Menu

KREDİT BORCU MAAŞDAN VƏ PENSİYADAN TUTULA BİLƏR? - Hüquqi məqamlar açıqlandı

01.11.2026, 18:52
KREDİT BORCU MAAŞDAN VƏ PENSİYADAN TUTULA BİLƏR? - Hüquqi məqamlar açıqlandı

Kredit borclarının vaxtında ödənilməməsi vətəndaşlar üçün həm maliyyə, həm də hüquqi çətinliklər yarada bilər. İşsizlik, gəlirlərin azalması və yaşayış xərclərinin artması borcalanların ödəniş qabiliyyətinə mənfi təsir göstərir. Belə hallarda gecikdirilmiş ödənişlərə görə faiz və cərimələrin hesablanması, məhkəməyə müraciət edilməsi və borcun məcburi qaydada tutulması gündəmə gələ bilər. Bununla yanaşı, borcunu ödəyə bilməyən şəxslərin hüquqları və qanunvericiliklə müəyyən edilmiş məsuliyyət hədləri də diqqət çəkir.

Kredit borcunu ödəyə bilməyən vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir? Borcalan işsiz qaldıqda və ya gəliri borcunu ödəməyə çatmadıqda, bankla razılaşma əldə etmək və borcun ödənilməsini asanlaşdırmaq üçün hansı imkanlardan yararlana bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, borcunu ödəyə bilməyən şəxsin öhdəlikləri, bir qayda olaraq, onun əmlakı və gəlirləri hesabına icra oluna bilər.

Onun sözlərinə görə, borcun qaytarılması üçün girov qoyulmuş əmlaka, zəruri hallarda isə zaminin məsuliyyətinə müraciət edilə bilər: “Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan qaydada borclunun əməkhaqqından, pensiyasından və digər gəlirlərindən tutulmalar həyata keçirilə, onun adına olan əmlakın üzərinə tələb yönəldilə bilər. Borclunun mülkiyyətində torpaq sahəsi, avtomobil, bir neçə mənzil və ya başqa əmlak varsa, borcun tutulması prosesində həmin aktivlər də nəzərə alına bilər. Lakin şəxsin borcu ödəmək üçün əmlakı və gəliri yoxdursa, bu, özlüyündə onun əlavə məsuliyyətə cəlb olunması üçün əsas yaratmır”.

Ə.Həsənov vurğulayıb ki, bəzən borclulara kredit ödənişlərini edə bilmədikləri təqdirdə həbs olunacaqları ilə bağlı xəbərdarlıqlar edilir. Ancaq onun fikrincə, sırf borcun ödənilməməsinə görə şəxsin həbs olunacağı ilə hədələnməsi qanuni yanaşma deyil: “Borcun mövcudluğu ilə bağlı məsuliyyət məsələsi qanunvericiliyə uyğun həll edilməli, vətəndaşlara hüquqi əsas olmadan təzyiq göstərilməməlidir. Kredit borcunu ödəməkdə çətinlik çəkən şəxslər bankla razılığa gəlməyə çalışa bilərlər. Bank borclunun vəziyyətini nəzərə alaraq ödəniş müddətini uzada, borcun daha kiçik hissələrlə qaytarılmasına şərait yarada və ya müəyyən hallarda faizlər üzrə güzəşt tətbiq edə bilər. Bununla belə, belə güzəştlərin edilməsi bankın qərarından və tərəflərin razılığından asılıdır”.

Ekspert sonda əlavə edib ki, banklar adətən borclunun gələcəkdə ödəniş qabiliyyətinin olacağını gördükdə güzəştə getməyə daha çox meyilli olurlar: “Əgər şəxsin borcu qaytarmaq üçün real gəlir mənbəyi yoxdursa və gələcəkdə də ödəniş edə biləcəyi görünmürsə, bankın güzəştə getməsi ehtimalı azalır. Buna görə də borcalanlar yaranmış maliyyə çətinliyini gizlətmək əvəzinə bankla əlaqə saxlamalı, mövcud vəziyyəti izah etməli və ödəniş şərtlərinin dəyişdirilməsi imkanlarını müzakirə etməlidirlər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol