Menu

MƏKTƏBLƏRİN MALİYYƏLƏŞMƏSİ DƏYİŞİR – Bu, uşaqların təhsilinə necə təsir edəcək?

09.10.2026, 09:14
MƏKTƏBLƏRİN MALİYYƏLƏŞMƏSİ DƏYİŞİR – Bu, uşaqların təhsilinə necə təsir edəcək?

Azərbaycanda 2026-2027-ci tədris ilindən etibarən 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə modelinin tətbiqi nəzərdə tutulur. Yeni sistemdə məktəblərə ayrılan vəsaitin şagird sayı və təhsil ehtiyacları əsasında müəyyənləşdirilməsi planlaşdırılır. Bu yanaşmanın məktəblərin maliyyə idarəçiliyinə və büdcədən istifadəsinə təsir edəcəyi gözlənilir. Xüsusilə azsaylı şagird kontingenti olan məktəblərin maliyyələşdirilməsi və vəsaitlərə nəzarət məsələsi diqqət çəkir.

Yeni maliyyələşmə modeli məktəblər arasında vəsaitlərin daha ədalətli bölüşdürülməsini təmin edə biləcəkmi? Adambaşı maliyyələşmə məktəblərdə təhsilin keyfiyyətinə və idarəetmənin səmərəliliyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, adambaşı maliyyələşmə modelinin tətbiqi məktəblərin maliyyə idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılmasına imkan verə bilər.

Onun sözlərinə görə, bu yanaşma çərçivəsində ayrılan vəsaitin şagirdlərin sayı və onların təhsil ehtiyacları ilə əlaqəsi daha aydın görünəcək.

Bununla belə, onun fikrincə, maliyyələşmənin yalnız şagird sayına əsasən müəyyənləşdirilməsi bütün məktəblər üçün ədalətli nəticə verməyə bilər.


Ş.Qoca xüsusilə azsaylı şagird kontingentinə malik və ucqar ərazilərdə yerləşən məktəblərin vəziyyətinə diqqət çəkib: “Belə təhsil müəssisələrində şagird sayının az olmasına baxmayaraq, müəllimlərin əməkhaqqı, məktəbin istiliklə təmin olunması, kommunal xidmətlər və digər sabit xərclər davam edir. Bu səbəbdən həmin xərclərin ayrıca nəzərə alınmaması kiçik məktəbləri maliyyə baxımından əlverişsiz vəziyyətə sala bilər”.

Ekspert hesab edir ki, yeni maliyyələşmə sisteminin səmərəli işləməsi üçün məktəblərin real xərcləri ilə yanaşı, şagirdlərin ehtiyacları və təhsil səviyyəsi də nəzərə alınmalıdır: “Bu məqsədlə fərqləndirici əmsalların tətbiqi daha ədalətli maliyyələşmə mexanizminin formalaşdırılmasına kömək edə bilər. Belə olduqda vəsaitlərin məktəblər arasında daha əsaslandırılmış şəkildə bölüşdürülməsi və məktəb rəhbərlərinin ayrılmış maliyyədən daha səmərəli istifadə etməsi mümkün ola bilər.

Adambaşı maliyyələşmənin təhsilin keyfiyyətinə təsiri isə yalnız məktəblərə ayrılan vəsaitin həcmi ilə ölçülməməlidir. Burada əsas məsələ həmin maliyyənin hansı istiqamətlərə yönəldilməsidir. Vəsaitlərin müəllimlərin peşəkar inkişafına, tədris resurslarının yenilənməsinə, texnologiyaların tətbiqinə və şagirdlərin fərdi ehtiyaclarının qarşılanmasına yönəldilməsi təhsilin keyfiyyətinə daha ciddi təsir göstərə bilər”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol