Ermənistan 2027-ci il dövlət büdcəsində hərbi xərcləri 9,5 faiz artırır. Oktyabrın 1-də parlamentin müzakirəsinə çıxarılan və bəyənilən büdcə layihəsində hərbi xərclərin 53,4 milyard dram (147,9 milyon dollar) artaraq, 616 milyard drama (1,7 milyard dollar) çatdırılması nəzərdə tutulur. Bu, büdcənin təxminən 15,1 faizi deməkdir.
2025-ci ildə Ermənistanı baş naziri Nikol Paşinyan hərbi xərclərin artırılmayacağını, büdcənin daha çox sosial layihələrə ayrılacağını bildirmişdi və bunu həmin il Vaşinqtonda Azərbaycanla sülh sazişi layihəsinin paraflanması ilə izah etmişdi. Rəsmi İrəvanın mövqeyi belə idi ki, sülh prosesi sürətlə inşa edildiyi üçün hərbi xərclərə ehtiyac azalır. Bu qərarın nəticəsi olaraq, 2026-cı il dövlət büdcəsində hərbi xərclər 2025-ci illə müqayisədə 18 faiz azaldıldı: 664 milyard dramdan 563 milyard drama endirildi.
2027-ci ildə hərbi büdcənin artırılaraq, 1,7 milyard dollara çatdırılması planı U dönüşü hesab olunur və suallar yaradır.
- 2026-cı ildə hərbi xərclər sülh prosesində irəliləyişlərə istinadən azaldıldığı halda, indi nə dəyişib?
- Hərbi xərclərin artırılmasının axasında əsas niyyət nədir?
Hərbi büdcənin artırılması bir neçə amillə əsaslandırılır. Misal üçün, sərhədlərin mühafizə edilməsi, orduda islahatların dəstəklənməsi, döyüş qabiliyyətinin artırılması, hərbçilərin təchizatının yaxşılaşdırılması və s. Lakin əsas məqsəd hərbi arsenalının gücləndirilməsidir.
Ermənistan müdafiə naziri Suren Papikyan bu ilin aprelində bildirmişdi ki, qarşıdakı dövrdə hərbi-texniki əlaqələrin və silahlanmanın genişləndirilməsi ölkənin təhlükəsizlik arxitekturasının əsas istiqamətləridir. O, silahların alınmasında yeni tərəfdaşlarla əməkdaşlıq üzərində işlərin davam etdiyini də qeyd etmişdi.
Ermənistan silahlanmadakı mənbələri şaxələndirmək istiqamətində praktiki irəliləyiş əldə edib. Bu ilin 28 may tarixində İrəvanda keçirilən hərbi paradda baş nazir Nikol Paşinyan 7 ölkədən aldıqları silahların nümayiş etdirildiyini bildirmişdi. Ermənistan mediası isə silahların alındığı altı ölkənin adını tirajlayırdı: Hindistan, Rusiya, Çin, Fransa, Belçika və İran;
Yeddinci ölkə hansıdır?
Bu ilin 26 fevral tarixində Ermənistan Polşa ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayıb. Sentyabrın 11-də müqavilə Ermənistan hökuməti tərəfindən təsdiq edildi. Bu müqavilə ilə Polşa da Ermənistanın silahlanmasında iştirakçı ölkələr arasına rəsmən qoşulub. Əslində Varşavadan İrəvana silahların tədarükü 2025-ci ildən başlayıb. BMT-nin Adi Silahlar Reyetstrinə görə, Polşa Ermənistana 50 yarıavtomat tapança ixrac edib. Həmin ilin dekabrında Polaşa Milli Müdafiə İstehsalçılar Palatasının nümayəndə heyətinin İrəvana səfəri baş tutdu və Ermənistanın Müdafiə Nazirliyində, eləcə də Hərbi-Sənaye Komitəsində görüşlər keçirildi. Bu, iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla bağlı müqavilənin imzalanmasına hazırlıq məqsədi daşıyırdı.
Fevral ayında imzalanan, sentyabr ayında təsdiqlənən müqavilə özündə Polşanın Ermənistana daha genişmiqyaslı hərbi dəstəyini ehtiva edir.
- Polşa Ermənistan ordusunu PUA-lar, qoşunların idarəedilməsi sistemləri, rabitə, kəşfiyyat və məlumat mübadiləsi sistemləri, anti-PUA sistemləri, zirehli texniklar və kiçik silahlarla təchiz edəcək.
- Müdafiə sənayesi üzrə əməkdaşlıq genişləndiriləcək.
- Hərbi təhsil, təlim və təcrübə mübadiləsi həyata keçiriləcək.
Müqaviləyə görə, 2027-ci ilin 1 yanvar tarixindən etibarən Ermənistanda Polşanın hərbi attaşesi fəaliyyətə başlayacaq.
Ermənistanın müdafiə naziri Suren Papikyan may ayında Polşanın PUA sistemlərinin əsas istehsalçısı olan “WB Group/WB Electronics” şirkətini ziyarət edib. Sentyabr ayında isə Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Arsyanın rəhbərlik etdiyi nümayəndə heyəti Polşadakı “Advanced Protection Systems” (APS) şirkətində görüş keçirib. Bu şirkət PUA-lar əleyhinə sistemlərin istehsalını həyata keçirir.
Polşanın Ermənistanda SSRİ istehsalı olan hərbi texnikanın modernləşdirilməsində də iştirakı gözlənilir. İrəvan hava hücumundan müdafiə sistemlərini, tankları, PDM-lər və kəşfiyyat vasitələrini, helikopterləri və digər sovet istehsalı olan texnikanın modernləşdirilməsində Varşavanın dəstəyinə bel bağlayır. Ermənistan Polşadan ağır hərbi texnika, xüsusilə tanklar və qısa mənzilli HHM-lər də almağı planlaşdırır.
Polşa ilə əməkdaşlıq Ermənistan üçün Fransadan sonra, Avropada hərbi-texniki mənbələrini genişləndirməkdir. Fransa isə Ermənistanın hərbi arsenalının təchizatında əsas mənbə olaraq qalır.
Fransanın hamiliyi
Fransanın Ermənistanın silahlandırılmasında aktiv iştirakı 2023-cü ildən etibarən başlayıb. Paris bunu Rusiya ilə hərbi əməkdaşlığı məhdudlaşdıran Ermənistanda “boşalan yeri” tutmaq və Cənubi Qafqazda mövqelərini gücləndirmək, İrəvan isə hərbi təchizatını yeni mənbələr hesabına təmin etmək imkanı olaraq görür. İki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr 2022-ci ildə başlanmışdı. 2023-cü ilin noyabrında Fransanın “Bastion” zirehli avtomobillərinin Gürcüstanın Poti limanı gətirilərək, oradan Ermənistana göndərilməsi ilə Paris-İrəvan xəttində hərbi-texniki əməkdaşlıq praktiki müstəviyə keçdi. Həmin vaxt İrəvana 24 zirehli avtomobil verilmişdi, 2025-2026-cı illərdə isə əlavə 26 avtomobilin çatdırılması razılaşdırılıb. Məlumatlara görə, razılaşmanın icrası davam edir.
Bununla yanaşı, Fransanın Ermənistana “Ground Master-200” radarı, “Safran” şirkətinin istehsalı olan durbin və sensorlar, “Mistral” zenit-raket kompleksləri, hərbi geyimlər, eləcə də “Sezar” özüyeriyən artilleriya qurğuları və “Airbus H145M” tipli 6 döyüş helikopterinin tədarükünə dair razılaşmalar var. İndiyə qədər bu razılaşmaların bir qismi icra edilib, proses davam edir. Fransa hərbi texnologiyalar və müdafiə sistemləri sahəsində tədqiqatların aparılmasında da Ermənistana dəstək verir.
İrəvanın silah tədarükündə Hindistanın da payı əhəmiyyətli dərəcədə artıb. Məlumatlara görə, Hindistanın Ermənistana silah satmasında əsas lobbiçiliyi Fransa edir. Dehlinin İrəvana tədarük etdiyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanıb.
Ermənistanın Hindistandan aldığı silahlar:
- “Akash-1S” hava hücumundan müdafiə sistemləri.
- “Pinaka” reaktiv yaylım atəşi sistemləri (RYAS).
- ATAGS (Advanced Towed Artillery Gun System) və digər artilleriya sistemləri: 155 mm kalibrli yedəkli (ATAGS), eləcə də “MArG 155” və “Trayan” özüyerüyən artilleriya qurğuları.
- “Svati” əks-batareya radarları.
- Tank əleyhinə “Konkurs” raketləri, minaatanlar, müxtəlif döyüş sursatları və dron əleyhinə (ZADS/ZEN) sistemlər.
Ermənistan Hindistandan Su-30MKİ döyüş təyyarələri, həmçinin, “Akash-NG” sistemləri və “Pralay” taktiki raketləri almağı da planlaşdırır.
Ermənistan hərbi arsenalına Çin və İran istehsalı olan silahları da daxil edib. Hərbi paradda nümayiş etdirilməsi Çin istehsalı “CH-4” PUA-larının alındığını təsdiqləyir. İran istehsalı olan “Majid” hava hücumundan müdafiə sistemlərinin alındığı isə yalnız ehtimal olaraq var. Lakin İranın Ermənistanın silah aldığı 7 ölkə arasında yer aldığı məlumdur.
Azərbaycan diqqətlə izləyir
Hər bir ölkənin olduğu kimi, Ermənistanın da hərbi arsenalını gücləndirməsi, hərbi-texniki əməkdaşlığını şaxələndirməsi suveren hüququ kimi qiymətləndirilə bilər. Hərçənd, Bakı və İrəvan arasında yekun sülh sazişinin imzalanmadığı müddətdə Ermənistanın hərbi yönümlü addımlarının regionda sabitliyə hər zaman təhlükə yaratdığı reallığı da arxa plana keçmir. Təcrübə də təsdiq edir ki, Ermənistanın sülhə razılaşması istəkdən yox, məcburiyyətdən olub. Hətta 2020-ci il Vətən müharibəsindən sonra Bakının təşəbbüsü ilə başlanan sülh danışıqları İrəvan tərəfindən imitasiya edilirdi. Ermənistanda ümid edirdilər ki, Xankəndidəki separatçıların qalıqlarını qoruya və qondarma rejimi saxlaya biləcəklər. 2023-cü ilin 20 sentyabrında Azərbaycan anti-terror əməliyyatı ilə qondarma rejimi tamamilə aradan qaldırdı və suverenliyini bərpa etdi. Ermənistan yalnız bundan sonra real sülh danışıqlarına başladı. Bu kontekstdə Ermənistanın sürətlə silahlanması və hərbi büdcəsini artırması sülh prosesinə yanaşmasına dair şübhələr yaradır.
Rəsmi Bakı sülh prosesini irəliyə doğru aparmaqla yanaşı, İrəvanın silalanmasını da diqqətlə izləyir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında hərbi gücümüzün artırılması haqda dedikləri bu kontekstdə diqqət çəkir.
Dövlət başçısı bəyan etdi ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır: “Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq”.
Regionda davamlı sülhün təşəbbüskarı və memarı olan Azərbaycan eyni zamanda keçmişi də unutmur və yarana biləcək bütün situasiyalara hazırdır. Bu, yaşadığımız acı təcrübənin yaratdığı tələbdir.
Nəriman
AzPolitika.info


Şərhlər