkı deputatı Mahir Süleymanlı ilə bağlı maraqlı bir video göndərib. Videoda deputatın Şabranda evi yanmış bir imkansız, yazıq ailəyə bir maşın “kubik” göndərməsi və sonra da gəlib “vəziyyətlə yerindəcə tanış olması” əks olunub. Görüntülər “Tik-tok” şəbəkəsində paylaşılıb və görünən odur ki, deputatın razılığı və “xeyir-duası” ilə...
Azərbaycanda “sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi, əlbəttə ki, çoxdan gündəmdən və hörmətdən düşüb. Lakin sözügedən deputat bu videodakı hərəkətləri ilə bu deyimin olan-qalan hörmətini də yerlə bir edib...
Bu video M.Süleymanlının az qala şabranlılara qarşı “misilsiz” səxavətinin, əliaçıqlığının, təvazökarlığının, sadəliyinin və s. müsbət cəhətlərin təzahürü kimi təqdim olunub, altdan da yəqin ki, deputatın böyür-başına, qohum-əqrabasına və ştatlı-ştatsız məddahlara aid olan saysız-hesabsız minnətdarlıq şərhləri, “bəy tərifləri” yazılıb. Amma azacıq dünyagörüşü, anlayışı olan izləyici dərhal bu görüntülərdə ədabazlıq, yekəxanalıq, özündən razılıq və ən əsası, görməmişlikdən başqa heç nə görmür...
Bir maşın mişar daşı, lap 5-6 yüz manat da pul Mahir Süleymanlının atası, deputatdan çox iş adamı və Şabran və ətraf rayonların “un kralı” kimi tanınan Tahir Süleymanlı üçün, əlbəttə ki, qəpik-quruşdur. Lakin deputat hətta bunu da “operator” gətirib çəkdirməklə və sonradan yaydırmaqla, etdiyi cüzi yaxşılığı tam dəyərdən salmış oldu...

Videodan göründüyü kimi, M.Süleymanlı öz əsabələri ilə bahalı maşından düşür. Sonra, görünür, yanında “palto daşıyan ştatı” üzrə işə götürdüyü şəxs onun paltosunu geyindirir. Daha sonra deputatdan çox türk seriallarındakı “kabadayı” ədası ilə məhləyə girən deputat bu binəva kasıb evinin bünövrəsinin üzərində dayanaraq, “fəlsəfi məzmunlu” çıxış edir və nə qədər məşğul olduğunu, müxtəlif beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərə qatıldığını, ölkəyə yeni qayıtdığını söyləyir. Eşidən elə bilər ki, parlamentin bütün yükü bu gənc millət vəkilinin çiynindədir...
Məlumat üçün deyək ki, M.Süleymanlı Milli Məclisdə Zimbabve(!) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Amma xəritədə Zimbabvenin yerini belə biməyən bəzi şabranlılar, əlbəttə ki, onların hörmətli deputatının hansı xarici ölkədə səfərdə olduğunu, eləcə də hansı digər vacib tədbirlərdə iştirak etdiyini də bilmirlər...
Nə isə, ev sahibi və özü ilə gətirdiyi adamlarla söhbətdən sonra deputat darvazadan çıxanda adamlarından birini yanına çağırıb ona kameranın qarşısında pul uzadır və evi yanan xanıma verməsini tapşırır. Yəni, etdiyi kiçicik yaxşılığı “üzünə-gözünə bulaşdırmağın” son nöqtəsini qoyur. Hətta özünə reklam qazanmaq, ətrafında kütlə toplamaq üçün telefon paylayan hansısa düşük “tiktoker” belə özünü bu cür aparmır...

Bu tragikomik səhnə nədən xəbər verir? Təbii ki, deputat bu eybəcər mənzərəni bilərəkdən yaratmayıb. Elə bilir ki, belə də olmalıdır, çünki olanı budur! Necə var, elədir! Tək kamera qarşısında yox, həyatda da belədir, budur! Problem nədir? Problem təfəkkür, dünyagörüşü səviyyəsi, ictimai, siyasi mədəniyyət problemidir!
İndi bu deputatdan soruşan lazımdır ki, bu çəkiliş kimin üçündür? Əgər Şabran seçiciləri və gələcəkdə onlardan səs qazanmaq üçündürsə, o qədər də uğurlu gediş deyil. Birincisi, bu mənzərə yəqin ki, şabranlıların çoxunun xoşuna gəlməz. Digər yandan Azərbaycan reallığında çox vaxt deputat olmaq üçün seçici səsi qazanmaqdansa, məsələn, YAP siyahısına düşmək kifayət edir. Özü də bunu həmin deputatın həm atası, həm də özü bilməmiş deyil...
Bu çəkiliş ümumilkdə ölkə cəmiyyəti, ictimaiyyət üçündürsə, bu da uğursuz gedişdir. Çünki cəmiyyət hər nə qədər öləzisə, biganələşsə də, bu cür rəzil görüntülərə qarşı həssasdır və bu cür “xeyriyyəçilik” normal insanlarda ikrah hisssindən başqa heç nə yarada bilməz...
Nəhayət, bu çəkiliş parlament rəhbərliyi, hətta daha “yuxarılar” üçündürsə, bu da uğursuz, özü də çox uğursuz gedişdir. İnandırıcı deyil ki, o səviyyələrdə bu cür bayağı, yekəxana, ədalı, düşük reklamlı “xeyriyyəçilik” müsbət qarşılansın. Əksinə, bunun mənfi fəsadları, ciddi “başağrısı” da ola bilər...
Bir də bu millət vəkilnin “Tik-Tok” həvəsi bu yaxınlarda Rumıniyada rusiyapərəst prezidentliyə namizədin başına gələnləri xatırlatdı. “Tik-Tok” hesabına populyarlaşan Corceskunu məlum səbəblərdən tutub polisə gətirəndə, icazə alıb “su başına keçmiş”, oradan da İlon Maska mesaj atmışdı ki, məni tutublar, qurtarın. Amma ona “dayısı” Mask da kömək edə bilmədi.
Biz biləni, M.Süleymanlının heç Mask kimi “dayısı” da yoxdur...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Qədim dövrdə kəndxudanın çuxasını geyindirmək barədə nələrisə eşitmişdik, amma Milli Məclisin deputatının paltosunu geyindirmək məsələsini nə görmüşdük, nə də eşitmişdik (inandırım Sizi heç kəndxudanın da vaxtında belə şey olmayıb). Bu absurd bir şeydir. Görəsən deputat baş verənlərin fərqindədirmi? Rəzalətdir, rəzalət. Fikrimcə, "Deputatın statusu haqqında" Azərbaycan Respublikası Qanununa bu barədə imtiyazla bağlı bir maddə əlavə etmək gərəkdir. Nonsens. Heç şeytanın da ağlına belə şey gəlməz. Bu məsələ Milli Məclisin İntizam komissiyasının baxışına çıxarılmalıdır. Belə çıxır ki, bu xandır, ona palto geyindirən rəiyyətdir. Sənin rəiyyət boynunu yerə soxum. Adamda bir özünə hörmət, ləyaqət olar. Görəsən bu rəiyyət evə hansı sifətlə gedir. Maraqlıdır, palto geyindirən vəzifəsi hansısa qurumda varmı? O da maraqlıdır ki, deputat maşına əyləşəndə rəiyyət nəyə görə onun paltosunu çıxarmadı ki, deputatın kostyumu əzilməsin. Allah Üzeyir bəyə rəhmət eləsin. “O olmasın, bu olsun” bədii filmində gəlin (Sərvər) Məşədi İbadın əlindən qaçır. Lotular səs-küyə gələndə Məşədi İbad əlini tumanın içini göstərir ki, gəlini gətirəndə baxmazlar bu arvaddır, ya kişidir? Milli Məclisə də deputat edəndə baxmazlar bu nəmənədir. Dəyərli oxucuları müzakirələrdə iştiraka dəvət edirəm. Bu yazını neçənci dəfə yazıram, Azpolitika isə başına döndüyüm, iki ayağını bir başmağa dirəyib saytda yerləşdirmir. Mən də üzlüyümə salıb eyni mətni bir ucdan yazıram.
Ümumən hələ 1987dən öz ölkəmizə minnətli, təfriqəçi, kütləvi deport, *gizli*cə hərbi silahlanmış soyqırım işğalçılarına (blokada, müqəddərat...) *fora* verən mətbu sızmalar vətəndaş mülahizə, ritorika və publikasından, bütöv-geniş zəruri-faydalı məhsuldar işlərə yönəldilməyib?
.Hörmətli Cəlal Məmmədovun yazıları doğrudan da həmişəki kimi aktual və maraqlıdır. Həmişəki kimi, o, cəmiyyətimizin eybəcərliyini, çatışmazlığını böyük ustalıqla oxucuların diqqətinə çatdırır. Eşq olsun. Cəlal Məmmədova, onun pərəstişkarı kimi ona bir tövsiyyəm var: bu yazılarını toplum şəklondə bir araya gətirib gələcəkdə xatirələr adındamı, memuar şəklindəmi çap elətdirsin, çünki gələcək nəslin, elə bizim özümüzündə buna ehtiyacımız var.
Милли мечлисде миллет векили йохдур, йап векили вар
İnanın mənə belə adamların yardım etdikləiləridə öz tanış bilişləridi.Ümumiyyətlə bu ölkədə istər belə yatdımlardan tutmuş işə qəbula qədər hamısı kimlərinsə tapşırığıyla baş tutur.Bu ölkədə yuxarılarda adamın yoxdursa aşqabad batan kimi batırsan
Deyirəm görəsən, verdiyi pulu çəkilişdən sonra dartıb qadının əlindən almayıb ki?
Zərdabın deputatı fürsət düşən kimi zərdablıların yanındadır.Eşitdiyimə görə problemləri olanlara imkanı çərçivəsində kömək edir,reklamsız filansız.Yəni Şabramın "xeyriyyəçi kişi deputatından " fərqli olaraq
Millət vəkili seçilən Tahir Süleymanov, mənim yadıma 15 sadə (sbor) müdavimlərindən biri kimi düşdü! Onun yetirməsi də sadə-təmkinli biri olmalıdır. Təəssüf ki, dünyada da KİMlərəsə istinad, ümidlə gözləmə halları az deyil? Tarixən Ata sözlərinə, Vicdan haqqına, Müdrik divana əməl edərlərmiş? Digər təzahürləri-yan də cahillik adlandırırmışlar?
Hörmətli Cəlal bilinən və görülən dağa bələdçi lazıdır ? Barışaq , Bizlər belə yaşamaq isttəyirik ,bugün bizim tualetə sayğac quraşdırdılar ,dedilərki Tarif Şurası limit tətbiq edəcək