Menu

Dərsliklərdə hansı müasir yazıçı və şairlər təmsil olunmalıdır? - Yazıçıdan AÇIQLAMA

24.10.2026, 10:12
Dərsliklərdə hansı müasir yazıçı və şairlər təmsil olunmalıdır? - Yazıçıdan AÇIQLAMA

Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə qələm sahiblərinin əsərləri məktəb dərsliklərinə daxil edilərək gənc nəslin ədəbi dünyagörüşünün formalaşmasına töhfə verib. Müstəqillik dövründə də özünəməxsus üslubu və yaradıcılığı ilə seçilən, ədəbi mühitdə imzasını təsdiqləyən müəlliflər yetişib. Bu baxımdan, müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərlərinin məktəb proqramlarında təmsil olunması və şagirdlərə tanıdılması məsələsi aktuallıq daşıyır. Bəs çağdaş yazıçı və şairlərin əsərləri dərsliklərə hansı meyarlar əsasında seçilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında tanınmış yazıçı Elçin Hüseynbəyli bildirib ki, klassik müəlliflərin əsərləri insanların ədəbi zövqünün formalaşmasında mühüm rol oynayır. Bununla belə, müasir ədəbiyyata da dərsliklərdə daha geniş yer ayrılmalıdır.

“Hamımız dərsliklərdəki əsərlərlə böyümüşük. Onlar yaddaşımızda dərin iz buraxıb, ədəbi zövqümüzün formalaşmasında ilkin rol oynayıb. Zaman keçsə də, həmin müəlliflər yaddaşımızdan silinmir. Düzdür, insan böyüdükcə, ədəbi zövqü formalaşdıqca daha geniş ədəbi mühitlə tanış olur, dünyagörüşü zənginləşir.

Mənim düşüncəmə görə, orta məktəb dərsliklərində klassik yazıçılar və onların əsərləri haqqında icmal xarakterli məqalələr verilməlidir. Nümunə hesab etdiyimiz əsərləri isə həcmindən asılı olaraq bütöv şəkildə və ya müəyyən parçalarla təqdim etmək olar. Çağdaş dövrün yazarlarına daha çox yer ayrılmalıdır. Çünki zaman dəyişir, hadisələr bir-birini əvəz edir, yeni ədəbi zövq formalaşır.

Keçmişdə ilişib qalmaq olmaz. Fayton, on iki taxta tuman, çuxa keçmişdə qaldığı, onları əvəz edən texnologiya və aksessuarlar dəyişdiyi kimi, əsrlər və ədəbiyyatın mövzuları da dəyişir. Yeni dərsliklərdə bu istiqamətdə cəhdlər var və mən onları alqışlayıram”, – deyə yazıçı qeyd edib.

Elçin Hüseynbəyli müasir müəlliflərin adlarını çəkməyə ehtiyac görmədiyini bildirib. Onun sözlərinə görə, dərslikləri hazırlayan şəxslər ədəbi prosesi daim izləyir və müəllifləri də buna uyğun seçməyə çalışırlar.

Yazıçı hesab edir ki, dərsliklərdə milli mövzuları əhatə edən, eyni zamanda bəşəri dəyərlərə söykənən əsərlərə üstünlük verilməlidir: "Tarixi yaddaş, Qarabağ müharibəsi, Azərbaycanın hər iki tayının ədəbi-mədəni irsi, ölkəmizin dünyadakı yeri və qarşıda duran çağırışlar kimi mövzular nəzərə alınmalıdır".

Oğuz Ayvaz

“AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol