Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini açıqlayıb.

O, bu barədə “X” hesabında yazıb.

“Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”, - o bildirib.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşündə əldə edilmiş "1000-in 1000-ə" formatında əsir mübadiləsi ilə bağlı razılaşma danışıqların aparılmasına dəyərdi.

Bunu isə Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə əldə edilmiş razılaşma rus ailələrin gözlədiyi və gözləməkdə olduğu mühüm humanitar aktdır. Ən azından buna görə İstanbulda görüşməyə dəyərdi", - o qeyd edib.

Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra tərəflərin atəşkəs rejiminə dair fikir mübadiləsi apardıqlarını təsdiqləyib.

“Əsas prioritetimiz insanlar idi... 1000 nəfərin mübadiləsi ilə bağlı razılığa gəldik. Bu, böyük nailiyyətdir və bir daha göstərir ki, biz bu müharibəni bitirməyə çalışırıq. İkinci məqsəd atəşkəs rejimini müzakirə etmək idi. Biz üsullar haqqında fikir mübadiləsi apardıq və komandalarımız detalların mübadiləsi üzərində işləyəcək”, - nazir deyib.

***

İstanbulda keçirilən və sona çatdığı bildirilən danışıqlarda Rusiya Ukrayna ordusunun ilhaq edilmiş bütün ərazilərdən, yəni, məlum 4 vialyətin bütün ərazilərindən çıxarılmasını tələb edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “BİLD” nəşri Ukrayna diplomatiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna tərəfi Rusiyanı İstanbuldakı danışıqları qəsdən pozmaqda ittiham edib. Ukrayna nümayəndə heyətinə yaxın mənbənin sözlərinə görə, Rusiyanın tələbləri “real deyil”.

Nəşr qeyd edir ki, Moskva “atəşkəs müqabilində Ukraynanın öz ərazisindən geri çəkilməsini tələb edən” ultimatum verib. Bundan əlavə, Rusiya nümayəndə heyəti “digər qəbuledilməz və qeyri-konstruktiv şərtləri” dilə gətirib.

Mənbə Ukraynanın “ilkin şərt olmadan real atəşkəsə” hazır olduğunu vurğulayıb. Lakin Rusiyanın təklif etdiyi format Kiyevdə daha çox müharibənin sona çatması istiqamətində istənilən addımı pozmaq cəhdi kimi qiymətləndirilir.

Ukraynalı deputat Yaroslav Jeleznyak bildirib ki, "İstanbulda aparılan danışıqların nəticəsi... heç nədir. Bu, bizimkilərin hər şeyi düzgün etdiyi nadir haldır. Trampın dediyi kimi: "Bizə verilən kartlarla mükəmməl oynadıq". Amma tərəfdaşlarımızın hamısı çaşqındır və əsas problem odur ki, İstanbuldan sonra da onların hədələdiyi “cəhənnəm sanksiyaları” olmayacaq”.

Deputat Aleksey Qonçarenko deyib ki, danışıqlıar rus dilində aparılıb: “Rusiya Ukrayna qoşunlarının Konstitusiyaya əlavə etdikləri bütün ərazilərdən çıxarılmasını tələb etdi. 30 günlük atəşkəsdən imtina edildi".

“The Guardian” da Ukrayna diplomatiyasındakı mənbəyə istinadla yazır ki, Rusiyanın İstanbuldakı danışıqlarda irəli sürdüyü tələblər qeyri-realdır və əvvəllər müzakirə olunan tələblərdən xeyli kənara çıxır.

“AzPolitika.info”

****

Türkiyənin təşəbbüsü və ev sahibliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının yeni mərhələsi bu gün İstanbulda başlayıb. Dünən keçirilməsi gözlənilən, lakin təxirə salınan görüş bu gün baş tutub. Danışıqlar çərçivəsində Türkiyə-Rusiya-Ukrayna üçtərəfli toplantısı Dolmabağçada gerçəkləşir.

"AzPolitika" xəbər verir ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan üçtərəfli zirvənin açılışında çıxış edərək önəmli mesajlar verib. O, bölgədə sabitliyin və davamlı sülhün təmin olunması üçün dialoqun və əməkdaşlığın vacibliyini vurğulayıb.

Bu önəmli diplomatik proses çərçivəsində əvvəlcə Türkiyə, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar baş tutub və bu görüş artıq yekunlaşıb. Hazırda isə əsas diqqət Rusiya və Ukrayna heyətləri arasında aparılan birbaşa müzakirələrə yönəlib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskiy dünən axşam verdiyi açıqlamada İstanbulda keçiriləcək danışıqlara qatılacaq rəsmi nümayəndə heyətinin formalaşdırıldığını və bu barədə müvafiq fərman imzaladığını bildirib. Heyətə Ukraynanın müdafiə naziri Rüstem Umerov rəhbərlik edir.

Onu da qeyd edək ki, Rusiya nümayəndə heyəti danışıqlar öncəsi saatlarla Ukrayna tərəfinin gəlməsini gözləyib. Görüşlərin bir neçə mərhələdən ibarət olması və irəliləyən günlərdə də davam etməsi planlaşdırılır.

2022-ci ildə ilk dəfə Türkiyənin vasitəçiliyi ilə masa arxasına əyləşən tərəflər, bu dəfə də İstanbulda bir araya gələrək gərginliyin azaldılması və mümkün sülh yolu üçün yollar axtarır. Ankara bir daha bölgədə sülhün bərpası üçün aktiv vasitəçi rolunu üzərinə götürüb.

Danışıqların nəticələrinin yaxın günlərdə daha da aydınlaşacağı gözlənilir..

{{widget-content-34394}}