Azərbaycanda investisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlara təqdim edilən güzəştlər yeni investisiyaların cəlb olunması və məşğulluğun artırılması baxımından əhəmiyyət daşıyır. Sentyabrın 1-dək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. Bu layihələr üzrə ümumilikdə 9,3 milyard manat investisiya qoyuluşu və təxminən 47 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Mexanizmin 2029-cu ilədək uzadılması isə onun iqtisadi fəallığa və regionların inkişafına mümkün təsirlərini yenidən gündəmə gətirir.
Yaradılması nəzərdə tutulan 47 min iş yerinin əsasən hansı iqtisadi sahələri əhatə edəcəyi gözlənilir? Yeni iş yerlərinin regionlarda yaradılması yerli əhalinin məşğulluğuna və regional iqtisadi inkişafa necə təsir göstərə bilər?
Mövzu ilə bağlı İngiltərə Kral İqtisad Cəmiyyətinin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə “AzPolitika”ya açıqlamasında bildirib ki, iqtisadi inkişafın dayanıqlılığını təmin edən əsas amillərdən biri investisiyalardır.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında investisiyaların həcminin artırılması, xüsusilə də daxili investisiya imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır: “İnvestisiyaların artması istehsalın genişlənməsinə, yerli bazarın mal və xidmətlərlə təminatının yaxşılaşmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və idxaldan asılılığın azaldılmasına şərait yaradır. Bununla yanaşı, ixracın artması xarici ticarət balansına müsbət təsir göstərir və milli valyutanın dayanıqlılığını dəstəkləyir. İnvestisiyalar, eyni zamanda, yeni iş yerlərinin yaradılması və əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi baxımından da əhəmiyyətlidir”.
A.Əzimzadə investisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlar tərəfindən 9,03 milyard manat həcmində investisiya qoyuluşunu və 47 min yeni iş yerinin yaradılmasını mühüm göstəricilər kimi qiymətləndirib.

Bununla belə, o vurğulayıb ki, investisiyaların səmərəliliyini artırmaq üçün vəsaitlər, ilk növbədə, əlavə dəyər yaradan, yüksək texnoloji tutuma malik sahələrə və əsas kapitalın inkişafına yönəldilməlidir:“Hazırda dünyada altıncı texnoloji quruluş formalaşır. Bu mərhələnin aparıcı texnologiyalarını milli iqtisadiyyata tətbiq edə bilən ölkələr dayanıqlı iqtisadi inkişafa nail olmaq baxımından daha əlverişli mövqeyə malik olurlar. Çünki müasir texnologiyaların tətbiqi istehsal xərclərini azaldır, məhsuldarlığı artırır və iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verir”.
Ekspert hesab edir ki, investisiyaların real iqtisadiyyata, yüksək texnologiyalı istehsal sahələrinə və ənənəvi sektorlarda texnologiyaların tətbiqinə yönəldilməsi daha yüksək iqtisadi səmərə verə bilər. Bu yanaşma həm istehsalın genişlənməsinə, həm də məşğulluğun artmasına imkan yaradar.
Regionların iqtisadi inkişafına toxunan Aslan Əzimzadə sənaye sahəsində Bakı ilə digər iqtisadi rayonlar arasında müəyyən disproporsiyaların mövcud olduğunu bildirib:“Emal sənayesinin regionlarda inkişaf etdirilməsi bu fərqlərin azaldılmasına və ölkə üzrə daha balanslı iqtisadi strukturun formalaşmasına kömək edə bilər”.
İqtisadçı kənd təsərrüfatı sahəsində də regionların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb: “İqtisadi imkanları yüksək olan rayonlarda istehsalın mövcud potensiala uyğun genişləndirilməsi məqsədyönlü investisiyalar hesabına mümkün ola bilər”.
Aslan Əzimzadənin qənaətinə görə, investisiya siyasətində əsas prioritet vəsaitlərin real iqtisadiyyata və konkret layihələrə yönəldilməsi, həmin layihələrdə isə müasir texnologiyaların tətbiqinin nəzərə alınması olmalıdır: “Bu, həm iqtisadi artımın dayanıqlılığını gücləndirə, həm də regionların inkişafına və əhalinin məşğulluğunun artırılmasına töhfə verə bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər