Menu

BAKIDA TIXACLARI 40 FAİZ ARTIRAN GİZLİ SƏBƏB... – 15 dəqiqəlik yol niyə 2 saata çıxdı?

25.09.2026, 09:17
BAKIDA TIXACLARI 40 FAİZ ARTIRAN GİZLİ SƏBƏB... – 15 dəqiqəlik yol niyə 2 saata çıxdı?

Məlum olduğu kimi, Bakıda yeni dərs mövsümünün başlaması ilə birlikdə şəhərin onsuz da ağır olan nəqliyyat problemi daha da kəskin bir hal alıb. Xüsusilə səhər və axşam saatlarında paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitiəsi ilə hərəkət etmək mümkünsüzə çevrilib. Paytaxtın nəqliyyat sistemində xüsusi çəkisi olan metronun fəaliyyətinə avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində tətbiq olunan məhdudiyyətlər isə problemin miqyasını bir qədər də artırıb.

Xatırladaq ki, layihə çərçivəsində aparılan təmir işləri ilə əlaqədar “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Layihə üzrə işlərin təxminən 10-11 ay davam etməsi nəzərdə tutulur. Beləliklə, xüsusilə “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” və digər stansiyalar istiqamətində hərəkət edən sərnişinlər üçün marşrut dəyişib.


Sərnişinlərin bir hissəsi yolun müəyyən hissəsində metrodan, digər hissəsində isə avtobuslardan istifadə etməli olurlar. Bu isə metro ilə müqayisədə əlavə vaxt, eləcə də maliyyə itkisinə səbəb olur. Əvvəllər metro vasitəsilə 15-20 dəqiqəyə mənzil başına çatmağın mümkün olduğu nöqtələri indi sərnişinlər 1 saat, bəzən hətta 2 saata qət edə bilirlər.

"AzPolitika" bu konteksdə metronun Bakının nəqliyyat sistemindəki rolunu araşdırmağa çalışıb.

Qeyd edək ki, Bakı Metropoliteni hazırda 40,7 kilometr uzunluğunda 3 xətt və 27 stansiyadan ibarətdir. Ötən ilə aid statistik məlumatlar göstərir ki, 2025-ci ilin avqustunda iş günlərində metro stansiyalarına orta gündəlik giriş 528 min olduğu halda, sentyabrda bu rəqəm 732 minə yüksəlib. Yəni, dərs mövsümünün başlaması ilə birlikdə metroya tələb 38,5 faiz artıb. Bu artımın xüsusilə bəzi stansiyalarda daha kəskin olması diqqət çəkir. Məsələn, “Elmlər Akademiyası”nda sərnişin girişləri 109 faiz, “Cəfər Cabbarlı”da 99 faiz, “Gənclik”də isə 57 faiz artıb. Ən aşağı artım “Ulduz”da 18 faiz, “Koroğlu”da 24 faiz, “Sahil”də isə 25 faiz olub.

Cari ilə gəlincə, 2026-cı ilin yanvar-avqust dövründə metro sistemində sərnişin girişlərinin sayı təxminən 137 milyon olub. Müqayisə üçün əvvəlki dövrdə bu göstərici 143 milyon təşkil edib.

Maraqlı məqam odur ki, sərnişin axını stansiyalar arasında bərabər bölünmür. Sərnişin sayına görə ilk yerdə “Koroğlu” stansiyasıdır – 13 milyon. Ardınca “20 Yanvar” və “28 May” – hərəsində 11 milyon, “Nəriman Nərimanov” – 9,8 milyon, “Gənclik” – 9,6 milyon sərnişinlə gəlir.

Ən aşağı göstəricilər isə “Memar Əcəmi 2” – 289 min, “Bakmil” – 355 min, “Cəfər Cabbarlı” – 566 min, “Xocəsən” – 676 min və “Dərnəgül”də – 805 min qeydə alınıb.

2026-cı ilin ilk 8 ayında metro stansiyaları vasitəsilə bu qədər sərnişinə xismət göstərilib:

- Koroğlu — 13 milyon nəfər;

- 20 Yanvar — 11 milyon nəfər;

- 28 May — 11 milyon nəfər;

- Nəriman Nərimanov — 9,8 milyon nəfər;

- Gənclik — 9,6 milyon nəfər;

- Neftçilər — 8 milyon nəfər;

- Elmlər Akademiyası — 7,5 milyon nəfər;

- Əhmədli — 7 milyon nəfər;

- İnşaatçılar — 6,8 milyon nəfər;

- Sahil — 6,6 milyon nəfər;

- Xalqlar Dostluğu — 6 milyon nəfər;

- Memar Əcəmi (Yaşıl xətt) — 5,8 milyon nəfər;

- Qara Qarayev — 5,2 milyon nəfər;

- Azadlıq prospekti — 4,6 milyon nəfər;

- İçərişəhər — 4,3 milyon nəfər;

- Nizami — 4,1 milyon nəfər;

- Həzi Aslanov — 3,9 milyon nəfər;

- Şah İsmayıl Xətai — 3 milyon

- Avtovağzal — 2,8 milyon nəfər;

- Nəsimi — 2,1 milyon nəfər;

- Ulduz — 1,8 milyon nəfər;

- 8 Noyabr — 1 milyon nəfər;

- Dərnəgül — 805 min nəfər;

- Xocəsən — 676 min nəfər;

- Cəfər Cabbarlı — 566 min nəfər;

- Bakmil — 355 min nəfər;

- Memar Əcəmi (Bənövşəyi xətt) — 289 min nəfər.

Göründüyü kimi, metro Bakı üçün sadəcə alternativ nəqliyyat vasitəsi deyil, şəhərin sərnişin yükünün böyük hissəsini daşıyan əsas nəqliyyat sistemlərindən biridir. Xüsusilə tədris mövsümündə sərnişin axınının kəskin artması fonunda metroda yaranan hər hansı məhdudiyyət birbaşa yerüstü nəqliyyatın yükünün artmasına və şəhərdə hərəkətin daha da çətinləşməsinə səbəb olur.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol