ABŞ-nin “dahi” Prezidenti özünü Putinin sözçüsü səviyyəsinə endirib
Co Baydeni maymaq, zəif, ağılsız, cəsarətsiz və s. kimi təqdim və tənqid edən Donald Tramp hazırda bəlkə də ən uğursuz, ölkəsini dünyada ən çox nüfuzdan salan və xüsusilə də Rusiya qarşısında ən çox əyilən bir Prezident kimi ABŞ tarixinə düşməkdədir…
Xəbər verildiyi kimi, dünən Trampla Putin arasında növbəti telefon danışığı baş tutub. Söhbət barədə Trampın paylaşımına nəzər yetitrdikdə görürük ki, seçki kampaniyası zamanı “24 saata müharibəni bitirəcəyəm”, “Putin mənə hörmət edir” deyən, eləcə də prezidentliyinin ilk dövründə əsib-coşan, “xarici ölkə başçıları mənim arxamı öpmək üçün sıraya düzülüb” deyən Trampın özü bu gün olduqca düşük bir təsir bağışlayır.
Putinlə söhbəti barədə paylaşımında Tramp yazıb: “"Mən Vladimir Putinlə telefondan indicə danışdım. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın aeredromda olan Rusiya təyyarələrinə hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin çox sərt şəkildə dedi ki, o, Ukraynaya və bu yaxınlarda aerodromdakı hücuma görə cavab verəcək”.

Fikir verin, ABŞ Prezidenti Rusiya kimi işğalçı ölkənin başçısının Ukraynaya ağır cavab verəcəyi barədə anons verir! Sanki adam ABŞ kimi dünyanın ən nəhəng iqtisadi və hərbi gücə malik ölkəsinin prezidenti yox, Vladimir Putinin sözçüsüdür. Bu gedişlə Tramp yaxın zamanda Dmitri Peskovun vəzifələrini öz üzərinə götürmüş olsa, buna təəccüblənməyə dəyməz…
Hansı ki, ABŞ Prezidenti Putinin hədə-qorxusunu dünyaya çatdırmaq əvəzinə, açıq işğalla, özbaşınalıqla, beynəlxalq hüququ ayaqlar altına atmaqla, dünuyanı nüvə müharibəsilə təhdid etməklə, saysız-hesabsız hərbi cinayətlər törətməklə məşğul olan Rusiyanın başçısına yerini göstərməli, onun cəzasızlığına, özbaşınalığına son qoymalı, ən azından bunun üçün cəsarətli addımlar atmalı, Ukraynaya indikindən qat-qat artıq dəstək göstərməlidir.
Bunun əvəzinə TrampABŞ Senatındakı Respublikaçılardan Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmamağı tələb edib. Yayın ortalarında Co Baydenin Ukraynaya ayırdığı hərbi yardım paketinin tükənəcəyi gözlənilir. ABŞ-nin Ukraynaya yeni hərbi və maliyyə yardımından isə Trampın sayəsində söhbət belə getmir. Əvəzində, hər imkan düşəndə Ukrayna və onun başçısı təhqir və təhdidi olunur…
Bütün bu baş verənlər bir müdddət əvvəl ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdəki çıxışını və Tramp haqqında dediklərini yada salır: “Hansısa Rusiya agenti daha nə edə bilərdi ki, bunu Tramp indiyə qədər etməyib?”
Son Tramp-Putin telefon danışığına və Rusiya başçısının hədə-qorxularına münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib: “Əgər dünya Putinin təhdidlərinə zəif reaksiya verirsə, o, bunu onun hərəkətlərinə göz yumulması kimi qəbul edir. Bu, ona daha çox cinayət və qətllər üçün yaşıl işıq yandırır… Putin cəzasızlıq hiss edir, yeni zərbələr hazırlayır və bütün dünyaya – Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə orta barmaq göstərir”.
Sözsüz ki, bu sözlər ilk növbədə özünü görməməzliyə, bilməməzliyə vuran və hələ də özünü “dahi prezident” hesab edən Trampa ünvanlanıb. Əslində də, başıpozuq siyasəti ilə ən çox bu işarəyə layiq olan da elə onun özüdür!
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Çox acınağlıdır,əksər sait və kiv- ləri oxucularına xəbər adıyla tam təbliğatla məşğuldurlar,görünən odurki,xəbərdənsə təbliğatla qazanclarını təmin edirlər,buda sadəlöv oxucuların aldadılmasına gətirib çıxardır,nəticədə oxucuların haqqına girmiş olurlar nəinki oxucuların mariflənirməsinə.
Adekvat İnsan haqqları vəzifəliyə ən çoxu beş il səlahiyyət verir. Yüksək Vəzifəyə ucalan sadə insan, az müddət sonra nəinki haqq-hüquq bərabərliyi, tam tərsinə insanları ilahi-müqəddəs yaşam haqqlarından məhrum etmə hüquqlarına da SAHİB olduqlarını sanırlar? Heç KƏSlər də davam edən həmin Cnayətlərin qarşısını KƏSKİNliklə almırlar?
Cəlal Məmmədovun analitik qabiliyyətinə alqış. Cəmşid Dərələyəzliyə gəldikdə onun fikirlərinə hörmətlə yanaşıram. ABŞ-Rusiya tandemi ilə bağlı bir dəfə də qeydlərim olmuşdu, onu ikinci dəfə təkrarlayıram. Bilmirəm, bu qeyd etdiklərim nə zamansa özünü doğruldacaqmı? Sadə məntiq var. Gözüm gördüyünə nə cür qiymət verim? Bildiyim odur ki, amerikanlar bu gerizəkalı, pula həris, sözünün əvvəli, axırı bilinməyən birini (Siz onun jestikulyasiyalarına fikir verin, bu normal adamın, ABŞ kimi super dövlətin rəhbərinə yaraşan hərəkət deyil) özlərinə hansı ağılla dövlət başçısı seçiblər? Bunun adını səhv olaraq valideynləri Tramp qoyublar, onun əsl adı Trombdur. Bəli, ilahi qüvvə onu dünyanın bədəninə tromb göndərib. Gəlin sadəlöhv olmayaq, biz eşitdiyimizə, gördüyümüzə inanırıq. Nə kölgə donanmasının qarşısını almaq mümkündür (Rusiyanın tankerlərlə neftinin başqa ölkələrə daşınıb satılmasının qarşısının alınması), nə də sanksiyalar o qədər də effektiv görünmür. Diqqət yetirirsiniz ki, Tramp hətta Avropa İttifaqından imtina edir, NATO-nu özünə rəqib hesab edir, özünü dünyanın yeganə qüvvəsi hesab edir. Putinə gəlincə, o öz çıxışlarında Putinlə yaxın münasibətlərini hər zaman dilə gətirir. Bunu bütün dünya görür. Əvvəl, prezident seçkiləri ərəfəsində müharibəni 24 saat ərzində bitirməyə söz vermişdir, 100 günündə də elə-belə qırıldadırdı, hazırda isə onun heç vecinə də deyil. Ukrayna nə qədər də kiçik olsa belə, müstəqil ölkənin dövlət başçısını belə qəbul edib dünyanın gözü qarşısında biyabır, təhqir etməzdi. Ən azından diplomatik etiket qaydaları var, hələ qonaqpərvərliyi demirəm. Trombla Putin bir bezin qırağıdırlar, onlar yeni dünya düzənini müəyyən edirlər və gələcəkdə dünyanı bu iki dövlət arasında bölünməsi planını hazırlayırlar. Bu onların gələcək perspektivə hesablanmış layihəsidir. Tromb qeyd edir ki, “xarici ölkə başçıları mənim arxamı öpmək üçün sıraya düzülüb”. Əslində xarici ölkə başçıları onun deyil, o, Putinin arxasını öpür və onun bu hərəkətləri buna əyani sübütdur. Gələcəkdə hamımız bunun canlı şahidi olacağıq. Odur ki, gözləyək, görək Azərbaycan ABŞ-ınmı, yoxsa Rusiyanın təsir dairəsinə düşəcəkdir? Gözləməkdən savayı başqa variantımız da yoxdur.
Hörmətli Celal Məmmədov. Dünyanı siyasət edarə edir. Elə danışırsınız ki. Tramp heç bir ağılın sahibi deyil. Siz elə düşünün. Tarmpı Trampın aspektindən düşünsəniz görərsiniz ki, o dünyanın yanmasını istəmir və tərəflərin üzərinə ehtiyyatla gedir. Lütfən hadisələrə bir də Trampın gözü ilə baxın. Biz Rusiyanın siyasətini xoşlamırıq deyə, hamı bizim kümü düşünməlidir. Təbii ki bu da ayrı bir söhbətin mövzusu. Lütfən gəlin bir azd da gerçəkçi olaq. Yəni dünyaya öz gözümüzlə yox, bir də dünyanın öz gözü ilə baxaq.