Menu

Tramp administrasiyasında İranla bağlı fikir ayrılığı -Qabbard müzakirələrdən kənarlaşdırıldı

19.06.2025, 17:10
Tramp administrasiyasında İranla bağlı fikir ayrılığı -Qabbard müzakirələrdən kənarlaşdırıldı

ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranla bağlı hərbi ssenarilər ətrafında ciddi fikir ayrılığı yaşanıb. NBC News-un məlumatına görə, ABŞ Milli Kəşfiyyat Direktorluğunun rəhbəri Tulsi Qabbard İrana qarşı hərbi güc tətbiqi planlarını tənqid etdiyinə görə Ağ Evdə keçirilən müzakirələrdən kənarlaşdırılıb.

Yüksək vəzifəli mənbələrin bildirdiyinə görə, Qabbard İranın nüvə proqramının hələ silah istehsalı mərhələsinə çatmadığını vurğulayaraq, hərbi müdaxiləni əsasız və riskli addım kimi dəyərləndirib. O, əvvəllər də ABŞ-ın İraq və Əfqanıstan kampaniyalarını kəskin şəkildə tənqid etmişdi.

Qabbardın bu dəfə də Trampın sərt xəttinə qarşı çıxması Ağ Evdə narazılıq doğurub. Hətta bəzi mənbələr onun İranla bağlı ən kritik təhlükəsizlik müzakirələrindən uzaqlaşdırıldığını təsdiqləyir. Buna baxmayaraq, hazırda onun vəzifədən uzaqlaşdırılması gözlənilmir — formal olaraq postunda qalacağı bildirilir.

Administrasiyada İran məsələsinə dair dərin fikir ayrılıqları müşahidə olunur. Trampın sərt və hərbi yönümlü yanaşmasına qarşı daha ehtiyatlı və diplomatik mövqedə olan şəxslərin təsir imkanları zəifləyir. Bu isə ABŞ-ın Yaxın Şərq siyasətinin daha aqressiv məcraya yönəlməsi ehtimalını artırır.

Tulsi Qabbardın müzakirələrdən uzaqlaşdırılması, Vaşinqtonun yüksək səviyyələrində İran məsələsində ideoloji və strateji parçalanmanın göstəricisi kimi dəyərləndirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol