Menu

ABŞ-yə KÖÇMƏK İSTƏYƏNLƏR ÜÇÜN YENİ İMKAN... - "Green Card”ın şərtləri və şanslar + ARAŞDIRMA

17.10.2026, 09:01
ABŞ-yə KÖÇMƏK İSTƏYƏNLƏR ÜÇÜN YENİ İMKAN... - "Green Card”ın şərtləri və şanslar + ARAŞDIRMA

Məlum olduğu kimi, ABŞ-də “Green Card” lotereyası üzrə qeydiyyatın başlanması ilə bağlı yeni qərar verilib. Federal hakim ABŞ Dövlət Departamentinə 2027-ci maliyyə ili üzrə proqramın qeydiyyatını oktyabrın 18-dən gec olmayaraq başlamağı və müraciət müddətini ən azı 30 gün açıq saxlamağı tapşırıb. 

Qərarda bildirilir ki, ABŞ-nin dövlət katibi Marko Rubionun üzərinə 2027-ci maliyyə ili üzrə Müxtəlif Millətlər üçün İmmiqrant Viza Proqramına (Diversity Visa – DV) qeydiyyatı oktyabrın 18-i gecəyarısına qədər başlamaq və qeydiyyat müddətini Dövlət Departamentinin rəsmi internet səhifəsində elan etmək öhdəliyi qoyulub.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Ağ Ev Providens şəhərindəki Braun Universitetində baş verən atışma hadisəsindən sonra “Green Card” lotereyası proqramını müvəqqəti dayandırmaq qərarı vermişdi. Həmin hadisəni törədən şəxsin ABŞ-yə bu viza proqramı vasitəsilə daxil olduğu bildirilirdi. Bununla yanaşı, ABŞ Dövlət Departamenti 2025-ci il dekabrın 23-dən Diversity Visa vizalarının verilməsini dayandırıb. Qərarın bütün DV müraciətçilərinə şamil edildiyi açıqlanıb. Müraciətlərin təqdim edilməsi və bəzi müsahibə prosedurlarının davam etdirilməsi mümkün olsa da, vizaların verilməsi dayandırılıb.

Məlumat üçün bildirək ki, ABŞ-də “Green Card” lotereyası kimi tanınan Diversity Visa proqramı hər il immiqrasiya səviyyəsi aşağı olan ölkələrin vətəndaşlarına məhdud sayda immiqrant vizası almaq imkanı yaradır. Proqram çərçivəsində seçilən şəxslər müəyyən şərtləri yerinə yetirdikdən və müvafiq prosedurlardan keçdikdən sonra ABŞ-də daimi yaşamaq hüququ əldə edə bilərlər.

Sözügedən proqrama ölkəmizdən də maraq olduqca böyükdür. ABŞ Dövlət Departamentinin son illərə aid rəsmi göstəricilərinə əsasən, lotereyada Azərbaycandan seçilənlərin sayı ildən-ilə dəyişib.

Belə ki, DV-2021 proqramında Azərbaycandan 1 439 nəfər, DV-2022-də 919 nəfər, DV-2023-də 1 260 nəfər, DV-2024-də 2 046 nəfər, DV-2025-də isə 1 730 nəfər seçilib.

Digər bəzi ölkələr üzrə qaliblərin sayı belə olub:

Ölkə

Seçilənlərin sayı

Özbəkistan5 564
Əlcəzair5 526
Rusiya5 519
Sudan5 505
Misir5 515
İran5 267
Türkiyə4 194
Mərakeş4 237
Əfqanıstan4 009
Ukrayna4 002
Qırğızıstan3 095
Tacikistan2 982
Ermənistan2 971
Türkmənistan2 010
Qazaxıstan2 004
Azərbaycan1 730
Albaniya1 598
Belarus1 577
Moldova1 413
Gürcüstan1 342
Polşa309
İtaliya263
İspaniya142
Fransa275
Almaniya479

“AzPolitika” bu mövzuda internet resursları üzərindən apardığı araşdırmada “Green Card”ın 2027-ci il üzrə proseduru ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışıb.

“Green Card” müraciəti rəsmən nə zaman başlayır?

ABŞ Dövlət Departamenti oktyabrın 29-dək qeydiyyat müddəti, rəsmi internet saytı və iştirak şərtləri barədə öz rəsmi saytında məlumat paylaşacaq. Daha sonra noyabrın 1-də müraciətlərin qəbulu başlayacaq və ən azı 30 gün davam edəcək. 

Dekabrın 3-də isə seçilən şəxslərə nəticələrlə bağlı bildiriş göndəriləcək. Qeyd etmək lazımdır ki, bu təqvim məhkəmənin ilkin qərarına əsaslanır. Yəni hökumət qərardan şikayət versə, təbii olaraq, müraciət müddəti uzana bilər. Buna görə dəqiq tarix, qeyd etdiyimiz kimi, ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasından sonra tam aydın olacaq.

“Green Card”a necə müraciət etmək olar?

Müraciətlər yalnız internet vasitəsilə, proqramın rəsmi saytı olan dvprogram.state.gov üzərindən elektron ərizənin doldurulması yolu ilə qəbul edilir. Kağız üzərində təqdim olunan müraciətlər, natamam ərizələr və qeydiyyat müddəti başa çatdıqdan sonra göndərilən müraciətlər qəbul edilmir. 

Ərizə göndərildikdən sonra ekranda müraciət edən şəxsin adına uyğun təsdiq nömrəsi (confirmation number) göstərilir. Bu nömrəni saxlamaq vacibdir, çünki nəticələri yalnız onun vasitəsilə öyrənmək mümkündür.

“Green Card” üçün müraciət ödənişlidirmi?

Əvvəlki illərdə lotereyada iştirak üçün ərizənin doldurulması ödənişsiz olub. Ödəniş yalnız seçimdən sonra müsahibəyə çağırılan şəxslərdən viza müraciəti mərhələsində alınıb. DV-2027 proqramı üzrə ödəniş qaydaları ilə bağlı dəqiq məlumatın ABŞ Dövlət Departamentinin oktyabrın 29-da elan edəcəyi şərtlərdə açıqlanacağı bildirilir. Bəzi iddialara görə, bu il müraciət edən şəxslərdən 1 dollar məbləğində vəsait tələb oluna bilər.

Ekspert: “Vətəndaşlar ödənişli vasitəçilərin və saxta elanların qurbanına çevrilməməlidirlər”

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərin Maarifləndirilməsi və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev “AzPolitika”ya bildirib ki, builki müraciət prosesi ilə bağlı gözlənilən dəyişikliklər və yeni tələblər bir çox iştirakçının diqqət mərkəzindədir: “Müraciət etməyi planlaşdıran şəxslərə tövsiyəm odur ki, yalnız ABŞ-nin rəsmi dövlət mənbələrində yayımlanan məlumatlara istinad etsinlər və yenilikləri diqqətlə izləsinlər. Qeyd etmək lazımdır ki, “Green Card” lotereyasında iştirak ABŞ-də daimi yaşamaq imkanı əldə etmək üçündür, lakin qalib olmaq avtomatik olaraq viza almaq demək deyil. Müraciət zamanı şəxsi məlumatların düzgün təqdim edilməsi, sənədlərin tələblərə uyğun hazırlanması və sonrakı mərhələlərin vaxtında yerinə yetirilməsi mühüm əhəmiyyət daşıyır”.

Ekspert xəbərdarlıq edib ki, vətəndaşlar həmçinin ödənişli vasitəçilərin və saxta elanların qurbanına çevrilməməli, qeydiyyatla bağlı şərtləri əvvəlcədən dəqiqləşdirməlidirlər: “Hesab edirəm ki, bu proqramda iştirak etmək istəyənlər üçün ən vacib məqam rəsmi məlumatlara əsaslanmaq, dəyişiklikləri düzgün anlamaq və tələsik qərarlardan çəkinməkdir. Rəsmi məlumatları ABŞ Dövlət Departamentinin rəsmi “Green Card” səhifəsindən əldə etmək daha məqsədəuyğundur”.

“Green Card” lotereyasında iştirak üçün hansı şərtlər var?

Lotereyada iştirak üçün iki əsas şərt var. Birincisi, müraciət edən şəxs proqramda iştirakına icazə verilən ölkədə doğulmalıdır. İkincisi isə təhsil və ya iş təcrübəsi tələbinə cavab verməlidir.

Namizədlər aşağıdakı şərtlərdən birini yerinə yetirməlidirlər:

-Ən azı orta məktəbi və ya ona bərabər təhsil müəssisəsini bitirmək;

-Yaxud son beş il ərzində ən azı iki illik təhsil və ya təcrübə tələb edən peşədə minimum iki il işləmək.

Seçilən şəxslər əlavə olaraq təhlükəsizlik yoxlamasından da keçməlidirlər.

Azərbaycan vətəndaşları “Green Card” lotereyasına müraciət edə bilərlərmi?

Proqramın iştirak şərtlərinə uyğun olduqları halda Azərbaycan vətəndaşları da müraciət edə bilərlər. Qeyd edək ki, son beş ildə ABŞ-yə 50 mindən çox immiqrant göndərən ölkələrin vətəndaşları proqramda iştirak edə bilmirlər. 

Məsələn, DV-2026 proqramında iştirakına icazə verilməyən ölkələr arasında Hindistan, Çin, Braziliya, Meksika, Pakistan və Nigeriya olub. DV-2027 proqramı üzrə iştirak edə biləcək ölkələrin yenilənmiş siyahısı da oktyabrın 29-da ABŞ Dövlət Departamenti tərəfindən açıqlanacaq.

“Green Card” üçün fotoşəkil tələbləri hansılardır?

Fotoşəkillə bağlı tələblər müraciətin etibarsız sayılmasına səbəb olan əsas məsələlərdən biridir. DV-2026 proqramının qaydalarına əsasən, fotoşəkil:

  • 600 × 600 piksel ölçüsündə olmalıdır;
  • Son altı ay ərzində çəkilməlidir;
  • Eynəksiz olmalıdır;
  • Üzərində dəyişiklik və ya redaktə aparılmamalıdır;
  • Müraciət formasında həyat yoldaşı və uşaqlar üçün də ayrıca fotoşəkillər əlavə edilməlidir.

Ən vacib qaydalardan biri budur ki, hər şəxs yalnız bir dəfə müraciət edə bilər. Eyni şəxs üçün birdən çox müraciət təqdim edildikdə bütün müraciətlər ləğv olunur.

“Green Card” lotereyasının nəticələri nə vaxt və necə öyrənilir?

Məhkəmənin müəyyən etdiyi təqvimə əsasən, seçilmiş şəxslərə 3 dekabr 2026-cı ildə bildiriş veriləcək. Nəticələri dvprogram.state.gov saytındakı “Entrant Status Check” bölməsindən təsdiq nömrəsini və tələb olunan şəxsi məlumatları daxil etməklə öyrənmək mümkün olacaq. ABŞ Dövlət Departamenti seçilmiş şəxslərə elektron poçt və ya məktub göndərmir.

“Green Card” qazanmaq ehtimalı nə qədərdir?

Qeyd edək ki, lotereyada seçilmək ehtimalı olduqca aşağıdır. Məsələn, DV-2026 proqramı üzrə 20 milyon 822 min 624 etibarlı müraciət qeydə alınıb. Həyat yoldaşları və uşaqlar da nəzərə alınmaqla, onlardan cəmi 129 min 516 nəfəri seçilib.

Bununla belə, proqram çərçivəsində verilə biləcək vizaların sayı 55 minlə məhdudlaşır. Buna görə də lotereyada seçilmək avtomatik olaraq viza almaq demək deyil.

“Green Card” lotereyasında qalib olanlar bundan sonra nə etməlidirlər?

Seçilmiş şəxslər DS-260 immiqrant viza ərizəsini doldurmalı, ailə vəziyyəti və digər məsələlərlə bağlı sənədləri toplamalı, tibbi müayinədən keçməli və konsulluq müsahibəsində iştirak etməlidirlər.

ABŞ-də qanuni şəkildə yaşayan şəxslər isə müvafiq şərtlər daxilində ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) statusun dəyişdirilməsi üçün müraciət edə bilərlər. Bütün proseslərin vizalar tükənməzdən əvvəl və ən gec 30 sentyabr 2027-ci ilədək başa çatdırılması tələb olunur.

E. Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol