Menu

İranın növbəti hədəfi hansı ölkə olacaq? - Yaxın Şərqdə müharibə böyüyür

21.11.2026, 15:36
İranın növbəti hədəfi hansı ölkə olacaq? - Yaxın Şərqdə müharibə böyüyür

Yaxın Şərqdə hərbi qarşıdurma yeni mərhələyə qədəm qoyur. Səudiyyə Ərəbistanının maliyyə mərkəzinin hədəfə alınması, husilərin hücumları və region ölkələrinə yönələn hərbi təhdidlər münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalını artırır. Xüsusilə, Körfəz ölkələrinin təhlükəsizliyi, enerji infrastrukturu və beynəlxalq ticarət marşrutlarının risk altına düşməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Husilərin prosesə fəal şəkildə qoşulması isə İranın regiondakı təsir imkanları və Yaxın Şərqdə güc balansı ilə bağlı sualları yenidən gündəmə gətirir. 

Bəs qarşıdurmanın genişlənməsinin arxasında hansı geosiyasi hesablamalar dayanır? Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrini hansı təhlükələr gözləyir? Region genişmiqyaslı müharibəyə doğru gedir?

Mövzunu "AzPolitika"ya şərh edən politoloq Əli Mustafa bildirib ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı ciddi hərbi əməliyyatlar aparır, aviasiya zərbələri ilə onların mövqelərini zəiflətməyə çalışır:

"Lakin husilər olduqca sərt müqavimət göstərirlər. Onlar artıq Bab əl-Məndəb boğazı ətrafında möhkəmləniblər və hazırda Yəmən hökumət qüvvələrinin nəzarətində olan şəhərlərə doğru irəliləməyi planlaşdırırlar. Artan gərginlik səbəbindən çox sayda insan öz yurdundan didərgin düşür, bir neçə şəhər isə ciddi təhlükə altındadır. Ehtimal ki, husilər bu istiqamətdə hücumlarını davam etdirərək Yəməni bütövlükdə nəzarətə götürməyə çalışacaqlar. Əlbəttə, bu ssenari nə Səudiyyə Ərəbistanının, nə də digər regional güclərin maraqlarına uyğundur.

Hazırda husilər Səudiyyə Ərəbistanının şərqindəki neft emalı zavodlarını, neft kəmərlərini, hava limanlarını, eləcə də əsas ticarət və maliyyə mərkəzlərini hədəfə alırlar. Bu vəziyyət Məkkə sazişinin üzvü olan dövlətləri də hərəkətə gətirib. Türkiyə və Pakistan bu məsələ ilə bağlı mövqelərini ortaya qoyublar. Səudiyyənin təhlükəsizliyi onlar üçün də strateji əhəmiyyət daşıyır və mövcud gərginlik Türkiyə ilə Pakistanı Ər-Riyad üçün daha da vacib tərəfdaşlara çevirir".

Politoloqun sözlərinə görə, eyni zamanda İran da proseslərdən kənarda qalmır, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını hədəf alır, Hörmüz boğazından keçən neft tankerlərinə hücumlar təşkil edir:

"Baxmayaraq ki, ABŞ tərəfi bəzən fərqli məlumatlar yayır, reallıq budur ki, İranın raketləri və dronları icazəsiz keçən, milyonlarla barel neft daşıyan tankerləri istənilən vaxt vura bilir. Hətta gəmilərin minalara toxunması ilə bağlı ziddiyyətli məlumatlar yayılsa da, boğazdakı təhlükə göz qabağındadır.

Beləliklə, həm Bab əl-Məndəb, həm də Hörmüz boğazı İran və onun dəstəklədiyi husilərin nəzarət imkanları daxilindədir. Dünyanın ən mühüm ticarət yollarında yaranan bu gərginlik qlobal səviyyədə ciddi böhran yaradır. Hind okeanından gəlib Süveyş kanalından keçən ticarət marşrutunun təhlükə altına düşməsi və kanaldan keçidlərin azalması Misirin maliyyə vəziyyətini ağırlaşdırır. Bütövlükdə isə dünya iqtisadiyyatını addım-addım dərin böhrana sürükləyir.

Münaqişənin bütün Körfəz bölgəsinə yayılma riski qalmaqdadır. İranın son bəyanatları müəyyən gərginliyin azalmasına işarə etsə də, bu, Tehranın dayanacağı anlamına gəlmir. İran hətta ABŞ-ın birbaşa hücumu olmadan belə Körfəz ölkələrinə qarşı addımlar ata bilər. Əgər Tehran bölgədə gərginliyi artırmaqda maraqlı olarsa, husilərlə koordinasiyanı daha da gücləndirəcək və biz onların daha sərt hücumlarının şahidi olacağıq. Bütün bu proseslər göstərir ki, məsələ təkcə Yəmən hökuməti, Səudiyyə Ərəbistanı və ya husilərlə məhdudlaşmır. Arxa planda ABŞ, Rusiya və Böyük Britaniya kimi böyük güclərin maraq savaşı gedir. Xatırlayırıq ki, müəyyən məqamlarda Avropa ölkələri və Britaniya bu məsələdə gözlənilən dəstəyi vermədilər. Yəni bölgədəki qüvvələrin arxasında yalnız İranın deyil, daha böyük qlobal oyunçuların dayandığını düşünənlər də az deyil. Sanki hansısa böyük güc addım-addım dünyada iqtisadi və ticarət böhranlarını dərinləşdirməyə çalışır. Nəticə etibarilə, bu gün Körfəz ölkələrinin hamısı ciddi təhlükəsizlik problemi və qeyri-müəyyənliklə üz-üzədir. Əvvəllər bu bölgədə daha təmkinli və dayanıqlı siyasət hökm sürürdüsə, indi təhlükəsizlik mühiti son dərəcə ağırlaşıb. Bütün bu gedişat dünyanı böyük bir qarşıdurmaya və bəlkə də qlobal bir savaşa doğru aparır".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol