Rusiyanın Kalininqrad vilayətinin mümkün blokadaya alınması ilə bağlı xəbərdarlığı Avropada təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib. Moskva belə bir ssenarinin həyata keçirilməsini fəlakətə aparan addım kimi qiymətləndirir və istənilən təhdidə cavab verməyə hazır olduğunu bildirir.
Bəs Kalininqradın blokadaya alınması hansı nəticələrə səbəb ola bilər? Rusiya bu halda hərbi müdaxiləyə əl ata bilərmi və Ryabkovun “fəlakətə aparan yol” xəbərdarlığının arxasında hansı mesaj dayanır?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Rusiya tərəfi əslində Avropaya təzyiqləri artırmaq məqsədilə Kalininqrad kartından istifadə etməyə çalışır: "Bunun əsas səbəblərindən biri Rusiyanın Litva ərazisindən keçməklə Belarusla Kalininqradı birləşdirən Suvalki dəhlizinə nəzarəti ələalmaq niyyəti ilə bağlıdır. Bu barədə Avropa və Qərb mediasında dəfələrlə məlumatlar yayılıb, müxtəlif iddialar irəli sürülüb. Kalininqrad Rusiya üçün olduqca mühüm strateji əhəmiyyətə malik bölgədir. Bu ərazi Avropaya nəzarət baxımından Moskvanın əsas hərbi-strateji plasdarmı rolunu oynayır. Qərb də şübhəsiz ki, Kalininqradın əhəmiyyətini yaxşı anlayır və bu amili nəzərə alır. Xatırladaq ki, İkinci Dünya müharibəsinin yekununda Almaniyadan alınan Köniqsberq vilayəti sonradan Kalininqrada çevrilərək Rusiyanın tərkibinə daxil edilib. Moskva bununla Qərbə mesaj verməyə çalışır ki, Kalininqrad onun üçün həyati strateji əhəmiyyət daşıyan bölgədir və bu məsələdə heç bir halda geri çəkilmək niyyətində deyil. Rusiya Kalininqradı qorumaq üçün bütün mümkün vasitələrə, hətta nüvə silahından istifadəyə qədər gedə biləcəyini nümayiş etdirməyə çalışır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamaları da məhz bu mesajı verməyə hesablanıb".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər