Menu

HANSI SAHƏLƏRDƏ MAAŞLAR YÜKSƏK OLACAQ? – Gələcəyin ən perspektivli peşələri

27.10.2026, 08:51
HANSI SAHƏLƏRDƏ MAAŞLAR YÜKSƏK OLACAQ? – Gələcəyin ən perspektivli peşələri

Azərbaycanda əmək bazarı qarşıdakı illərdə həm texnologiyanın sürətli inkişafı, həm iqtisadiyyatın rəqəmsallaşması, həm də yeni investisiya istiqamətlərinin təsiri ilə dəyişə bilər. Ekspertlərə görə, hazırda ticarət, maliyyə, tikinti və emal sənayesində iş imkanları daha geniş olsa da, data analitikası, süni intellekt, kibertəhlükəsizlik, logistika və yüksək ixtisas tələb edən mühəndislik sahələrinin bazardakı payı dəyişə bilər.

Belə bir şəraitdə isə əsas sual yalnız bu gün hansı peşələrə tələbatın yüksək olması deyil, qarşıdakı illərdə hansı bacarıqların iş tapmaq və gəliri artırmaq baxımından daha çox imkan yaradacağıdır.

"AzPolitika" əmək bazarında təqdim olunan vakansiyaların və maaş təkliflərinin statistik məcmusu əsasında bu mövzunu araşdırmağa çalışıb.

2025-ci ilə aid məlumatlara görə, Azərbaycanda ən çox vakansiya elan edilən sahələr arasında topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, eləcə də tikinti yer alıb. İş imkanlarının genişlənməsinə töhfə verən müəssisələr arasında banklar 8,2 faizlə ilk sırada qərarlaşıb. Tikinti-quraşdırma şirkətlərinin payı 6,9 faiz, otellərin 4,9 faiz, tədris və təlim müəssisələrinin isə 4,7 faiz təşkil edib.

Vəzifələr üzrə ən çox tələb olunanlar satış təmsilçiləri, mühasiblər, satınalma və təchizat mütəxəssisləridir. Müstəqil peşələr arasında sürücülərə, aşpazlara və elektrik ustalarına da tələbat yüksəkdir.

Azərbaycanda əməkhaqqı göstəriciləri arasında da ciddi fərqlər var. 2024-cü il üzrə təqdim edilən statistikaya əsasən, mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı dövlət sektorunda 2 357 manat, qeyri-dövlət sektorunda isə 4 191 manat olub. Maliyyə və sığorta fəaliyyətində bu göstəricilər müvafiq olaraq 3 345 və 2 537 manat təşkil edib. Müqayisə üçün, inzibati və yardımçı xidmətlərdə orta əməkhaqqı dövlət sektorunda 549 manat, qeyri-dövlət sektorunda isə 778 manat olub.

Gələcəkdə hansı peşələri seçmək daha məqsədəuyğundur?


Hazırda maliyyə və sığorta fəaliyyəti Azərbaycanda yüksək əməkhaqqı təklif edən sahələrdən biridir. Bankların vakansiya yaradan müəssisələr arasında ön sıralarda olması da bu sektorun əmək bazarındakı rolunun hansı səviyyədə olduğunu göstərir.

Lakin bank sektorunda gələcək imkanları yalnız kassir, kredit mütəxəssisi və müştəri xidmətləri əməkdaşı kimi vəzifələrlə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki maliyyə əməliyyatlarının rəqəmsallaşması və risklərin idarə edilməsinə artan diqqət yeni ixtisaslara tələbatı gücləndirə bilər. Xüsusilə risk analitikləri, fırıldaqçılıq hallarının aşkarlanması üzrə mütəxəssislər, çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə əməkdaşlar, data analitikləri və rəqəmsal məhsul mütəxəssisləri perspektivli istiqamətlər hesab olunur.

Digər tərəfdən, Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat əlaqələri və ticarət əməliyyatları logistika və təchizat zəncirinin idarə edilməsini iqtisadi baxımdan əhəmiyyətli istiqamətlərə çevirir. Bu sahədə də imkanlar yalnız sürücülər və anbar işçiləri ilə məhdudlaşmır. Satınalma mütəxəssisləri, logistika koordinatorları, təchizat zənciri analitikləri, gömrük əməliyyatları üzrə əməkdaşlar və anbar sistemlərinin idarə edilməsi üzrə mütəxəssislər də əmək bazarında yer tuta bilərlər.

Tikinti sektoru da qarşıdakı illərdə diqqət yetirilməli istiqamətlərdəndir. 2025-ci il üzrə məlumatlarda tikinti-quraşdırma şirkətləri iş imkanlarının genişlənməsinə töhfə verən müəssisələr arasında ikinci yerdə qərarlaşıb. Bu sahədə layihə mühəndisləri, elektrik mühəndisləri, smeta mütəxəssisləri, texniki nəzarətçilər, əməyin mühafizəsi və təhlükəsizlik üzrə mütəxəssislər, eləcə də layihə menecerlərinə ehtiyac yarana bilər.

Turizm və xidmət sektoru da çoxsaylı iş yerlərinin yarandığı istiqamətlərdəndir. Otellərin 2025-ci ildə vakansiya yaradan müəssisələr arasında 4,9 faiz paya malik olması bu sahədə iş imkanlarının əhəmiyyətini göstərir. Qarşıdakı illərdə otel əməkdaşları, aşpazlar, satış və rezervasiya mütəxəssisləri, tədbir təşkilatçıları və müştəri xidmətləri işçiləri üçün imkanlar yarana bilər.

Təhsil və səhiyyə əmək bazarının sosial əhəmiyyətli və geniş məşğulluq yaradan sahələridir. Bu istiqamətlərdə gələcək tələbat əhalinin ehtiyaclarından, dövlət və özəl sektorun investisiyalarından, eləcə də xidmətlərin təşkilindən asılı olacaq. Təhsildə müəllimlərlə yanaşı, xarici dil müəllimləri, peşə təhsili üzrə təlimçilər, təhsil texnologiyaları mütəxəssisləri və rəqəmsal tədris materialları hazırlayan şəxslər üçün imkanlar yarana bilər.

Bərpa olunan enerji və ekoloji layihələr də yaxın illər üçün diqqətəlayiq istiqamətlərdəndir. Bu sahənin inkişafı elektrik mühəndisləri, enerji sistemləri üzrə mütəxəssislər, ekoloji mühəndislər, layihə maliyyəçiləri və əməyin mühafizəsi üzrə ekspertlərə ehtiyac yarada bilər.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol