Menu

ÇÖRƏYİN QİYMƏTİNDƏ ARTIM OLACAQ? - Buğda və unla bağlı vergi güzəştləri bitir

13.10.2026, 09:21
ÇÖRƏYİN QİYMƏTİNDƏ ARTIM OLACAQ? - Buğda və unla bağlı vergi güzəştləri bitir

Azərbaycanda buğda, un və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı güzəşt müddətinin başa çatması ərzaq bazarında qiymət dəyişiklikləri ehtimalını gündəmə gətirib. Güzəştin 2027-ci il yanvarın 1-dən sonra uzadılmaması un və çörək istehsalçılarının xərclərinə təsir göstərə bilər. Bu isə istehsal və satış zəncirində əlavə vergi yükünün yaranması, nəticədə çörəyin pərakəndə satış qiymətinin dəyişməsi ilə bağlı narahatlıqlar doğurur. İstehlakçıların gündəlik tələbatında mühüm yer tutan çörəyin qiymətinə mümkün təsirin miqyası isə qərarın hansı formada qəbul ediləcəyindən və bazar şəraitindən asılı olacaq.

ƏDV güzəşti uzadılmasa, gələn ildən çörəyin qiymətində nə qədər artım gözlənilə bilər və bu artım əsasən hansı amillərdən asılı olacaq? Güzəştin ləğvi çörəklə yanaşı, un və digər un məmulatlarının qiymətlərinə necə təsir göstərə bilər və bahalaşmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, buğdanın idxalına tətbiq olunan ƏDV və gömrük rüsumlarından azadolma tədbiri 2016-cı ildən qüvvədədir.

Ekspertin sözlərinə görə, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibə dünya bazarında buğdanın qiymətinin kəskin artmasına səbəb olub. Hər iki ölkənin dünyanın aparıcı taxıl ixracatçıları sırasında yer alması münaqişənin qlobal ərzaq bazarına təsirini daha da gücləndirib: “Xatırlayırsınızsa, həmin dövrdə Azərbaycanda da çörəyin qiymətində artım qeydə alındı. Söhbət əsasən zavod üsulu ilə istehsal olunan çörəkdən gedir. Onun qiyməti 5 qəpik artmışdı. Bir müddət sonra isə qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıtdı. Bu, dünya bazarındakı dəyişikliklərin ölkəmizə də təsir göstərdiyini ortaya qoydu”.

F.İbrahimov qeyd edib ki, buğda və taxıl Azərbaycanda strateji əhəmiyyətli məhsullar hesab olunur və onların qiymətinə təsir edən amillər hökumətin diqqət mərkəzindədir. Bu səbəbdən ekspert 2027-ci il yanvarın 1-dən buğdanın idxalına tətbiq olunan vergi güzəştlərinin ləğv ediləcəyini düşünmür. Əksinə, onun fikrincə, güzəştlərin müddəti uzadılacaq: “Yumurta və toyuq əti kimi bəzi yerli istehsal məhsullarının satışında da ƏDV tətbiq edilmir. Bununla belə, buğdanın idxalına vergi güzəştlərinin başa çatması və ƏDV-nin yenidən tətbiqi ehtimalını nəzərdən keçirərkən mümkün qiymət təsirlərini də nəzərə almaq lazımdır. Əgər ƏDV yenidən tətbiq olunarsa və bu, tam şəkildə qiymətlərə ötürülərsə, məhsulun maya dəyəri üzərinə əlavə vergi yükü düşə bilər. Standart 18 faizlik ƏDV dərəcəsi nəzərə alınarsa, bu, qiymətlərə ciddi təsir göstərə bilər. Lakin hesab edirəm ki, hökumət strateji əhəmiyyət daşıyan bu məhsulla bağlı güzəştləri uzadacaq”.

İqtisadçı vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi buğda tədarükü ilə bağlı riskləri aktual saxlayır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Ukraynadan daşımalarla bağlı logistik məhdudiyyətlər taxıl ticarətini çətinləşdirir: “Bununla yanaşı, Azərbaycanın idxal mənbələrini şaxələndirməsi, o cümlədən Qazaxıstandan tədarük imkanlarının genişlənməsi mümkün risklərin azaldılmasına xidmət edir. Azərbaycanın maliyyə imkanları və alternativ tədarük mexanizmlərindən istifadə etmək potensialı da qiymət sabitliyinin qorunmasına şərait yaradır. Hazırkı şəraitdə buğdanın qiymətində kəskin artım üçün ciddi əsas görmürüəm.

Vergi güzəştlərinin qüvvədə olma müddətinin başa çatması cəmiyyətdə ciddi narahatlıq yaratmamalıdır. Hesab edirəm ki, hökumət buğdanın idxalına tətbiq olunan ƏDV və gömrük rüsumlarından azadolma müddətini uzadacaq”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol