Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bölgədə baş verən geosiyasi dəyişiklikləri, Ermənistanın son dövrlərdəki mövqeyini və gələcək təhdidləri şərh edib.
“AzPolitika” xəbər verir ki, o, sosial şəbəkə hesabında yerləşdiyi şərhində daxili sabitliyin və postmüharibə dövrünün düzgün idarə olunmasının əhəmiyyətini vurğulayıb.
Zülfüqarov qeyd edir ki, istər daxili, istərsə də xarici siyasətin uğurlu olması üçün sabitlik əsas şərtdir: “Uğurlu daxili və xarici siyasət, o cümlədən sosial və iqtisadi inkişaf sabitlik kimi təməl amildən birbaşa asılıdır”.
O, həmçinin sabitlik anlayışının siyasi ritorikada tez-tez istifadə edildiyini, lakin onun əsl mahiyyətinin bəzən gözdən qaçırıldığını bildirir.
Keçmiş nazir Azərbaycanın son illərdə apardığı xarici siyasətin bir məqsədini də buna xidmət etdiyini qeyd edir: “Azərbaycan ardıcıl olaraq Qarabağ mövzusunu beynəlxalq gündəmdən çıxarmaq strategiyasını həyata keçirir. Bu, regionda sabitlik üçün vacib addımdır”.
Onun fikrincə, bu, həm də regiona təsir göstərən xarici güclərin əlindəki əsas “təzyiq alətlərindən” birinin neytrallaşdırılması deməkdir.
Zülfüqarov, Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasında bəzi dəyişikliklərinə də toxunaraq, onları qeyri-kafi, lakin pozitiv siqnal kimi qiymətləndirir: “Paşinyan, məncə, hələ kifayət qədər addım atmasa da, “miatsum”, “Böyük Ermənistan” və “1915-ci il soyqırımı” kimi sülh üçün zəhərli mövzuların regiona təsir vasitəsi kimi çıxış etməsinin qarşısını almağa çalışır”.
Onun fikrincə, bu mövzuların tərk edilməsi Ermənistanın gələcəyi üçün həyati əhəmiyyət daşıyır: “Bu ritorikalar – cazibədar görünür, amma əslində ölümcül olan tələlərdir. Onlar Ermənistanın dövlət kimi mövcudluğuna təhlükə yaradır”.
Tofiq Zülfüqarovun fikrincə, xarici güclər üçün Qarabağ kartı əldən çıxdıqdan sonra, Azərbaycanda sabitliyi pozmaq üçün başqa yollara əl atıla bilər: “Əgər xarici güclər münaqişə vasitəsilə təsir imkanlarını itiriblərsə, o zaman daxildən destabilizasiya cəhdlərinə start veriləcək. Onlar real və ya süni şəkildə yaradılmış istənilən narazılığı fürsət kimi istifadə edəcəklər”.
Zülfüqarov bunu “rəngli inqilablar”, “barış dəyənəyi” və “əfsanəvi korrupsiya simvolları” vasitəsilə edilən ideoloji hücumlarla müqayisə edir: “Ukraynada “qızıl baton” tənqid olunurdu, amma sonradan o, sabitliyin simvoluna çevrildi. Bu, nə qədər absurd olsa da, belə təbliğat üsullarının effektiv olduğunu göstərir”.
Zülfüqarov öz fikirlərini Fransis Fukuyamanın məşhur “tarixin sonu” ifadəsinə istinadla yekunlaşdırır: “Bizim Qələbəmiz, təəssüf ki, hələ “tarixin sonu” deyil. Bu, yalnız bir mərhələnin sonudur. Hazır olmalı, ayıq-sayıq qalmalıyıq”.
Tofiq Zülfüqarovun fikirləri Azərbaycanın postmüharibə dövründə qarşılaşa biləcəyi yeni təhdidlərə diqqət çəkmək baxımından ciddi xəbərdarlıqdır. Onun vurğuladığı əsas tezis isə aydındır: Sabitliyi qorumaq təkcə siyasi yox, strateji məsələyə çevrilib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Bizlərə qarşı 1987ci ildən etnik deport, hərbi soyqırım itgilərindən çox mətbu-siyasətlə də terrorçulara münasibətlərə ağlamsınırıq? NArahat olmayın. Tək-ötən 2024də Kreml özünə gərək raket başlığının RFna və Rus cəvahiratının Ərəbistana təkrar ixraacatından azı 33 min USA dollara təmiz (qeyri-rəsmi) qazanc yetirib!
Tamamilə doğru, Rusiyanın başı qarışıb Ukraynaya, o məsələ qurtaran kimi, Qafqazla məşğul olacağ, əsas hədəf də, ermənistandır ki, Rusiya çalışacağ onu hansı yolla olur olsun ram etsin. ermənistan Qarabağ məsələsinə görə Rusiyadan incikdir, indi Rusiya da çalışacağ ki, ermənilərin bir qismini Qarabağa qaytarsın və onlara desin ki, məsələni hələlik belə edək, sizin xeyrinizə bütöv həlli isə zaman məsələsidi...