Menu

BU ŞƏXSLƏRİN KREDİT BORCU SİLİNƏ BİLƏR... - Qanunun tələbi və vətəndaşların bilmədiyi məqamlar

09.10.2026, 08:55
BU ŞƏXSLƏRİN KREDİT BORCU SİLİNƏ BİLƏR... - Qanunun tələbi və vətəndaşların bilmədiyi məqamlar

Kredit götürən vətəndaşları ən çox düşündürən məsələlərdən biri də borcun hansı hallarda silinə biləcəyi ilə bağlıdır. Bu gün xüsusilə maddi çətinliklə üzləşən şəxslər bank qarşısında yaranmış öhdəliklərinin hansı hüquqi əsaslarla aradan qaldırıla biləcəyində maraqlıdırlar. 

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində bank kreditlərinin avtomatik şəkildə bağışlanması ilə bağlı ümumi mexanizm yoxdur. Lakin müəyyən hallarda borcun tamamilə və ya qismən silinməsi də mümkündür.

Bəs maraqlıdır, bu hansı hallarda mümkün ola bilər? 

"AzPolitika" bu istiqamətdə müəyyən suallara aydınlıq gətirməyə çalışıb.

Sığorta varsa, borcu kim ödəyir?

Kredit götürülərkən borcalanın həyatının sığortalanması nəzərdə tutulubsa, müəyyən sığorta hadisələri zamanı kredit borcunun qalan hissəsi sığorta şirkəti tərəfindən ödənilə bilər. Məsələn, borcalanın vəfat etməsi və ya müqavilədə nəzərdə tutulan digər ağır hallar baş verdikdə sığorta şirkəti banka olan borcu ödəyir. Bu zaman həmin öhdəlik borcalanın ailə üzvlərinin üzərinə düşmür.

Borcalan vəfat etdikdə borc avtomatik silinmir

Sığorta olmadıqda isə vəziyyət fərqli olur. Borcalanın vəfat etməsi onun kredit borcunun avtomatik olaraq yox olması demək deyil. Borc, bir qayda olaraq, miras məsələsi çərçivəsində həll edilir. Varislər mirası qəbul etdikdə, borc da müəyyən hüquqi çərçivədə mirasla birlikdə onlara keçə bilər. Əgər şəxsin geridə qoyduğu əmlak yoxdursa və borcu tələb etmək üçün hüquqi əsas qalmırsa, bank üçün həmin vəsaitin geri qaytarılması faktiki olaraq mümkünsüzləşə bilər.

Bank özü də borcu bağışlaya bilər

Qanunvericilik banka müəyyən hallarda borclunu öhdəlikdən azad etmək imkanı verir. Lakin burada vacib məqam odur ki, bank borcu silməyə məcbur deyil. Məsələn, uzun müddət ödənilməyən kredit üzrə bank borcun geri qaytarılmasının artıq real olmadığını hesab edə bilər. Bu halda bank öz qərarı ilə borcun müəyyən hissəsini, məsələn, faiz və cərimələri bağışlaya və ya müəyyən hallarda borcu tamamilə silə bilər.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da "AzPolitika"ya borcun silinməsi ilə bağlı əsas məqamın onun bank üçün faktiki olaraq ümidsiz vəziyyətə düşməsi olduğunu bildirir.

Onun sözlərinə görə, bank borcu o zaman silə bilər ki, həmin vəsaitin geri qaytarılmasının artıq mümkün olmadığı qənaətinə gəlsin.

Ə. Həsənov qeyd edir ki, bunun ən geniş yayılmış nümunələrindən biri borcalanın vəfat etməsi, geridə heç bir əmlak qoymaması və borcu ödəyəcək şəxsin qalmamasıdır. Eyni vəziyyət müflis olmuş və maliyyə imkanları olmayan şirkətlərdə də yarana bilər.

Ekspertin fikrincə, belə hallarda bank müəyyən müddət gözlədikdən sonra borcun geri qaytarılmasının mümkün olmadığını nəzərə alaraq onu silə bilər. Lakin qanun bankı hər bir belə vəziyyətdə borcu silməyə məcbur etmir.

3 il keçdikdən sonra kredit borcu avtomatik silinə bilər?

Kredit borcları ilə bağlı ən çox yayılan fikirlərdən biri də “3 il keçdikdən sonra borc avtomatik silinir” iddiasıdır. Əslində, bu o qədər də sadə deyil. Belə ki, müqavilə öhdəlikləri üzrə ümumi iddia müddətinin 3 il olması müəyyən hallarda borcun məhkəmə yolu ilə tələb edilməsinə təsir göstərə bilər. Lakin müddətin keçməsi kredit borcunun avtomatik olaraq ləğv edilməsi demək deyil. Banklar yalnız uzun müddət ərzində geri qaytarılması mümkün olmayan kreditləri mühasibatlıq baxımından “ümidsiz borc” kimi təsnifləşdirə və balansdan çıxara bilərlər.

Dövlət hansı hallarda kredit borcunu ödəyə bilər?

Bəzi xüsusi hallarda isə kredit borclarının dövlət hesabına və ya müəyyən sosial proqramlar çərçivəsində bağlanması mümkündür. Bunun üçün ayrıca fərman, qanun və ya dövlət proqramı olmalıdır. Belə mexanizmlər müəyyən sosial kateqoriyalara, o cümlədən şəhid ailələri və müharibə ilə əlaqədar xüsusi statusa malik şəxslərə tətbiq edilə bilər.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol