Menu

İŞƏ DÜZƏLMƏK ÜÇÜN KİMİ TANIMAQ LAZIMDIR? - Tanışlıq amilinin görünməyən tərəfi

22.10.2026, 09:30
İŞƏ DÜZƏLMƏK ÜÇÜN KİMİ TANIMAQ LAZIMDIR? - Tanışlıq amilinin görünməyən tərəfi

Əmək bazarında işə qəbul zamanı namizədin peşəkar bilikləri və təcrübəsi ilə yanaşı, şəxsi əlaqələrinin də rol oynadığı iddia edilir. Bəzi işaxtaranlar uyğun vakansiyalara müraciət etsələr də, müsahibə mərhələsindən keçməkdə və işə düzəlməkdə çətinlik çəkirlər. Bu isə işə qəbul prosesində şəffaflıq, bərabər imkanlar və namizədlərin obyektiv qiymətləndirilməsi məsələlərini gündəmə gətirir.

Bəs Azərbaycanda işə qəbul zamanı peşəkarlıq nə dərəcədə həlledici amildir? İşə qəbul prosesində tanışlıq amili namizədin bilik və bacarıqlarından daha çox rol oynaya bilərmi? İşəgötürənlərin namizədləri obyektiv qiymətləndirməsi və bütün işaxtaranlar üçün bərabər imkanlar yaratması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, Azərbaycanda əmək bazarının əsas problemlərindən biri işə qəbul zamanı peşəkarlıqla şəxsi əlaqələrin rolunun bəzən bir-birini əvəz etməsidir.

Onun sözlərinə görə, normal əmək bazarında namizədin biliyi, bacarığı, təcrübəsi və konkret işi yerinə yetirmək qabiliyyəti əsas götürülməlidir: “Lakin işə qəbul prosesində şəxsi münasibətlər, tövsiyələr və qeyri-rəsmi əlaqələr üstünlük qazandıqda, daha hazırlıqlı namizədin kənarda qalması riski yaranır. Bu, yalnız bir şəxsin işsiz qalması problemi deyil, həm də ölkənin insan kapitalından səmərəli istifadə edilməməsi deməkdir”.

İqtisadçı qeyd edib ki, tanışlıq amilinin rolunu tamamilə inkar etmək düzgün olmaz: “Dünyanın bir çox ölkəsində işçilər tövsiyələr vasitəsilə iş tapırlar. Ancaq tövsiyə namizəd haqqında əlavə məlumat mənbəyi olmalıdır, onun peşəkarlığını yoxlamağın əvəzi yox. Əgər işəgötürən şəxsi əlaqəni bilik və bacarıqlardan üstün tutursa, bu zaman əmək bazarında sağlam rəqabət pozulur. İnsanlarda belə bir təsəvvür yaranır ki, uğur qazanmaq üçün yaxşı mütəxəssis olmaq kifayət etmir, həm də lazımi şəxsləri tanımaq lazımdır. Bu düşüncə xüsusilə gənclərin motivasiyasına və ölkədə qalaraq peşəkar inkişaf etmək istəyinə mənfi təsir göstərə bilər”.

Ekspert əlavə edib ki, işə qəbul zamanı namizədin müsahibədən keçməməsi avtomatik olaraq tanışlıq amilinin mövcudluğunu sübut etmir: “Bəzən namizədin təcrübəsi vakansiyanın tələblərinə uyğun gəlmir, bəzən müsahibə meyarları düzgün müəyyən edilmir, bəzən də işəgötürənin subyektiv yanaşması nəticəyə təsir edir. Məhz buna görə işə qəbul prosesinin şəffaflığı vacibdir. Namizəd hansı meyarlarla qiymətləndirildiyini, vakansiyanın hansı tələblərə əsaslandığını və seçim zamanı hansı peşəkar göstəricilərin nəzərə alındığını bilməlidir. Problemin həlli üçün işəgötürənlər əvvəlcədən müəyyən edilmiş qiymətləndirmə meyarları tətbiq etməli, müsahibə nəticələrini sənədləşdirməli, namizədlərin bilik və bacarıqlarını praktiki tapşırıqlarla yoxlamalıdırlar. Eyni vəzifəyə müraciət edən şəxslərə eyni əsas meyarlar tətbiq edilməli, maraqlar toqquşmasının qarşısını alan daxili qaydalar yaradılmalıdır. Dövlət sektorunda müsabiqə və qiymətləndirmə prosedurlarına ciddi əməl olunması, özəl sektorda isə şəffaf işə qəbul standartlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

A.İbrahimov sonda vurğulayıb ki, əmək bazarında əsas məqsəd sadəcə vakansiyanı doldurmaq deyil, həmin vəzifə üçün ən uyğun mütəxəssisi seçmək olmalıdır: “Çünki qeyri-peşəkar seçim müəssisənin məhsuldarlığını aşağı salır, əlavə xərclər yaradır və kollektivdə ədalət prinsipinə inamı zəiflədir. Peşəkar namizədin şəxsi əlaqələri olmadığına görə imkanlarını itirmədiyi, işəgötürənin isə qərarını əsaslandıra bildiyi əmək bazarı həm biznesin, həm də cəmiyyətin maraqlarına xidmət edir. Bərabər imkanlar yaratmaq yalnız sosial ədalət məsələsi deyil, iqtisadi səmərəlilik və rəqabət qabiliyyəti məsələsidi”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol