Adətən insanlar, xüsusən də gənclər yeni əyləncə yerlərinə, səyahətə, təbiət qoynuna, toya, idman yarışına və s. gedəndə, oradan müxtəlif fotolar çəkib paylaşırlar. Bu, çoxdan dəb halını alıb və çoxlarının sevincək olmasından, bir növ dost-tanışa “acıq verib”, qürrələnib “baxın hardayam” demək istəyindən irəli gəlir. Kənardan baxanlardan isə kimisi bunu adi, normal hal, kimisə də “görməmişlik” kimi qəbul edir…
Belə görünür ki, Milli Məclisdəki bəzi gənc deputatlarımız eyni “dəbi” parlamentə də daşıyıblar. Aşağıda təqdim etdiyimiz və təsadüfən qarşımıza çıxan fotolar Milli Məclisin ən gənc deputatlarından olan Mircəlil Qasımlının “feysbuk” səhifəsindən götürülüb.
Parlamentdə Kəlbəcəri təmsil edən M.Qasımlı 1992-ci ildə Bakıda anadan olub. Tərcümeyi-halında yazılır ki, əmək fəaliyyətinə 2010-cu ildə(18 yaşında!) magistral avtomobil yollarının "İntellektual İdarəetmə Sistemi" mərkəzində kommersiya direktoru kimi başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Slovakiya universitetlərinin birində magistr təhsili aldığı qeyd edilir. İdmançıdır. Deputat edilməzdən əvvəl son vəzifəsi "Bakı Məişət Maşınları" ASC-nin sədri olub.

Təbii ki, rəsmi məlumatlarda Qasımlının gənc yaşında ASC sədri və sonra da deputat olmasının “uğur hekayəsi” barədə bir şey deyilmir. Ancaq mətbuatın yazdığına görə, əslən Kəlbəcərdən olan C.Qasımlı Slovakiyadakı fəxri konsul Cəlal Qasımovun qardaşı oğludur. Gənc deputatın magistr təhsilini Slovakiyada alması da bu səbəbdən yəqin ki, təsadüfi deyil…
Mətbuatda yayılan digər məlumat isə ondan ibarətdir ki, C.Qasımlı “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. Yeri gəlmişkən, 2015-ci ildə Binəqədi rayonu ərazisində bu şirkətin tikdiyi binanın üzlüyü yanmış və nəticədə 15 nəfər həlak olmuş, xeyli sayda insan yaralanmışdı. Bu işlə bağlı 8 il azadlıqdan məhrum edilən M.Mahmudov 4 il sonra azadlığa buraxılmışdı…

Bütün bunlar C.Qasımlının deputatlığa doğru keçdiyi “keşməkeşli siyasi yol” barədə müəyyən təsəvvür yaradırsa, onun öz sosial şəbəkə səhifəsində “poz verərək” paylaşdığı foto və videolar da deputatlıq fəaliyyətinin nədən ibarət olduğu barədə fikir formalaşdırır. Yeri gəlmişkən, fotolarında C.Qasımlı digər gənc həmkarı, Şabrandan deputat edilən Mahir Süleymanlı ilə birgə “poz verib”. M.Süleymanlı da “çox ağır və mürəkkəb siyasi yol” keçərək, “vərəsəlik üsulu” ilə atası, keçmiş deputat T.Süleymanlının parlamentdəki kreslosunu tutub və bu gənc deputat da ədalı video və fotolar paylaşmağın həvəskarıdır…
C.Qasımlının deputatlıq fəaliyyətinə gəlincə, onun digər əksər həmkarlarından nə artıq, nə də əskik olduğunu deyə bilərik. Sadəcə, özünün paylaşdığı son videoların birində Qəbələdəki Kəlbəcərdən köçkün düşmüş seçicilərlə görüşü əks olunub ki, orada da təxminən 17 nəfər iştirak edib. Deputatın özü həmin videoda onunla görüşə olduqca az seçicinin gəlməsindən gileylənir. Amma millət vəkilinin kimdən kimə şikayət etdiyi bilinmir. Hər halda, kəlbəcərlilər deputatlarından az yox, çox şey gözləsəydilər, görüşə də az yox, çox sayda qatılardılar…

Təbii ki, Azərbaycan reallıqları nəzərə alınmaqla, belə “arxalı” gənclərin parlament üzvü olmasında qeyri-adi heç nə yoxdur. Lakin hər şeyə rəğmən, məntiqlə parlamentin fotosessiya yeri yox, ciddi qanunların qəbul edildiyi, ölkənin, xalqının taleyinə təsir edən qərarların qəbul olunduğu yer olması lazımdır.
Bir də maraqlıdır ki, bu gənclərin bahalı kostyumları, saatları, “bərkgedən maşınları”, villaları, lyuks həyatları və bir də təbii ki, ciblərindəki deputat mandatlarından başqa nələri var, hansı işin, əməlin sahibidirlər, deputat kimi qanunverici orqana, yaxud seçicilərinə hansı xeyirləri dəyib? Bu adamlar Azərbaycan parlamentinin, ümumilikdə ölkənin ictimai-siyasi həyatının, gələcəyinin formalaşması üçün nə edir, nə edəcək və ümumiyyətlə, nəsə etmək iqtidarındadırlarmı?
Bu sualları uzatdıqca uzatmaq olar. Amma hər halda, deputat mandatı, millət vəkili kürsüsü, kreslosu ədalanmaq, forslanmaq, “fotosessiya keçirmək” üçün deyil. Zatən bu cür gənc millət vəkillərindən ciddi nəsə gözləməyin yəqin ki, yeri yoxdur, amma heç olmasa, təməli Azərbaycan Cümhuriyyəti dövründə min əziyyətlə qoyulmuş qanunverici orqanı qeyri-ciddi məkana, az qala şadlıq saraylarının foyesinə döndərməsinlər…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Birazdan bekarciliqdan canli acacaqlar
Celal beyin yazdıqları düzdürse onda bunkarı bura getiren memurlar millete mesaj gönderir:"Heç özünüzü cırnayın hakımıyyetde olduğumuz müddetde buze kim ve ne serfelydur onu da etmişik edirk ve edeceyik.
Evveler Milli meclisin formalaşmasınln günahlnl Ramuz Mehduyev ve "Naxçlvan Mafiyasına" yazırdıkar indi onlar qazaxlılar demişken:"Çezdin ay Çiçek@mahnısını çalıb oxuyurlar ,onda bu genc"Leninçileri" kim soxuşdyrub bu Meclise
Bir halda ki, əksər qanun layihələrini Prezident Administrasiyası hazırlayır, bizim deputatlara qalır "yes" düyməsini bassınlar (Milli Məclis Administrasiyanın notarius funksiyasını həyata keçirir). Əgər Milli Məclisin deputatlarının 90-95 faizinin bu layihələrdən məlumatları varsa (təsadüf nəticəsində 5-10 faiz savadlı deputatlar parlamentə düşə biliblər) şəxsən mənim zatıma lənət. Mənə bircə qanun layihəsi göstərin ki, Milli Məclisin deputatı onu müstəqil şəkildə hazırlasın. Tam məsuliyyətlə deyə bilərəm ki, özünüzü yormayın, belə qanun tapa bilməzsiniz, yoxdur belə qanun (ictimai dinləmələr də formal xarakter daşıyır, bu da mətbuat üçün təşkil edilir). Deputatı belə "qayırmırlar”, yəni təyin etmirlər. Bilmirəm başqa ölkələrdə necə, fikrimcə, yalnız bizim Azərbaycanda belə standart deputat “seçkisi" keçirilir. Deputatı, kim kiminsə oğludur, qohumudur, yeznəsidir, yəni “nepotizm” prinsipi ilə təyin etmirlər (yeznənin də açıqlaması var: necə deyərlər, gündüz ölümüzün, gecələr dirimizin aktual problemlərini həll etdiyinə görə şirindirlər. Görünür ki, yeznələr bu şirinliyi də Parlamentdə həyata keçirməlidirlər). ALLAH Üzeyir bəyə rəhmət eləsin. “O olmasın, bu olsun”da gəlin (Sərvər) qadın paltarını tullayıb Məşədi İbaddan canını qurtaranda Məşədi İbad əlini tumanın içinə aparıb soruşur: bu gəlini gətirəndə, baxmazlar bu arvaddır, yoxsa kişidir? Necə deyərlər: NO COMMENT
Hörmətli Cəlal müəllim, siz ölkənin feodallaşdırılması ilə niyə barışmaq istəmirsiniz? Bu mübaliğə deyil, reallıqdır.Şəkildəki adamlar zadəganlardır.Sizin onları sorğulamağa İXTİYARINIZ YOXDUR! Qanun buna yol vermir.
Son zamanlar ölkə telekanalizasiyalarını zəbt etmiş bir müğənnicik var... arxasını nümayiş etdirdikdən sonra təxminən belə bir nitq irad edir ki, paltar da özümündür, pulunu verib alıb geyinmişəm. İndi bu "gülbalalar" da heç şübhəsiz "nəyinsə" müqabilində keçib oturublar özlərindən daha savadlı, bacarıqlı və ləyaqətli adamların yerində və ölkənin rəzil reallığını nümayiş etdirirlər.
YALANCI DEPUTATLAR.....
Hörmətli Cəlal müəllim, yerində olmayan insanarı yüksək kresloda oturtmaq, qanun pozuntusu deyilmi ? Yerində olmayan deputatlar şəkil kəçdirib özlərini reklam etdirirlər, ancaq Şəkidən təyin olunan deputat Vüqar İsgəndərov isə özünü mənasız çıxışarı ilə gündəmə gəlmək istəyir.... Heç bir iş görmək, öz seçicilərinə köməklik göstərmək qabiliyyətinə malik deyil, İcra hakimiyyətini tərifləməklə məşğuldur. Səhv düşəndə yerimiz.......
Bravo Cəlal sərrast və dürüst yanaşma
Her halda genc deputat ozu de bilmemis deyil kecmis Kelbecer rayonundan olan mecburi qacqinlarin ekseriyyeti Gencede meskunlasib bir qismi de Azerbaycan Dovlet Aqrar Universitetinin telebe yataqxanalarinda yasayirlar..Ora getseydi cox guman ki , secici azligindan cetin ki , sikayet edeydi ..Bele de ki , getseydi guya neyi ise yoluna qoyacaqdi ????
Bu sözlərin birini bir kilo balla da yemək mümkün deyil