Menu

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... - Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13.10.2026, 09:04
AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... - Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Azərbaycanda 9 beynəlxalq hava limanı olsa da, region aeroportlarının bir hissəsi məhdud sayda uçuşlarla fəaliyyət göstərir. Hazırda ölkənin əsas hava nəqliyyatı mərkəzi Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdır. 

Sərnişin axınının böyük hissəsi də məhz paytaxtın payına düşür. Regionlarda isə vəziyyət fərqlidir. Gəncə və Naxçıvan hava limanlarından istifadə olunsa da, Lənkəran, Qəbələ və Zaqatala kimi şəhərlərdəki aeroportlar demək olar ki, istifadəsiz qalıb. Məsələn, Lənkəran Hava Limanından yalnız Moskva istiqamətində reys həyata keçirilir.

2026-cı ilin ilk səkkiz ayına dair açıqlanan məlumatlar da sərnişin axınının əsasən üç aeroportda cəmləşdiyini göstərir. Yanvar–avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5,7 milyondan çox sərnişinə xidmət göstərib. Bunun 4,9 milyondan çoxu Bakının, 574 mini Naxçıvanın, 147 mini isə Gəncənin payına düşüb.


Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, 2023-cü ildə 5,85 milyondan çox sərnişinə xidmət göstərilib. Həmin il Naxçıvan Beynəlxalq Hava Limanında 744 min, Gəncə aeroportunda təxminən 220 min, Lənkəran aeroportunda isə 16 mindən çox sərnişin qeydə alınıb. Beləliklə, təkcə Bakı aeroportundakı sərnişin sayı həmin il Naxçıvan, Gəncə və Lənkəran aeroportlarının göstəricilərindən dəfələrlə çox olub. AZAL-ın 2024-cü il üzrə dayanıqlılıq hesabatında Gəncə Beynəlxalq Hava Limanının 223 351-dən çox sərnişinə xidmət göstərdiyi, Zaqatala aeroportunda isə 11 401 sərnişinin qeydə alındığı bildirilir.

Məsələnin diqqətçəkən tərəflərindən biri də maliyyə xərcləridir. Belə ki, hava limanının işlək vəziyyətdə saxlanması xərc tələb edir. Təhlükəsizlik, texniki xidmət, işıqlandırma, kommunal xidmətlər və işçi heyətinin əməkhaqqı kimi məsrəflər mövcuddur. Uçuşların və gəlirlərin az olduğu hallarda isə bu xərclərin qarşılanması daha ciddi problemə çevrilə bilər. Qeyri-rəsmi rəqəmlərə görə, hər il region hava limanlarının saxlanmasına təxminən 5 milyon manat xərclənir.

İqtisadçı Xalid Kərimli “AzPolitika”ya bildirib ki, əslində, Azərbaycanda bir çox hava limanı zərurət olmadan tikilib: “Azərbaycan kiçik ölkədir. Bu qədər hava limanına ehtiyac varmı? İlk növbədə, məsələyə bu sualdan yanaşmaq lazımdır. Zərurət əsaslandırılmadan, iqtisadi səmərəliliyi ciddi şəkildə təhlil edilmədən hava limanlarının tikilməsi düzgün deyil. Digər tərəfdən, hava limanlarından səmərəli istifadə üçün turizm inkişaf etdirilməlidir. Azərbaycana daha çox turist cəlb olunmalıdır. Turizm sahəsində Gürcüstan və Ermənistanla müqayisədə belə, görüləsi çox iş var. Ölkəyə turist axını artmalıdır ki, hava limanlarından istifadə də genişlənsin”.

Ekspert hesab edir ki, hava limanı layihələri həyata keçirilməzdən əvvəl ciddi təhlil edilməli və iqtisadi baxımdan əsaslandırılmalıdır. O bildirib: “İndi tikilibsə, bunu bir kənara qoyaq. Azərbaycanın ərazisi böyük deyil. Daxili səfərlər zamanı təyyarəyə minmək, hava limanına getmək, uçuşu gözləmək, sonra isə təyinat məntəqəsində yenidən avtomobilə minib gedəcəyin yerə çatmaq əlavə vaxt və xərc tələb edir. Bəzən 7–15 manat ödəyərək avtomobillə getmək daha sərfəli və rahat olur. Belə olan halda, ölkə daxilində təyyarə ilə səyahət etmək nə dərəcədə məqsədəuyğundur?”

Ekspert qeyd edib ki, daxili aviareyslərin səmərəli olması üçün ölkənin ərazisi kifayət qədər böyük olmalıdır: “Azərbaycan kimi kiçik ölkədə daxili uçuşların genişləndirilməsinin iqtisadi baxımdan nə dərəcədə əsaslı olduğu sual doğurur. Hava limanlarının tikilməsi onların mütləq səmərəli fəaliyyət göstərəcəyi demək deyil. Bu hava limanlarının işləməsi üçün ən yaxşı yollardan biri turizmin inkişaf etdirilməsidir. Bunun üçün kompleks tədbirlər görülməli, Azərbaycan turistlərin görmək, gəzmək və yenidən gəlmək istəyəcəkləri ölkəyə çevrilməlidir. Ölkədə turistlərin marağını cəlb edən məkanlar yaradılmalı, mövcud imkanlardan səmərəli istifadə edilməli və turizmin inkişafı üçün ardıcıl addımlar atılmalıdır”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol