Süni intellekt texnologiyalarının inkişafı kino sənayesində də yeni imkanlar yaratmaqla yanaşı, yaradıcı peşələrin gələcəyi ilə bağlı suallar doğurur. Artıq bu texnologiyalar vasitəsilə ssenari yazmaq, obrazlar yaratmaq, səhnələri hazırlamaq və video görüntülər əldə etmək mümkündür. Bu yeniliklər film istehsalının xərclərini və müddətini azalda bilsə də, insan təxəyyülünün, yaradıcılığının və emosional yanaşmasının rolu müzakirə mövzusu olaraq qalır.
Süni intellektin kino sahəsində daha geniş tətbiqi ssenarist və rejissorların fəaliyyətinə necə təsir göstərəcək? Süni intellekt gələcəkdə ssenarist və rejissorları əvəz edə bilərmi, yoxsa yalnız onların işini asanlaşdıran vasitə olaraq qalacaq?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Azərbaycan Ssenaristlər Gildiyasının sədri, ssenarist Nicat Dadaşov bildirib ki, süni intellekti müəyyən məlumatların əldə edilməsini və araşdırma prosesini asanlaşdıran, bir növ konsultasiya vasitəsi kimi qəbul edirəm. Bu baxımdan onun kino sahəsində istifadəsinə qarşı deyiləm.

Onun sözlərinə görə, söhbət birbaşa yaradıcılıqdan, obrazların yaradılmasından, dramaturji həllərdən və rejissorun vizual yanaşmasından gedəndə fərqli düşünürəm: “Yəni niyə öz yaşadıqlarını, müşahidələrini, daxili dünyasını, onu narahat edən və düşündürən məsələləri özü ifadə etmək əvəzinə bunları süni intellektə həvalə etməlidir? Sənətçinin öz təcrübəsinə, düşüncəsinə və hisslərinə güvənməsi vacibdir. Əgər insanın daxilində danışmaq istədiyi bir mövzu varsa, onu öz baxış bucağından, öz dili ilə ifadə etməyə çalışmalıdır. Məncə, sənətin dəyəri də məhz buradan başlayır”.
Ssenarist qeyd edib ki, hər kəsin yaradıcılıq qabiliyyəti və peşəkarlıq səviyyəsi eyni deyil. Düşünürəm ki, süni intellekt bəzi hallarda insanın öz üzərində işləməkdən, axtarış aparmaqdan və peşəkar inkişafdan yayınmasına da şərait yarada bilər: “Onsuz da yaradıcılığa kifayət qədər əmək sərf etmək istəməyən insanlar bu texnologiyanın imkanlarından istifadə edərək daha az işləməyə meyilli ola bilərlər. Amma işini sevən, daim axtarışda olan və özünü inkişaf etdirmək istəyən insanlar üçün süni intellekt əlavə bir vasitəyə çevrilə bilər. Yəni bu texnologiya insanın işini asanlaşdıra da bilər, onu daha passiv vəziyyətə də sala bilər. Burada çox şey insanın özündən və texnologiyadan hansı məqsədlə istifadə etməsindən asılıdır. Eynşteynin bir sözü yadıma düşür: “İnsan bıçaqla çörək də kəsə bilər, adam da öldürə bilər”.
N.Dadaşov əlavə edib ki, süni intellektin ssenarist və rejissorları tam şəkildə əvəz edə biləcəyini düşünmür: “O, texniki imkanları genişləndirə, müəyyən prosesləri sürətləndirə və məlumat əldə etməyi asanlaşdıra bilər. Ancaq obraz yaratmaq, insanın daxili ziddiyyətlərini anlamaq, dramaturji qərarlar vermək və özünəməxsus rejissor baxışı formalaşdırmaq mənim üçün insanın yaradıcı təfəkkürünə bağlı məsələlərdir. Mən sənətdə insanın öz beyninin, düşüncəsinin və hisslərinin məhsulunu görmək istəyirəm. Süni intellekt köməkçi vasitə ola bilər, amma yaradıcılığın özünü ona həvalə etməyin tərəfdarı deyiləm”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər