Menu

"ƏN SƏMİMİ İSLAM MƏHZ DÜNYƏVİ CƏMİYYƏTDƏ OLUR..." - Fərhad Məmmədov

12.10.2026, 14:57
"ƏN SƏMİMİ İSLAM MƏHZ DÜNYƏVİ CƏMİYYƏTDƏ OLUR..." - Fərhad Məmmədov

"Azərbaycan dünyəvilik yolunu seçib və bu seçim dərk edilmiş, əsrlər boyu sınaqdan keçmiş və strateji xarakter daşıyan seçimdir. Dünyəvilik hər bir insanın müəyyən yaşa çatanda Allahla münasibətlərində şüurlu seçim etməsi üçün şərait yaradır".

"AzPolitika" xəbər verir ki, bunu tanınmış politoloq Fərhad Məmmədov son günlər cəmiyyətdə məktəb geyimləri və dini dəyərlərin siyasiləşdirilməsi cəhdlərinə münasibət bildirərkən yazıb.

Politoloq qeyd edib ki, "Ən səmimi İslam məhz dünyəvi cəmiyyətdə olur" tezisi tarixi təcrübəyə, müasir reallıqlara və İslamın mənəvi mahiyyətinə əsaslanır: "Tarixi təcrübə göstərir ki, Hz. Məhəmməd (s.a.s.) və dörd xəlifədən sonra İslam bəzən hökmdarlar tərəfindən dövlətin sərhədlərini genişləndirmək, xalqları tabe etmək və təsirini yaymaq məqsədilə istismar edilib. Tarixdə belə hallar çox olub, çünki dövlət maraqları dini öz xidmətinə tabe etdirib. Müasir şəraitdə isə İslam bəzən siyasi məqsədlər üçün istismar olunur".

F.Məmmədov Azərbaycanın məhz bu kontekstdə daimi hücumlara məruz qalan ölkələrdən biri olduğunu vurğulayıb: "Cənub qonşularımız firavan cəmiyyət təbliğatında özlərinə "deşik açıblar", halbuki özlərində bu firavanlığın nümunəsini heç cür göstərə bilmirlər...".

Politoloq bildirib ki, İslamda insanın Allahla münasibətləri tamamilə dünyəvi qaydalara uyğundur və Azərbaycan da məhz bu yolla öz həyat tərzini müəyyənləşdirib: "Bu yaş 18, 30, 45, 60, hətta ölüm ayağı ola bilər. Hər kəsin Allaha aparan yolu özünündür və hər kəs yalnız özü üçün Allah qarşısında cavabdehdir!"

Şərhdə məktəblərdə vahid geyim qaydaları ətrafında aparılan spekulyasiyalara da toxunulub: "Bu gün müəllimlər və şagirdlər üçün vahid məktəbli forması mövzusu siyasiləşdirilir. Halbuki bunun məqsədi məktəb təhsilinə yanaşmanın standartlaşdırılması və gənc nəsildə ədalət hissəsinin formalaşdırılmasıdır. Burada vətəndaşların gündəlik həyatının məhdudlaşdırılmasından əsər-əlamət yoxdur".

Müəllif xəbərdarlıq edib ki, dini dəyərlərlə oynamaq yolverilməzdir, çünki uşaqlar xarici dini təsirin istismar obyektinə çevrilə bilməz və artıq məqsədyönlü şəkildə belə təsirlər mövcuddur:  "Sosial şəbəkələrdə cəmiyyətimizə qarşı informasiya axımları və təxribatlarla məşğul olan yüzlərlə səhifə və profil yaradılıb. Azərbaycanda dünyəvilik kənardan gələn yarımtəhsil dini xadimlərin zorla sırıdığı deyil, məhz səmimi İslamı təmin edir. Azərbaycanda İslam hər bir insanın şüurlu seçimidir".

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol