Son illər paytaxtın köçürülməsi məsələsi gündəmə gətirilir. Bunun həm Bakıdakı sıxlığı azaldacağı, həm də regionların inkişafına töhfə verəcəyi, eləcə də şəhərə insan axının qarşısını alacağı vurğulanır.
Bəs paytaxtın hansı şəhərlərə köçürülməsini daha doğru və adekvat yanaşma olar?. Bunun üçün hansı meyarlar əsas götürülməlidir?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, paytaxtın başqa şəhərə köçürülməsi məsələsi müzakirə edilərkən bir sıra mühüm amillər nəzərə alınmalıdır:
"Paytaxtın seçilməsi yalnız şəhərin böyüklüyü, dənizə və ya çaya yaxınlığı ilə müəyyənləşmir. Burada coğrafi mövqe, tarixi irs, iqtisadi imkanlar, nəqliyyat infrastrukturu, su ehtiyatları və ekoloji şərait də mühüm rol oynayır. Azərbaycanın qədim şəhərləri və tarixi paytaxtları olub. Naxçıvan, Bərdə, Gəncə və Şamaxı ölkəmizin tarixində mühüm yer tutan şəhərlər sırasındadır. Müxtəlif dövrlərdə bu şəhərlər siyasi və inzibati mərkəz funksiyasını yerinə yetirib. Şamaxı da uzun müddət mühüm siyasi mərkəz olub, Şirvanşahlar dövlətinin tarixində xüsusi yer tutub. Sonrakı dövrlərdə siyasi və tarixi proseslər nəticəsində paytaxtın yerləşdiyi məkan dəyişib. Paytaxtın müəyyənləşdirilməsində şəhərin coğrafi mövqeyi ilə yanaşı, iqtisadi və sənaye potensialı, əhalinin yaşayış şəraiti və şəhərin inkişaf imkanları da nəzərə alınmalıdır. Eyni zamanda, su ehtiyatlarının mövcudluğu və onlardan səmərəli istifadə imkanları xüsusi əhəmiyyət daşıyır. Məsələn, Kür çayının yaxınlığı müəyyən üstünlüklər yarada bilər. Gəncə ətrafındakı su mənbələri də şəhərin təminatı baxımından əhəmiyyətlidir. Eyni zamanda Ağdamın paytaxt olması ilə bağlı müəyyən fikirlər səsləndirilir. Bu, çox uyğun təklif ola bilər. Həm işğaldan azad edilən şəhər olması, həm də 200 minlik şəhərə çevrilməsinin planlaşdırılması bunu məqbul edir. Çünki 200-300 minlik şəhər paytaxt üçün tam uyğun ola bilər. Eyni zamanda düzən və dağlıq relyefi də buna imkan verir. Qarabağ kanalı isə Ağdamın su ehtiyatı ilə təminatını tam ödəyə bilər. Lakin su ehtiyatlarının mövcudluğu ilə yanaşı, onların keyfiyyəti, davamlılığı və təhlükəsiz istifadəsi də qiymətləndirilməlidir".
Ekspertin sözlərinə görə, digər mühüm məsələ şəhərlərin hava dövranıdır:
"Böyük şəhərlərdə havanın sərbəst hərəkəti, yaşıllıq sahələrinin qorunması və tikintilərin düzgün planlaşdırılması ekoloji tarazlıq üçün vacibdir. İstanbul və Tehran kimi böyük şəhərlərdə hava çirklənməsi və hava dövranı ilə bağlı problemlər bu məsələnin əhəmiyyətini göstərir. Buna görə də Bakı da daxil olmaqla, iri şəhərlərin inkişafında küləklərin istiqaməti, hava axınlarının hərəkəti və tikililərin yerləşməsi nəzərə alınmalıdır. Şəhərsalma zamanı ərazinin relyefi, təbii şəraiti, su təminatı və ekoloji xüsusiyyətləri kompleks şəkildə qiymətləndirilməlidir. Yeni yaşayış və inzibati ərazilərin planlaşdırılması zamanı əhalinin rahatlığı, infrastrukturun imkanları və uzunmüddətli inkişaf perspektivləri əsas götürülməlidir. Ümumilikdə, paytaxtın köçürülməsi kimi mühüm qərar yalnız bir və ya iki amilə əsaslanmamalıdır. Bunun üçün tarixi təcrübə, iqtisadi göstəricilər, coğrafi xüsusiyyətlər, ekoloji vəziyyət və gələcək inkişaf perspektivləri ətraflı araşdırılmalıdır".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər