İşsizliyin yaratdığı maddi çətinliklər vətəndaşların yalnız gəlir imkanlarını deyil, gündəlik yaşayış şəraitini və ailələrin sosial təminatını da birbaşa təsirləndirir. Azərbaycanda işsiz şəxslərin qeydiyyata alınması, münasib iş təkliflərindən imtina zamanı tətbiq olunan məhdudiyyətlər və sosial ödənişlərin şərtləri müzakirə doğurur. Xüsusilə uzun müddət iş tapa bilməyən, gəlir mənbəyi olmayan və azyaşlı uşaqları olan ailələrin dövlət dəstəyinə çıxışı ciddi əhəmiyyət daşıyır.
İşsiz şəxslər üçün sosial müavinətlərin və dövlət dəstəyinin genişləndirilməsinə ehtiyac varmı? Gəliri olmayan ailələrin sosial yardıma çıxışını asanlaşdırmaq üçün hansı dəyişikliklər edilməlidir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli bildirib ki, işsiz vətəndaşların sadəcə qeydiyyata alınması və onların statistikasının aparılması sosial müdafiə sisteminin əsas məqsədi olmamalıdır.
Onun sözlərinə görə, vətəndaşların işsiz statusu ilə yanaşı, sosial baxımdan ədalətli dövlət dəstəyi ilə təmin olunması da sosial təminat sisteminin mühüm tərkib hissəsinə çevrilməlidir: “Hazırda vətəndaşlar DOST mərkəzləri vasitəsilə əmək bazarına yönləndirilirlər. Əgər şəxs beş iş günü ərzində işlə təmin olunmursa, işsiz kimi qeydiyyata alınır və müvafiq şərtlərə uyğun gəldiyi halda işsizlikdən sığorta ödənişi ala bilir. Bununla belə, dövlətin bu sahədə siyasəti daha çevik və əhatəli olmalıdır”.

İ.Hüseynlinin fikrincə, ilk növbədə uzun müddət işsiz qalan şəxslər üçün ayrıca sosial dəstək mexanizmi hazırlanmalıdır. Eyni zamanda, azyaşlı uşaqları olan ailələrə əlavə ödənişlərin və sosial yardım imkanlarının yaradılması vacibdir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi proseduru da sadələşdirilməlidir: “Bu sahədə kifayət qədər mürəkkəb mexanizm formalaşıb. Bu il üçün ehtiyac meyarı Milli Məclis tərəfindən 300 manat müəyyən edilib. Ötən il isə bu göstərici 280 manat idi. Beləliklə, dörd nəfərlik ailə üçün ehtiyac meyarlarının ümumi məbləği 1200 manat təşkil edir. Əgər ailənin ümumi gəliri bu məbləğdən aşağıdırsa, yaranan fərq qədər ünvanlı dövlət sosial yardımı təyin oluna bilər. Hesab edirəm ki, bu proses daha ədalətli, sadə və çevik mexanizm əsasında həyata keçirilməlidir”.
Ekspert vurğulayıb ki, insanların sosial müdafiəsi ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi də dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır. Sosialyönümlü dövlətlərdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əmək bazarına çıxış imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır: “Sosial dəstək mexanizmlərindən sui-istifadə hallarının qarşısını almaq üçün vətəndaşların da üzərinə müəyyən məsuliyyət qoyulmalıdır. Dövlətin sosial siyasətindən yararlanmaq insanlarda əmək bazarından uzaqlaşmaq və passiv həyat tərzi formalaşdırmaq meyli yaratmamalıdır. Vətəndaşlar yenidən əmək bazarına qayıtmağa çalışmalı, daim iş axtarmalı və sosial dəstək aldıqları müddətdə də məşğulluq imkanlarını dəyərləndirməlidirlər. Ünvanlı sosial yardım insanları passivliyə sövq etməməli, əksinə, onların müəyyən müddət ərzində ailələrini dolandırmaq üçün iş tapana qədər sosial müdafiəsini təmin etməlidir.
Bu baxımdan, sosial dəstək qarşılıqlı məsuliyyət prinsipi əsasında qurulmalıdır. Dövlət vətəndaşa zəruri yardımı göstərməli, vətəndaş isə əmək qabiliyyəti və imkanları daxilində iş axtarışını davam etdirməli, əmək bazarına qayıtmaq üçün səy göstərməlidir”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər